Nəqliyyat naziri qiymət artımını yeni avadanlıqların quraşdırılması ilə əlaqələndirib
“İctimai nəqliyyatda, o cümlədən avtobuslarda gedişhaqlarının artırılması planlaşdırlır”. Modern.az bildirir ki, bu barədə açıqlamanı nəqliyyat naziri Ziya Məmmədov bu gün jurnalistlərə açıqlamasında deyib. O bu addımı Bakıda nəqliyyatın idarə edilməsində intellektual sisteminin tətbiqi ilə əlaqələndirib.
“Bu, paytaxtda nəqliyyatın hərəkətinin intellektual idarə edilməsinin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi çərçivəsində yeni avadanlıqlar tətbiq edilir. Bu isə öz xərcini çıxarmalıdır”-deyə nazir vurğulayıb.
Qeyd edək ki, hazırda Bakı şəhərində avtobuslarda şəhərdaxili gedişhaqqı 20 qəpik təşkil edir.
Modern.az xatırladır ki, Tarif Şurasının «Avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) Bakı şəhərində şəhərdaxili və şəhərətrafı, həmçinin Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutu üzrə sərnişin daşıma xidmətinin tariflərinə baxılması barədə» qərarına əlavə və dəyişikliklər sonuncu dəfə 2007-ci ilin sonunda edilib. 2007-ci il 12 fevral tarixindən qüvvəyə minən həmin qərara əsasən, şəhədaxili və şəhərətrafı ərazilər üzrə marşrutlarda qiymətlər aşağıdakı cədvəldə göstərildiyi kimi müəyyənləşdirilib.
Şəhərdaxili marşrutlar | Şəhərətrafı və qəsəbələrarası marşrutlar |
(1-15 km-dək) | (1-25 km-dək) | (1-30 km-dək) | (1-40 km-dək) | (1-45 km-dək) | (1-50 km-dək) | (50 km-dən yuxarı) |
20 qəpik | 20 qəpik | 25 qəpik | 30 qəpik | 40 qəpik | 50 qəpik | 70 qəpik | 80 qəpik |
“Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi” bu ilin sonundan işə salınmalıdır. Məqsəd Bakı şəhərində nəqliyyatın hərəkətində yaranmış və getdikcə artan problemlərin aradan qaldırılması üçün ən müasir texnologiyalar tətbiq edilməklə şəhər nəqliyyatının idarə edilməsi sisteminin yaradılmasıdır. Sistemə sərnişindaşıma marşrutlarının optimallaşdırılması, marşrutlar üzrə avtobuslar arasındakı intervalların avtomatik tənzimlənməsi, avtobuslar və marşrutlar üzrə sərnişinlərin miqdarı haqqında məlumatların toplanması, avtobusların hərəkətinin cari vəziyyəti, hərəkət sürəti, dayanacaqlara çatma və yoladüşmə və s. daxil olmaqla sərnişin avtobuslarını idarəetmə sistemi, eləcə də nəqliyyat axınlarından asılı olaraq svetaforların tam avtomatik idarə olunması və məsafədən icbari idarəetmə sistemlərinin tətbiq olunması yolu ilə tıxacların yaranmasının qarşısının alınması da daxildir. Bundan başqa fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklama yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi, dayanacaqlarda, şəhərin giriş və radial yollarında elektron idarəetmə sistemli məlumat tablolarının quraşdırılması, elektron-kart ödəmə sisteminin tətbiqi də layihədə öz əksini tapıb. Layihənin əhatə dairəsinə Bakının mərkəzi və şəhəri əhatə edən əsas çevrə və çevrədaxili paylayıcı yollar daxildir.
Modern.az