Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Hava Limanına ictimai nəqliyyatın işləməməsinin səbəblərinə aydınlıq gətirilməsilə bağlı Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədova müraciət ünvanlayıb.
Modern.az-ın məlumatına görə, müraciətdə deyilir: "Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada hava limanına ictimai nəqliyyat işləmir. Yaranmış vəziyyət sadə vətəndaşların hava limanına gediş-gəlişi üçün ciddi problemlər yaradır və ailə büdcələrinə ziyan vurur. Hava limanına ictimai nəqliyyatın işləməməsindən ən çox ziyan çəkən insanlar isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının sakinləridir. Hava limanından şəhər mərkəzinə və geriyə ictimai nəqliyyatın işləməməsi ölkənin əsas ərazisilə, xüsusilə də paytaxt Bakı ilə əsasən hava yolu vasitəsilə əlaqə yarada bilən Muxtar Respublikanın sakinlərini əlavə problemlərlə qarşı-qarşıya qoyur. Bununla bağlı ölkə parlamentində bir neçə dəfə məsələ qaldırılsa da, təəssüf ki, problem hələ də öz köklü həllini tapmayıb.
Hörmətli cənab nazir!
Vətəndaşların haqlı narazılıqlarını nəzərə alaraq, hava limanına ictimai nəqliyyatın hansı səbəblərdən işləməməsinə aydınlıq gətirməyinizi və bu problemin həlli istiqamətində atılan addımlar barədə ictimaiyyəti məlumatlandırmağınızı xahiş edirəm".
Modern.az