Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.
TQDK-dan bildirilib ki, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar 2011-ci il iyunun 8-dən 16-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixctisaslaşmaları seçib təsdiq ediblər.
Proqram və ixtisaslaşma seçimində 20 fevral 2011-ci il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər.
Bu hüquqa malik olan bakalavrlardan 7866 nəfəri qəbul proqramını və ixtisaslaşmaları seçərək təsdiqləyib.
Onlardan 6809 nəfəri Azərbaycan bölməsinin, 1057 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3744 nəfərini oğlanlar, 4122 nəfərini isə qızlar təşkil edir. 4936 nəfər ali təhsil müəssisələrinin builki, 2930 nəfər əvvəlki illərin məzunudur.
Müqayisə üçün bildirək ki, 2010-da 6608 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.
Bakalavrlar 23-25 iyun 2011 il müddətində öz elektron ərizələrinə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edib götürməlidirlər.
İmtahan iyunun 26-da saat 14:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.
İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə biləcəkdir.
Cari ildə qəbul aparılan ixtisaslaşmalar üçün ayrılmış yerlərin ümumi sayı 5815-dir. Qəbul planının 2010-cu ildə 5242 olduğunu nəzərə alsaq, yerlərin sayının 10.9% artdığını deyə bilərik.
Modern.az