Bu yaxınlarda Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qəzetimizə müsahibəsində ssenari müəllifi olduğu "Cavadxan" filminin bəzi rayonlarda göstərilməsinə izn verilmədiyini bildirmişdi. Şairin deməsinə görə, xüsusən Sumqayıt şəhərində "Cavadxan"ın göstərilməsində ciddi müqavimətlə üzləşiblər. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinə etdikləri müraciətlər cavabsız qalıb. Hətta filmin əsgərlərə göstərilməsi ilə bağlı Müdafiə Nazirliyinə edilən müraciətə də hələ cavab verilməyib.
İndi isə filmin rejissoru Rövşən Almuradlı 2009-cu ildən bəri "Cavadxan" filminin ölkə ərazisində nümayiş etdirilməsində qarşılaşdıqları sirli müqavimətdən danışıb. O da Sumqayıtı xüsusi vurğulayıb.
Əvvəlcədən xatırladaq ki, "Cavadxan" filmi dövlət vəsaiti hesabına çəkilib. Bildiyimə görə, bu filmin çəkilməsinə bir milyon yarım manatadək dövlət vəsaiti xərclənib. Filmə dövlət büdcəsindən pul ayrılmazdan əvvəl təbii ki, ssenarini oxuyublar və bəyəniblər. Film də S.Rüstəmxanlının qələmindən çıxmış həmin ssenariyə uyğun çəkilib. İndi dövlət vəsaiti hesabına çəkilmiş filmin nümayiş etdirilməsinin dövlətə bağlı qurumlar tərəfindən əngəllənməsi sual doğurur.
"Cavadxan" filminin Azərbaycan əsgərlərinə göstərilməsinin nəyi pisdir ki? Axı, bir əsgərin hazırlığı həm də psixoloji hazırlıqla tamamlanır. Bəlkə də psixoloji, ideoloji hazırlıq daha öndədir. Bu gün Azərbaycan ordusunun maddi və texniki təchizat baxımından çox gücləndiyi bildirilir. Çox gözəl. Ancaq bu psixoloji hazırlıqla paralel aparılmırsa, hansı gücdən danışmaq olar. Əgər əsgərlərə yalnız Azərbaycan teleməkanındakı yüngül xarakterli, əttökən verilişlər göstərilirsə, hansı psixoloji hazırlıqdan söhbət gedir?
Sanki hansısa gözəgörünməz qüvvələr bu filmin hərbi hissələrdə və rayonlarda nümayişinin qarşısını alır. Filmi tam izləməsəm də, orada Azərbaycan xanlıqlarını bir-bir işğal edən Rusiyaya və rus ordusuna qarşı bir milli qəzəbin olması haqda bilgiliyəm. Və qulağıma çatan xəbərlərə görə, filmin bəzi yerlərdə əngəllənməsinin başlıca səbəbi də məhz bununla bağlıdır. Ancaq fakt yenə də faktlığında qalır ki, bu film dövlət vəsaiti ilə çəkilib. Əgər onun qarşısı alınırsa, demək kimsə sabotajla məşğuldur.
"Cavadxan"ın yasaqlanması barədə eşidəndə, yadıma Sovet dövründə "repressiyaya", qayçılanmaya məruz qalmış bir çox Azərbaycan filmləri düşdü. Həmin filmlərin də qara siyahılara düşməsinə səbəb Rusiyanın, Sovet dövlətinin mənafeyinə zidd səhnələr idi.
İndi yenə də Rusiya, yenə də qadağa... Amma biz indi müstəqilik, axı. Müstəqilliyimizin bərpasının, Rusiya caynağından qopmağımızın 20 illiyini qeyd edirik. Əgər bu gün də ölkəmizdə, kino yaradıcılığında Rusiya qadağası qüvvədədirsə, onda hansı müstəqillikdən danışmaq olar?
Rejissor Rövşən Almuradlı deyir ki, "Cavadxan" 2009-cu ildən bəri Sumqayıta buraxılmır. Bu dövr əsasən bu yaxınlaradək şəhərin icra başçısı olmuş Vaqif Əliyevin dövrünə düşür. Vaqif müəllim indi Mədəniyyət və Turizm nazirinin 1-ci müavini vəzifəsinə təyin olunub. Belə görünür ki, "Cavadxan"ın qarşını almaq üçün əvvəl gücü Sumqayıta çatırdısa, indi ölkə üzrə külli-ixtiyar əldə edib.
Görək kim güc gələcək: "Cavadxan", ya Vaqif Əliyev?!