Modern.az

İlham Əliyevin elektron poçtuna apreldə yazılanlar...

İlham Əliyevin elektron poçtuna apreldə yazılanlar...

10 May 2011, 16:27

Xalq şairi nə istəyib, sahibkarın müraciətində nə qeyd edilib..?

Aprel ayı ərzində sadə vətəndaşlar tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi internet saytının məktublar bölməsinə müxtəlif məzmunlu elektron məktublar göndərilib. Modern.az saytının məlumatına görə, ölkə başçısına ünvanlanan həmin məktublarda dövlət başçısının ötən ay səfərdə olduğu Bakıətrafı qəsəbələrdə yaşayan sakinlərin minntədarlığı və su borclarının silinməsi ilə bağlı təşəkkürlər əsas yer tutur.

Modern.az-ın əməkdaşı aprel ayı ərzində Prezidentin internet ünvanına yazılan məktubları nəzərdən keçirib.

Ötən ay ən çox əhalinin supulu borcunun silinməsi ilə bağlı sərəncam diqqət mərkəzində olub. Prezidentə məktublarında vətəndaşlar bundan razılıq hissi keçirdiklərini bildirir və təşəkkür edirlər.

Kənd Əhmədli sakinləri adından aprelin 4-də internet poçtuna yazılan məktubda Natiqə Abdiyeva qeyd edir: “Yollarımızın, küçələrimizin abadlaşdırılmasına, məişət problemlərinin həll olunmasına, korrupsiyanın qarşısının alınmasına, bu gün sakit, qorxusuz, firavan həyat yaşamağımıza görə ulu öndərimiz Heydər Əliyevə (Allah ulu öndərimizə rəhmət eləsin!) və Sizə borcluyuq”.

Aprelin 5-də poçta göndərilən məktubu isə suraxanılı həkim Rəfail Cəfərov yazıb. Prezidentə məktubunda həkim Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramının icrasından razı qaldıqlarını vurğulayır. Prezidentin yerli sakinlərlə fikir mübadiləsi aparmasını və problemlərlə yerində tanış olmağını “əlamətdar hal” adlandıran doktor qeyd edir ki, Bülbülə və Əmircan yolunun əsas magistrala - şəhərə çıxışının təmin olunmasına dair qəsəbə sakinlərinin dövlət başçısına ünvünladıqları xahiş onun göstərişindən sonra dərhal yerinə yetirilməyə başlanıb.
“Bu da əhalinin Sizə olan rəğbətini daha da artırdı”-deyə həkim yazır. Əmircanlılar həmçinin yeni məktəb binasının tikilməsi ilə bağlı İlahm Əliyevin verdiyi göstərişi də yüksək qiymətləndiriblər.

Büblbülə qəsəbə sakini Qamət Həşimov üçünsə 2011-ci il il əbədi olaraq yaddşa köçüb. “Bu il Bülbülə sakinlərinin ən uğurlu, ən sevincli və ən qürurverici illərindən biri olmaqla əbədi olaraq xatirəmizdən silinməyəcək” yazan Qamət vurğulayıb ki, Prezidentin qəsəbəyə gəlişi belə bir təəssüratın yaranmasına səbəb olub.

Sakin  yaşadığı ərazidə çəkilən yollara, eləcə də digər kommunal sahələrdəki problemlərin həllinə görə, dövlət başçısına təşəkkür edir və inanır ki, prezidentin tapşırığı ilə nəzərdə tutulan işlər tam başa çatdırılacaq.

Daha bir məktubu isə bərdəli sahibkar Emin Baxşəliyev yazıb. Gənc sahibkar əhalinin sudan istifadəyə görə yığılıb qalmış bütün borclarının silinməsinə dair fərmana görə təşəkkür edir və bu fərmanın onu və bütün Bərdə sahibkarlarını çox sevindirdiyini qeyd edib.

Daşkəsənin Veteranlar Şurasının sədri Elman Məmmədov da “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” 2011-ci il aprelin 8-də verilən fərmanı alqışladığını qazıb.
“Daşkəsən rayon veteranları Sizin bu humanist addımınızı ürəkdən alqışlayır”-deyə o qeyd edir.

Ağsudan Saleh İbrahiimov da əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 2011-ci il fevralın 1-nə kimi yaranmış borcların silinməsi barədə fərmanı sevinclə qarşılayıb. O yazır ki, bu xalqa olan qayğının təzahürüdür.

Supulunun silinməsi alimlərin də diqqətindən kənarda qalmayıb. Gəncədə yaşayan əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Fuad Əliyev də əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 294,2 milyon manat məbləğində borcunun silinməsini rəğbətlə qarşılayıb. Alim hesab edir ki, bu fərman xalqın maddi rifah halının yaxşılaşdırılması sahəsində daha bir humanist addımdır.

63 Gəncə sakininin imzaladığı digər məktubda da su borclarının silinməsi ilə bağlı təşəkkür yer alıb. “Siz həmişə xalqın qayğıları ilə yaşayır, onun rifahının yaxşılaşdırılmasını, problemlərini diqqət mərkəzində saxlayır, daim xalqın arzu və istəklərini yerinə yetirir, respublikamızı dünyanın ən yüksək inkişaf etmiş ölkələri sırasına çıxarmaq üçün əlinizdən gələni edirsiniz. Xalqımızın xoşbəxtliyini Siz öz xoşbəxtliyiniz hesab edir, doğma Vətənimizin hər bir güşəsinin, eləcə də bizim Gəncə şəhərinin daha da abadlaşması və gözəlləşməsi üçün böyük səy göstərirsiniz”-deyə məktubda qeyd edilib.

18 apreldə isə daha bir Bülbüləli sakini - Sara Quliyeva prezidentin internet unvanına yazıb. “Şəhərə çıxışımızı təmin edən yolun tez biz zamanda səliqə-səhmana salınması, keyfiyyəti və gözəlliyi bizi valeh etdi” deyə yazan Sara xanım qeyd edir ki, Prezident iki böyük qəsəbənin əhalisinin probleminin həllinə kömək olub.

Su borcları ilə bağlı həmçinin Beyləqan, Siyəzən, Naftalan  sakinləri də təşəkkür məktubları yazıblar.

Maraq doğuran digər məktub Qobustan rayonundan göndərilib. Qobustan Rayon Ərəbqədim kənd tam orta məktəbinin direktor müavini, “Yeganə yol” qəzetinin Şirvan bölgəsi üzrə xüsusi müxbiri, yazıçı-publisist Zaur Fateh (İbrahimov) yazır ki, ucqar kəndlərimiz üçün uzun illər xəyal hesab edilənlər indi gercəkliyə çevrilib.

Sakini olduğu Hacıqabul rayonu Udulu kəndində 5 orta məktəb binasının inşa edildiyini vurğulayan xüsusi muxbir qeyd edib ki, ölkənin ən böyük kəndi Uduluya ilk dəfə təbii qaz çəkilir.
“11 min əhalisi olan Udulu kənd sakinləri adından Sizə dərin dərin təşəkkürümü bildirir, Tanrıdan sizə can sağlığı və uzun ömür arzulayıram. Yarandığı gündən qaz üzünə həsrət qalan Udulu kəndi yeni həyata qədəm qoyub”.

Bu il 80 yaşı tamam olmuş xalq şairi Nəriman Həsənzadə “Şərəf” ordeni ilə təltif edildiyi üçün Prezidentə təşəkkür edib.
“Mənasız yaşamamışam, cənab Prezident. Buna haqqım da yox idi” yazan xalq şairi yüksək dövlət mükafatı - “Şərəf” ordeni almağı barədə sərəncamı, Dövlət Filarmoniyasında keçirilən yubiley gecəsinin də həyatını da şərəfləndirdiyini yazıb.

“Siz ölkəmizə dünya şöhrəti gətirdiniz. İnsani dəyərlərin intibah yarandı” yazan N.Həsənzadə vurğulayıb: “Azərbaycanın və paytaxtımız Bakının yeni, XXI əsrdəki tərcümeyi-halı Sizin əlinizlə, Sizin ilhamınızla yazılır. Sizin imzanızı dünya tanıyır və qiymətləndirir”.

“Bir arzum da var...Torpaqlarımız işğaldan azad olsun, bu dəfə də Siz Şuşada Vaqifin bərpa olunan abidəsi önündə söz verin, mən də o mərasimdə şeir oxuyum”-deyə xalq şairi yazır.

Məcburi köçkün gənclər adından Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident Təqaüdçüsü Gülnar Əliyeva, Laçın rayon Təcili Yardım Stansiyasının müdiri Orxan Cəbrayılov, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının Gənclər birliyinin sədri Xalid Musayev və başqalarının imzası ilə göndərilən məktublarda isə prezidentin aprelin 6-da imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında” sərəncamına görə təşəkkür edilir və bunu dövlət gənclər siyasətinin yeni mərhələsi kimi qiymətləndirirlər.
7 nəfərin imzaladığı məktub aprelin 28-də daxil olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər