Milli Məclis bu gün “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan dəyişikliklə bağlı məsələni müzakirə edib. Modern.az-ın məlumatına görə, həmin dəyişiklikdə 2006-cı il yanvar ayının 1-dək əmək pensiyasına çıxmış şəxslərin təqaüdlərinin artırılması məsələsi əksini tapıb.
Modern.az saytı Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev məsələylə bağlı açıqlamasını təqdim edir. E.Mehdiyevin sözlərinə görə, qanun layihəsi Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir.
“Qanun layihəsi Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilmişdir.
Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tamamlanması Azərbaycanın pensiya sisteminin keçid dövrü ölkələri üçün model kimi təqdim olunması fikrini bir daha möhkəmləndirir.
Тəklif olunan dəyişiklik nəticəsində əvvəlki qaydaların şamil olunduğu bütün pensiya işləri üzrə pensiyaların yenidən hesablanması aparılacaq, nəticəsində təqribən 845 min nəfərin pensiyası orta hesabla 40 faizdən yuxarı artırılacaqdır.
Pensiyaların orta aylıq məbləgi hazırkı 114 manat səviyyəsindən birdən-birə böyük bir addımla 150 manata qədər qalxacaqdır ki, bu 200 dollara yaxın bir rəqəmlə ifadə olunur və əgər biz paritet alıcılıq qabiliyyətinə çevirərək müqayisə etsək MDB-də ən yüksək göstərici deməkdir.
Bütün bunlar pensiya sisteminin əsas göstəricisi olan əvəzetmə əmsalına, yəni orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə birbaşa təsir edəcəkdir. Əgər orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 2002-2003-cü illərdə 26-27 faizlə ifadə olunurdusa, hazırda bu göstərici 34 faizdir, tədbir reallaşdırıldıqdan sonra isə 47 faizə qalxacaqdır. Beləliklə bütövlükdə ölkə üzrə pensiyaların orta məbləği qəbul olunmuş öhdəliyi, yəni orta əməkhaqqının 40 faizi səviyyəsini aşacaqdır.
Yeni qaydaların tətbiqindən sonra bugünkü minimum məbləğdə pensiya alma halı demək olar ki, tam aradan qalxacaq. Hər bir şəxsin pensiya məbləğinin minimum məbləğdən artım dərəcəsi isə onun iş stajı illərinin sayına bağlı olacaq.
Тədbirin reallaşdırılması üçün illik tələb olunan vəsaitin 390 milyon manat, cari ilin 6 ayında isə 195 milyon manat təşkil edəcəyi ehtimal olunur.
Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, bu gün Azərbaycanın sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar qurulan sistemin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən keçid dövrü ölkələri üçün model kimi təqdim olunması fikrini bir daha möhkəmləndirir. Xüsusilə pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə, ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunə olacaqdır”.
Qeyd edək ki, Milli Məclisin mayın 17-də keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliklər layihəsini Milli Məclisə prezident İlham Əliyev göndərmişdi.
“Əmək pensiyaları haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanların təqaüdünün yenidən hesablanmasını nəzərdə tutur.
Beləliklə, iyulun 1-dən etibarən Azərbaycanda 2006-cı il yanvarın 1-dək təqaüdə çıxanların pensiyası 40 fazi artacaq.
Modern.az