Dağlıq Qarabağdakı erməni separatçıları Kəlbəcər rayonu hüdudlarında yaratdıqları yeni Şaumyan rayonuna məskunlaşmaq niyyətindədirlər. Bununla bağlı separatçı qurumun rəhbərliyi, İrəvan və Xankəndidəki universitetlərin tələbələrinin iştirakı ilə yeni elan etdikləri rayonda 200 nəfər üçün nəzərdə tutulan ümummilli erməni düşərgəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Modern.az erməni mətbutına istinadən xəbər verir ki, qondarma “DQR”in mədəniyyət və gənclərlə iş üzrə naziri Narina Alabalyanın sözlərinə görə, bununla Qarabağ və Ermənistandakı gənclərlə diasporun əlaqələri daha da möhkəmlənəcək, eyni zamanda təbliğat sahəsində böyük uğurlar əldə ediləcək.
Qondarma “DQR”in “prezidenti” Bako Saakyan isə deyib ki, Kəlbəcərin (ermənilər artıq Kəlbəcər şəhərini Şaumyan rayonunu mərkəzi hesab edirlər) iqlim və təbiəti əlverişli olduğundan gələcək inkişaf üçün imkanları daha genişləndirirlər.
Erməni mətbuatının məlumatına görə, Kəlbəcər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda həm Aərbaycan, həm də Ermənistan üçün strateji əhəmiyyətli rayon kimi əks olunur: “Müxtəlif mənbələrin məlumatlarına görə, Kəlbəcərin gələcək taleyi danışıqlar prosesində ən ağır məsələlərdən biridir”.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin14 yanvar 1991-ci il fərmanı ilə Şaumyan (kənd) rayonu ləğv edilib. Həmin fərmana uyğun olaraq ləğv olunan rayonun ərazisi keçmiş Qasım İsmayılov rayonunun tərkibinə daxil edilərək, əvvəlki adlar bərpa olunub. Beləliklə, Qasım İsmayılov rayonu Goranboy rayonu, Qasım İsmayılov şəhəri Goranboy şəhəri adlandırılıb.
Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.
Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
Modern.az