Ölkədə ali təhsil diplomu gəzdirmək qəribə bir dəbə çevrilir
Son illər Azərbaycanda ali təhsilə maraq xeyli artıb. Orta məktəbi bitirənlərin demək olar ki, əksəriyyəti ali təhsil almaq üçün sənəd vermək istəyir, elə çoxu da tələbə adı qazanır. Ancaq universitetləri bitirən tələbələrin əksəriyyəti öz oxuduqları sahələr üzrə işləmirlər.
Ali təhsilli olmaq insanlarda sanki dəbə çevrilib. Hər bir valideyin çalışır ki, övladı ali təhsilli olsun. Təbii ki, vəziyyət belə olduqda peşə-texniki məktəblərinə də həvəs azalır. Qərbdə, Avropa ölkələrində, Amerikada isə bizim əksimizə, gənclərin çoxu peşə məktəblərində oxuyur və öz sahələri üzrə də işləyirlər. Universitetlərdə isə bilikli və oxuduğu sahədə işləyə biləcək yetənəklərə sahib olanlar oxuyurlar. Bunun bizdə əksinə olmasının bir səbəbi də texniki peşə məktəblərdə maddi-texniki bazanın zəif olmasıdır. Bununla insanlar istəmir ki, orda təhsil alsınlar.
Ölkə əhalisinin 2.9 milyon nəfərini təşkil edən gənclərin təhsilə marağının artdığı Statistika Komitəsinin açıqlamasında da öz təsdiqini tapır. Belə ki, 2010/2011-ci tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 140 min nəfər olan 36 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Modern.az saytının əməkdaşı məsələyə ekspert rəyi öyrənmək üçün “XX1əsr Təhsil” İctimai Birliyinin sədri Etibar Əliyevə müraciət edib.
Etibar Əliyev də Azərbycanda ali təhsil almağa kütləvi meylin olduğunu təsdiqləyib. “1992-ci ilin “Təhsil haqqında” qanununda bir məsələ öz əksini tapmışdı. “Özəl ali məktəblərin də Azərbaycanda fəalliyyətinə icazə verilir” maddəsindən sonra özəl ali məktəblərin sayı artmağa başladı. Adama elə gəlirdi ki, heç bir maddi-texniki bazası, professor, müəllim heyəti, infrastrukturu olmayan, formalaşmayan, ancaq adı universitet olan həmin ali məktəblərə heç kim getməyəcək” deyən təhsil eksperti sonradan onlara kütləvi axının olduğunu bildirib.
“Əvvəllər təhsil haqları az olan bu özəl universitetlərdə yerlər dolmağa başladı. Sonradan onlar təhsil haqlarını qaldırsalar da, yerlər yenə doldu. Bu onu göstərir ki, Azərbaycanda orta məktəbdən sonrakı təhsilin bir pilləsi, yəni ali təhsil pilləsi aktiv fəaliyyət göstərir və abituriyentlərin təxminən 20 faizi ali məktəblərə daxil ola bilər. Yerdə qalan 8-12 faiz texniki-peşə məktəblərinə üz tutur. Bu acınacaqlı vəziyyətdir”.
E.Əliyev də Qərb ölkələrində, Amerika, Avropada texniki-peşə təhsilinə abituriyent kütləsinin 40-50, hətta 60 faizinin cəlb olunduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin ölkələrdə hansısa sənətə yiyələnmək əmək bazarında böyük əhəmiyyət kəsb etmənin göstərcəsidir.
“Bizdə isə vəziyyət belədir: Azərbaycanın əyalətlərində olan universitetlərin ixtisaslarını elə göstəriblər ki, heç olmazsa 201 balla, yəni lap aşağı balla abituriyentlər daxil olsunlar. Təki ali təhsilli olsunlar. Hətta bilirlər ki, bu ixtisas üzrə iş də tapa bilməyəcəklər. Ən pis hal odur ki, son dövrlər müəllim ixtisasına meyl də azalıb. Oğlanlardan daha çox qızlar bu sahəyə gedirlər”.
Təhsil eksperti hesab edir ki, dünyada bizim orta ixtisas təhsili məktəblərimizin, texnikum və kolleclərimizin anoloqu yoxdur.
“Dünyada belə bir sistem yoxdur. Onlar universitetlərin içərisində yerləşir, yəni universitetlərə inteqrasiya olunan təhsilin bir pilləsidir. İki illik kolleci bitirdikdən sonra tələbə ya kollec ixtisası üzrə gedib özünə iş tapır, ya da onun bilikləri imkan verisə, o ali məktəbin üçüncü-yuxarı kursundan təhsilini davam etdirir. Azərbaycanda isə kolleclərdəki vəziyyət həddindən artıq pisdir. Xüsusilə pedoqoji kolleclər, maliyyə ixtisası üzrə kolleclərdə yenə də qız uşaqlarının sayı çoxalır”.
Etibar Əlieyin fikrincə, indiki əmak bazarının təlabatına ali məktbələrdəki kadr hazırlığı uyğun gəlmir. “Dövlətin çıxış yolu qalır ki, texniki-peşə təhsilinin maddi-texniki bazasını yaxşılaşdırsın, tələbələrə imtiyazlar, təqaüdlər verilsin. Bundan başqa, texniki-peşə təhsilində əlavə tədris metodlarının tətbiq olunması işlərinə başlamaq lazımdır ki, bu sahə ali məktəblərə daxil ola bilməyənləri özünə cəlb etsin”.
“Bu gün bizim abituriyentlərin 58-62 faizi qəbul imtahanlarından 0-200 arasında bal toplayır. Bunlar prinsipcə, ali məktəbə qəbul olmamaqla yanaşı, həm də yazmağı, oxumağı, saymağı, adi rizayiyyatı bilmirlər. Həmin abituriyentlər bizim beş ballıq sistemində 2 qiymətini göstərirlər. Belə qeyri-müəyyən savadsız abituriyent küləsinin 10-12 faizi texniki-peşə məktəblərinə gedir, abituriyentlərin 20 faizə yaxını qəbulda iştirak etmir, 17 faizi attestat ala bilmir, kiçik bir hissəsi də ali məktbələrə daxil olur. Bakalavr hissəsini bitirdikdən sonra oğlanlar yenidən magistr pilləsinə getmirlər ki, əsgərlik məsələsi var və ya təqaüd həddindən artıq aşağıdır” deyə əlavə edən E.Əliyevin fikrincə, sonrakı mərhələdə elmlə məşğul olarkən məvacibin aşağı olması onların təhsildən kənar peşə axtarmalarına səbəb olur.
“Ya taksi sürməyə gedirlər, ya hansısa bərbərin yanına gedib öyrənirlər, ya tikintidə çalışırlar. Bütün bunların hamısının texniki peşə təhsili olsaydı, vəziyyət belə olmazdı. Çünki bu cəmiyyət üçün də əhəmiyyətlidir”.
Təhsil eksperti deyir ki, ali məktəblər kütləvi maraq nə qədər artsa da, artıq bunun qarşısı almaq üçün müəyyən məhdudiyyətlər qoyulub.
“Əvvəl Rusiyanın universitetlərinə yaxın filialllar fəaliyyət göstərirdi. Abituriyentlərin hamısı gedirdi ora, bir ildən sonra isə ya özəl, ya da dövlət ali məktəblərinə köçürülürdü. Rusiya universitetlərin Bakıda fəaliyyət göstərməsi ancaq onun üçün idi. Bundan əlavə, ən çox tələbə axını Rusiyadan gəlirdi. Onlar əvvəl Beynəlxalq Universitetə, ordan da başqa universitetlərə köçürülürdülər. Ancaq bütün bunlar artıq dayandırılıb. Yəni hökümət kütləvi tələbə axının qarşısını almağa çalışır”.
Etibar Əliyevin sözlərinə görə, Azərbaycanda elə bir vəziyyət yaranmışdı ki, hər dörd gəncdən biri Beynəlxalq Universitetdə oxuyurdu. “Gör bunun nə qədər tələbə kütləsi var. O şəkildə kütləvi şəkilfdə adlarını universitetə yazdırmaq, imtahanlara getməmək, dərslərdə iştirak etməmək və sonda diplom almaq ali təhsil sayıla bilməz. Amma artıq məhdud çəriçivədə tələbə qəbulu aparılır”.
Ekspertin fikrincə, rəqabət güclənməlidir ki, abituryentlər yüksək bal toplayıb ali məktəbə daxil olsunlar. Ancaq Azərbaycanda o rəqabət də görsənmir. “Elə ən acınacaqlı vəziyyət də budur. Rəqabət o qədər güclənməlidir ki, tələbələr həmin yer üçün bir, beş bal uğrunda da mübarizə aprsınlar. Əgər bu məsələ bir qədər yaxşılaşdıra bilər” deyə E.Əliyev əlavə etdi.
Təhsil eksperti onu da bildirir ki, əgər valideyin övladını ali təhsilli görmək istəyirsə, ona məktəbdə oxuyarkən vəsait qoymalıdır.
“Azərbaycan vətəndaşı öz övladını ali təhsilsiz görmək istəmir. Elə bilir ki, orta məktəbi bitirdisə onun mütləq və mütləq ali təhsil haqqında diplomu olmalıdır. Bunun üçün valideyinlərin yeganə yolu orta təhsildə övladlarının təhsilinə investiya qoymaqdır, vəsait qoymaqdır. Əlbəttə ki, bu repetitor, fərdi öyrətmə vasitəsilə olur. Məktəb bu funksiyasını yerinə yetirə bilmir. Bu imkan da hər bir valideyndə yoxdur. Görün Azərbaycanda təhsil sistemi nə qədər sitemi paradoksdur”.
Etibar Əliyev son illər Azərbaycanda abituriyentlərin humanitar sahələrə daha çox meyilli olduğunu deyir.
“Dəqiq elmlərə, təbiət elmlərinə qəbul çox azdır. Məsələn, Bakı Dövlət Universitetinin hüquq fakultəsinə tələbələr 600-700 bal arasında qəbul olunurlarsa, eyni univertsitetin təbiət fakultələrinə 300 balla tələbə qəbul olur. Abutiriyentlərin bu sahələrə qəbulun az olması bu sahədə insanların iş tapmağının çətin olması ilə bağlıdır”.
Aytən ƏLİYEVA