Böyük Britaniya şahzadəsi Uilyamın bu gün keçirilən toy mərasiminə Azərbaycandan heç kim dəvət edilməyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Modern.az-a deyib. “Nazirlik xətti ilə hər hansı bir dəvətnamə almamışıq”-deyə E.Poluxov bildirib. Qeyd edək ki, bu gün keçiriləcək toya dünyanın 50 ölkəsindən qonaq dəvət edilib.
Uilyam və Keyt Middletonun toyu maliyyə baxımından ən nəhəng toy hesab edilir. Bu sahədə ixtisaslaşmış Raut portalının məlumatına görə, “əsrin toyuna” 34 milyon dollar xərclənir. Bu tarixdə ən bahalı toy hesab edilir.
Pulun 32 milyonu toyun təhlükəsizliyinin təminatına xərclənib. Nişan üzüyünün qiyməti isə 11 min dollardır. Bukinqem sarayında qəbul 600 min dollara başa gələcək. Gəlinin toy paltarı isə 434 min dollar qiymətindədir. Toy tortuna isə şahzadə 80 min dollar verib. Toy dəvətnamələri də az xərc aparmayıb. Dəvətnamədə bütün sözlər qızılla həkk edilib.
Toya 2 min qonaq dəvət edilib. Onların arasında 50 ölkənin lideri var. 600 min adam London küçələrində toyu seyr edəcək. Artıq nikahın kəsiləcəyi Vesminster abbatlığına gedən bütün yollar insanlar tərəfindən tutulub. Toy mərasimi birbaşa efirlə 10-dan artıq dövlətin telekanalı ilə yayımlanacaq. Bütövlükdə toy mərasimini 2 milyard adam izləyə biləcək.
Azərbaycan siyasi rəhbərliyinin Bukingem sarayı ilə isti əlaqələri olsa da, nədənsə rəsmi Bakı toya dəvətlilər siyahısına salınmayıb.
Modern.az