«Baltika Bakı» şirkətinin istehsal etdiyi pivə məhsulları haqqında Gürcüstandan bizə narahatedici məlumatlar daxil olub. Biz bu məlumatları araşdırmağa çalışacağıq».
Bu sözləri Modern.az-a deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun verdiyi məlumata görə, Gürcüstan Keyfiyyət Fondundan Birliyin ünvanına daxil olan sənədlərdə «Baltika» pivələri barədə Gürcüstan istehlakçılarının şikayət və narazılıqları, həmçinin müvafiq dövlət və müstəqil laboratoriyaların analizlərinin nəticələri öz əksini tapır. Bu nəticələr heç də ürəkaçan deyil.
«Baltika» və «Arsenalnoe» pivə məhsullarının keyfiyyəti, tərkibi, istifadəyə yararlığı ilə bağlı Gürcüstanda aparılan laborator analizlərin nəticələri həmçinin, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarına göndərilib.
Birlik sədri onu da qeyd edib ki, Azərbaycan bazarında da bu pivə məhsullarının istehlak edilməsini nəzərə alaraq, həmin sənədlər əsasında araşdırmalar aparmağa zərurət yaranır.
«Biz ilk növbədə məhsulun keyfiyyətinə və standartlarına nəzarət edən qurumlara, həmçinin bu pivələrin istehsalçısına müraciət edəcəyik. Eyni zamanda, müstəqil olaraq yerli bazarda olan məhsulların da araşdırılmasına, lazım gələrsə, bu işə beynəlxalq ekspertlərin də qoşulmasına çalışacağıq. Yay mövsümünün gəlməsi ilə əlaqədar, sərinləşdirici içkilərə, o cümlədən pivəyə tələbatın artdığı bir şəraitdə istehlakçılara keyfiyyətsiz məhsul satılması ilə bağlı hər hansı məlumat araşdırılmalıdır.» - deyə AİB sədri «Baltika» pivələrinə dair araşdırmalara başlayacağını bildirib.
Modern.az