Modern.az saytı xəbər verir ki, maliyyə naziri Samir Şərifov nazirliyin kollegiya iclasında bildirib ki, cari ildə qarşıda duran mühüm vəzifələrindən biri Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin layihəsinin «Büdcə sistemi haqqında» qanunun tələblərinə uyğun olaraq hazırlanmasıdır. Nazir 2012-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Respublikasının Prezidentinə vaxtında təqdim edilməsinə dair Nazirlər Kabinetinin sərəncamını, həmin sərəncama uyğun olaraq Maliyyə Nazirliyinin görəcəyi işlərə və qarşıda duran vəzifələrə dair imzalanmış əmrlə «Tədbirlər Planı» təsdiq etdiyini, 2012-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə gəlirlər və xərclər üzrə dövlət komissiyalarının yaradıldığını qeyd edib.
Eyni zamanda, 2012-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcəsinin gəlir və xərcləri müəyyən edilərkən ilk növbədə Prezident İlham Əliyevin iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə prioritet hesab etdiyi məsələlər, konkret təşkilat üzrə qəbul edilmiş qanunvericilik və normativ-hüquqi aktlar, o cümlədən Dövlət proqramları və məqsədli tədbirlər üzrə nəzərdə tutulmuş xərc istiqamətlərinə və qanunvericiliklə müdafiəsi təmin edilən xərclərə üstünlük verilməsi vurğulanıb.
Bildirilib ki, hər bir gəlir növü üzrə real baza müəyyən edilməli, vergi ödəyiciləri tərəfindən təqdim edilmiş göstəricilər və hesablamalar, qəbul edilmiş dövlət proqramlarında, ərazilərin sosial-iqtisadi inkişaf göstəricilərində nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı ilə bağlı məsələlər, xərc maddələri üzrə hesablamalar aparılarkən əvvəlki illərin hesabat, xərc normativləri, təşkilatların sifarişləri, yerdə olan real vəziyyət tam araşdırılmalıdır. Bir sıra xidmət xərclərinin, o cümlədən elektrik enerjisi, qaz və su haqqı xərclərinin daha real proqnozlaşdırılması və ödəmə intizamı ilə bağlı mövcud problemlərin həllinə diqqət artırılmalıdır. Mövcud xərc normativləri və digər normativ-hüquqi sənədlər büdcə təşkilatları ilə birgə ətraflı və diqqətlə öyrənilməli, hər bir xərcin təyinatı üzrə müvafiq xərc yarımmaddələrində proqnozlaşdırılmasına nail olunmalıdır.
S.Şərifov 2012-ci il dövlət büdcəsinin və icmal büdcəsinin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanması ilə bağlı da tapşırıqlarını verərək bildirib ki, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlardan büdcə layihələri və digər sənəd və təkliflər avqust ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Modern.az