Modern.az

Rusiya İranı kimin üçün qoruyur? (Təhlil)

Rusiya İranı kimin üçün qoruyur? (Təhlil)

24 May 2011, 14:34

İllərlə baxımsız qalan donanma Xəzər dənizində sürətlə silahlandırılır

Rusiya Federasiyası regionda söz sahibi olmasını sübut etməyə davam edir. Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin araşdırmalarına görə, Rusiya Xəzər hövzəsində Hərbi Dəniz Donanmasını müasir raket və aviasiya hərbi hissələri ilə yenidən komplektləşdirməklə həm Amerikanın Xəzərə sahiblənməsinə qarşı çıxmaq, həm də İranı Amerikanın ehtimal olunan zərbələrindən qorumaq missiyasını yerinə yetirir. Araşdırmalara görə Xəzər hövzəsində bazalaşmış Rusiyanın Xəzər Donanması 2020-ci ilədək 16 yeni gəmi ilə təmin ediləcək. Bundan başqa “Cənub” operativ-strateji komandanlığının tərkibindən dənizçilərə bir neçə aviasiya hərbi hissəsi ötürüləcək. Lakin əsas diqqətçəkən məqam Donanmanın əlavə 300 km uzaqlıqdakı suüstü hədəfləri səsdənsürətli-qanadlı “Yaxont” raketləri ilə məhv etmək üçün “Bastion” sahilboyu (sahil) raket kompleksləri ilə silahlandırılmağa başlamasıdır. Qeyd edək ki, bu məlumatı RF Hərbi Dəniz Donanmasının baş komandanı admiral Vladimir Vısoskiy Moskvada keçirdiyi mətbuat konfransında təsdiqləyib.
Bəsit bir sual: Xəzər hövzəsində yerləşən donanmalardan başqa çox istəsələr belə bura gəlib cıxmaqlari mümkün olmayan bu cür qapalı dəniz hövzəsində bu qədər gücü Rusiya kimə qarşı toplayır? Belə çıxırki, “Yaxont” və digər silahların hədəfi kimi Xəzəryanı dövlətlərin gəmi və katerləri ola bilər. Bunlar Rusiyanı çıxmaq şərtilə 4 ölkədir: Azərbaycan, Qazaxstan, Türkmənistan və İran. Bu sadalanan dövlətlərdən hər birinin Hərbi Dəniz Donanması hətta bu gün öz döyüş gücünə görə Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələrinə məxsus Xəzər Donanmasından dəfələrlə zəifdir.
Xəzər Donanmasının Flaqmanı – hər bir münasibətdə özünə rəqib tanımayan 1166.1 layihəsi olan “Tatarstan” mühafizə gəmisidir (freqat). Onun “Uran” zərbə kompleksi bu dənizdə mövcud olan rəqibi 130 km uzaqlıqdan batırmaq qabiliyyətinə malikdir. Gələn il “Tatarstan” la yanaşı onun kimi lakin ondan da təkmilləşmiş “Dağıstan” adlı mühafizə gəmisi istifadəyə veriləcək. Hazırda Zelenodolsk şəhərində “Dağıstan” mühafizə gəmisinin son quraşdırılma işləri aparılır. 2011-ci il ərzində isə Xəzər Donanmasının M.Qorki adına Zelenodolsk şəhərində təkmilləşdirilən “Buyan-M” növünə aid 21631 layihəli yeni raket-artilleriya gəmilərinə sahiblənəcəyi planlaşdırılır. İlk gəminin adı “Qrad Sviyajsk” dır. Həmçinin 3 yenicə təmirdən çıxmış desant gəmisi də donanmanın istifadəsinə verilib.
İllərlə baxımsız qalan donanmanın Xəzər dənizində sürətlə silahlandırılması diqqət çəkməyə bilməz. Bir fakta nəzər yetirmək kifayətdir ki, okeana çıxışı olan digər Rusiya Donanmalarından heç biri bu cür güclü templə təkmilləşmir. Bu cür sürətli təkmilləşmə ancaq bir halda, siyasi müstəvidə Xəzərin təhlükəsizliyi təhlükə altına düşdükdə real görünə bilər. Hamıya bəllidir ki, həll olunması və hətta gücdən istifadə etmək zərurəti yarada biləcək dövlətlərarası ixtilaf, münaqişələrin səbəbi – neft, qaz və biosresurslardır. Təəssüf ki, bu mövzuda xəzəryanı ölkələr hələ ki, ümumi bir fikirə gələ bilməyiblər. Belə ki, Azərbaycan, Qazaxstan və Türkmənistan Xəzərin orta xətdən bölünməsini, İran isə Xəzərin 5/1 bölüm üsulu ilə hər bir Xəzəryanı dövlətlərin arasında bölünməsini təkid edir. Maraqlar trilyonlarla dollar həcmində ölçüldüyü üçün siyasi gərginliyin sonu görünmür.

ABŞ-ın Xəzər maraqları

Birləşmiş Ştatlarda belə hesab edirlər ki, Xəzərin resursları uğrunda mübarizəyə təkcə siyasətçilərin deyil, digər kontingentin də qoşulması mümkündür. Yəni Xəzər hövzəsi ABŞ-ın maraq dairəsində olduğu üçün burada baş verə biləcək hər hansı bir güc tətbiqinə Pentaqon müdaxilə edəcək. Bunun bilavasitə okeanın o tərəfindən həyata keçirilməsi mümkün görünməsə də ABŞ bu problem həlli üçün başqa bir yol seçib. Vaşınqton neft və qazla zəngin olan Xəzər dənizində artan gərginliyi nəzərə alaraq, Azərbaycan, Qazaxstan və Türkmənistanı silahlandıraraq İran və Rusiyanın hegemonluğuna qarşı çıxmağa səy göstərir. Bunula bağlı ABŞ dövlət departamenti dəfələrlə Azərbaycan, Türkmənistan və Qazaxstanın hərbi-dəniz hazırlıqlarını hər vəchlə dəstəkləyəcəyi barədə bəyanatlar səsləndirib. Nəticələr də buna sübutdur. Belə ki, Pentaqonun köməyi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı bölməsi yaradılıb. Bu hərbi hissənin silahlanmasında “Triton-1M” və “Triton-2” kiçik sualtı gəmiləri, həmçinin “Sirena” tipli sualti nəqliyyat vasitələri movcuddur. Son illər bu arsenal NATO ölkələri istehsalı olan digər vasitələrlə təmin olunaraq, tamamlanıb. Atəş açan və partlayan silahlardan istifadə etmək üçün Azərbaycan dənizçilərinə ABŞ HDQ-nin SEAL diversiya-kəşfiyyat bölmələrinin instruktorları təlim keçir. Qazaxıstana gəldikdə isə 2009-cu ildə ABŞ bu ölkəni 4 ədəd desant kateri ilə təmin edib. Bu yaxınlarda isə Türkmənistanın HDQ-lərinin silahlanmasına “Point Jackson” tipli amerika patrul kateri daxil edilib.
İranın Xəzərdəki Hərbi Dəniz Qüvvələri isə yüzlərlə döyüş və köməkçı gəmilərlə təmsil olunur. Onların sırasına öz istehsalı olan 3 çox kiçik sualtı qayıq (1200 mil getmək qabiliyyətinə malikdir), köhnəlmiş baza dartıcısı “Salman” (Amerika istehsalı) patrul katerləri daxildir. Lakin buna baxmayaraq İran çox qısa bir zamanda yerdəyişmə həyata keçirib Fars Körfəzindəki gəmilərini Xəzərə gətirməklə hövzədəki gücünü 1.5 dəfə artırmaq qabiliyyətinə malikdir.

Rusiyanın İran strateqiyası

Rusiyalı siyasətçilərin fikrincə, RF-nin Xəzər Donanmasını qəflətən silahlandırmasının yeganə səbəbi – İrandır. Belə ki, guya son vaxtlar Kremldə Rusiya-İran münasibətlərinin perspektivlərinə köklü şəkildə yenidən baxılıb. Buna sübut kimi Rusiya prezidenti Dmitriy Medvedyevin “9 iyun 2010 cu ildən BMT-nin Təhlükəsizlik Şurasının №1929 qətnaməsinin yerinə yetirilməsi tədbirləri haqqında” 22 sentyabr 2010-cu ildə imzalanmış əmri göstərilir. Sənəddə bir qismi artıq ödənilmiş “C-300” zenit raket sistemlərinin 5 diviziyonunun Tehrana verilməsi müqaviləsinin həyata keçirilməsinin ləğvi öz əksini tapıb. Bu azmış kimi, guya prezident Medvedyev bu qərarı ilə Rusiya milyardlarla gəlir gətirən İranla olan hərbi-texniki əməkdaşlığına son qoyub, İranın yenı raket quruculuğuna qarşı öz narahatçılığını bildirib. Lakin bütün bunlar əslində Rusiyanın beynəlxalq aləmə nümayiş etidirdiyi siyasi oyundur. Çünki, Amerika Baş Kəşfiyyat İdarəsinin əli ilə bir çox aspektlərdən maraqlı olduğu ərəb ölkələrinin laxlamış diktator rejimlərini dağıdaraq, bu çevriliş dalğasını İran kimi radikal, qatı fars şovinizmin hökm sürdüyü ölkəyə çatdırmaq istəyi Rusiya maraqlarına ziddir. Artıq Amerika öz gücü ilə avropa və əksər dünya dövlətlərinə təsir göstərərək, İrana qarşı əlavə və daha kəskin sanksiyaların tətbiq olunmasına müvəffəq olub. BMT və MAQATE-nin sərt sanksiyaları əsasında bu təşkilatlara üzv olan ölkələr İranla istənilən iqtisadi, hərbi müqavilələrini dayandırmalı olublar. Bu təşkilatlara üzv olaraq, tələblərə riayət etmək kimi üzərinə öhdəlik götürən Rusiyaya təbii ki, üzdə İrana düşmən kəsildiyini göstərcə də, həqiqətdə strateji müttəfiqi olan İranla əməkdaşlığın dolayı yollarla davam etdirilməsinə çalışacaq. Çünki İranı çox sərt sanksiyalarla sıxan Amerika və İsrailin bu yaxınlarda İranda müharibəyə başlayacağı, hətta öz aviadaşıyıcılarını Fars Körfəzinə kimi yaxınlaşdırdığı bir dönəmdə, Rusiya qonşuluğunda ehtimal olunan müharibədən zərər çəkəcəyini nəzərə alaraq İranın Fars Körfəzi istiqamətində hücuma məruz qalmasını sükutla izləmək niyyətində deyil. Bütün bu faktorlar isə Rusiyanın Xəzər hövzəsindəki gücünü artırmasına səbəb olan başlıcı amil kimi dəyərləndirilir. Rusiya hesab edir ki, Amerika Xəzər dənizi kimi neft, qaz və təbi ehtiyyatlarla zəngin hövzədə öz gücünü möhkəmlətməklə yanaşı Rusiyadan İrana gizli ötürmələrin qarşısını almaqla öz iqtisadi və siyasi məqsədinə nail olmaq istəyir. Buna bariz nümunə kimi, Rusiya və İranın Xəzərdə birgə hərbi təlimlər keçirərək, ortaya ciddi iddialar qoymasından sonra Amerikanın Xəzərdə “müdafiə qalxanı” formalaşdırmağı təklif etməsidir. Bu addım öz növbəsində, Azərbaycanın Xəzərdə baş verəcək hər hansı bir təhlükəyə qarşı dayanma gücünün artırılmasına xidmət edir. Təbii ki, bu addım Rusiyanı qiciqlandırmaya bilməz. Buna cavab olaraq, Rusiya Qərbin iştirakı olmadan Xəzərdə təhlükəsizlik sistemi yaratmağa başlayıb. Digər bir tərərfdən, Rusiya heç bir zaman istəməzki, Amerika Iran rejimini çökdürüb, bu ölkənin zəngin təbii resurslarına sahib çıxıb, güclənərək, Rusiya sərhədlərinə yaxınlaşsın. Rusiya İranla yanaşı Azərbaycanda da öz siyasi, iqtisadi maraqları baxımından Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında da maraqlıdır. Bu problem həll olunduqdan sonra, Azərbaycanın NATO ya üzv olması, Amerika ilə yaxın müttəfiq olması və Amerikanın Rusiya sərhədlərinə daha da yaxınlaşmasından ehtiyyat edən Kreml, bu bölgədə problemlərin həlli yolunun yalnız Rusiyada olduğunu nümayiş etdirir.

Rusiya-İran müttəfiqliyi

Bütün bu amilləri nəzərə alan Rusiya beynəlxalq sanksiyalara baxmayaraq İrana dolayı yollarla öz dəstəyini verməkdə davam edir. Belə ki, hazırda İran ordusunun təxminən 50 faizi Rusiya istehsalı olan silahlarla silahlandırılıb. Bundan başqa İran Rusiya əldə etdiyi lisenziyaya əsasən T-72S tanklarının, BTR-80 zirehli transportyorların, BMP-2 piyadanın döyüş maşınlarının eləcə də, bir sıra müxtəlif silah və döyüş texnikalarının istehsalını həyata keçirir. Həmçinin, Tehran Rusiyadan müasir T-90S (450 ədədə qədər) tankları, BMP-3 piyadanın döyüş maşınları (550 ədəd döyüş maşının verilməsi haqqında 100 milyon dollarlıq müqavilə artiq imzalanıb) və BTR-90 (250 ədəd) zirehli transportyorları, K-50 vertolyotları (60 ədəddən çox), həmçinin müxtəlif artilleriya sistemləri (RSZO «Smerç» və «Uraqan»), Hava Hücumundan Müdafiə sistemini gücləndirmək məqsədilə C-300PMU-1 və C-300PMU-2, «Favorit», «Buk-M1», PZRK «İqla» komplekslərini, Su-24, Su-27, Miq-29 təyyarələri və dizel sualti qayıqları almağa hazir olduğunu bildirib. Ümumilikdə isə İran 2002 ci ildə 21 ədəd Mi-171 vertolyotu, 2002-2005-ci illərdə 12 ədəd Mi-171Ş vertolyotu, 2003-cü ildə 3 ədəd Su-25 hücum təyyarələri, 2005-ci ildə 3 ədəd Mi-17V-5 vertolyotunu əldə edib. 2005-ci ilin dekabrında 29 ədəd Tor-M1 Hava Hücumundan Müdafiə qurğusunun alınması üçün 700 mln. dollardan çox məbləğdə müqavilə imzalayıb (Müqavilənin ümumi dəyəri 1.4 milyard dollar olaraq qiymətləndirilir). Bu sifariş 2007-ci ildə ABŞ və İsrailin böyük narazılıqlarına baxmayaraq həyata keçirilmişdir.

Rusiya-Ermənistan-İran əməkdaşlığı

BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaya baxmayaraq Rusiya İrana öz dəstəyini əsirgəmir. Təbii ki, Rusiya bu dəstəyini aşkarca deyil, gizli yollarla həyata keçirir. Hamıya bəllidir ki, İranın nüvə sahəsində əldə etdiyi nailiyyətlərə görə Rusiyaya minnətdardır. Belə olan halda Rusiyanın potensial tərəfdaşı olan İrana rəqib gözü ilə baxması heç inandırıcı görünmür. Belə ki, Qərbin İranı hədəfə aldığını görən Rusiya təbii ki, başqa strategiya həyata keçirmək məcburiyyətində qalıb. İlk olaraq Rusiya Xəzər hövzəsində yerələşən Hərbi Donanmasını gücləndirməyi qərara alıb. Bununla Rusiya İranı Qərbin ehtimal olunan zərbələrdən sığortalamış olur. İkinci isə Rusiya BMT-nin sanksiyalarına alternativ olaraq, gizli yollarla İranı silahlandırmağa müvəffəq oldu. Bunun üçün Rusiya hədəf kimi tarixən belə kritik vəziyyətlərdə üz tutduğu Ermənistanı seçib. Yeni strategiyaya əsasən Rusiya ilkin olaraq İrana göstərdiyi yardımın dayandırıldığını, hətta beynəlxalq təşkilatların gözündən pərdə asmaq üçün bir neçə qətnamənin qəbul edildiyini də nümayiş etdirdi. Daha sonra İranı Ermənistanla münasibətlərini inkişaf etdirməyə, energetika sahəsində birgə layihələrə qoşulmağa sövq etdi. Nəticədə İran Ermənistan ərazisində SES və neftayırma müəssisəsini yaratmaq qərarına gəldi. Bütün baş verənlər ilk baxışdan adi görünə bilər. Əslində isə İranın Ermənistanda həyata keçirmək istədiyi layihələr, heç də Ermənistan iqtisadiyyatının inkişafına və ya bu sahədə investisiya yatırılmasına deyil, Ermənistandan dəhliz kimi istifadə olun0masına yönəlib. Hamıya bəllidir ki, Rusiya KTMT müqaviləsi çərçivəsində Ermənistana hava yolu vasitəsilə hərbi sahədə dəstək göstərməkdədir. Bu müqavilədən çıxış edən Rusiya hətta Ermənistanda yerləşdirdiyi 102-ci bazasını mütəmadi olaraq təkmilləşdirməkdədir. Nüvə yanacaqlarının və bu sahəyə aid kimyəvi maddələrin təyyarələrlə daşınmasına qadağa olunsa da, Rusiya bütün beynəlxalq normalara qarşı çaxaraq Ermənistanda fəaliyyət göstərən və 1988-ci ildə Spitak şəhərində baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Metsamor AES-i lazım olan avadanlıqlarla təmin etməkdədir. Əslində içərisində nüvə kimi çox təhlükəli silah daşıyan təyyarələr nəinki üzərindən keçdiyi dövlətlər ümumilikdə bütün region üçün çox ciddi təhlükə yaradır. Məhz Rusiya elə bu marşrutla Ermənistan adı altında İrana öz dəstəyini göstərməkdədir. Təbii ki, Rusiya-Ermənistan-İran marşrutu ilə həyata keçirilən gizli əməkdaşlıq «projesi» Ermənistan rəhbəri S.Sarkisyanın ürəyincədir. Çünki, həmin «proje» qeyri-rəsmi oldluğu üçün tranzit haqqı bilavasitə Ermənistan dövlətinin deyil, məhz Sarkisyanın büdcəsinə yəni cibinə daxil olur. Rusiya və İran isə Sarkisyanın belə bir «qəhrəmanlığını» nəzərə alaraq, onun «narkotika» sahəsindəki biznes fəaliyyətini həyata keçirməsinə göz yummaqla mükafatlandırıb .

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər