Oskanyan: “Prezident Sərkisyanın daş kimi susmasını başa düşmürəm”
“Ermənistan prezidenti Kazana getməmişdən əvvəl öz xalqına bu barədə nə isə deməlidir”. Modern.az bildirir ki, bu sözləri “Svoboda” radiosuna müsahibəsində Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də planlaşdırılan görüşünü şərh edərkən bildirib. Onun sözlərinə görə, Qarabağ danışıqlarının bütün tarixi ərzində ilk dəfədir ki, bütün təfələr sənədləri imzalamağa hazır olduqlarını bəyan edir.
“Belə situasiya indiyə qədər müşahidə edilməyib”.
Azərbaycan tərəfinin sənədə imza atmağa hazır olmasına dair prezident İlham Əliyevin mövqeinə toxunan Oskanyan bildirib ki, Azərbaycanın dövlət başçısı “sazişdə ərazi bütovlüyü və öz müqəddəratını təyin etmə prinsipi əks olunmalıdır” bəyanatını verərəkən təbii ki, əsas vurğunu ərazü bütövlüyü üzərində saxlayır.
“Prezident İlham Əliyev demək istəyir ki, öz müqəddəratını təyin etmə yalnız ərazü bütövlüyü çərçivəsində mümkündür. Azərbaycanın dövlət başçısından bu mövqedən başqa nə isə gözləmək sadəlövlükdür”-deyə Oskanyan qeyd edib.
Eks-nazir bildirib ki, Sərkisyan Kazana getməmişdən əvvəl xalqa sənəd imzalanıb-imzalanmayacağı barədə bir söz deməlidir. “Mənə elə gəlir ki, sənədin imzalanması imkanı mövcuddur. Ona görə də hesab edirəm ki, xalqı bu məsələyə hazırlaşdırmaq problemi var. Ona görə də məsələ ilə bağlı Sərkisyanın belə daş kimi susması məni təəccübləndirir”-deyə Oskanyan bildirib.
Eks-xarici işlər naziri həmçinin bildirib ki, hazırda geniş müzakirə edilən sülhməramlıların münaqaişə bölgəsində yerləşdirilməsi ikinci, bəlkə 10-cu dərəcəli məsələdir.
“Bu gün söhbət ondan gedir ki, saziş mərhələsinə çata biləcəyikmi? Azərbaycan və Ermənistan hansı güzəştlərə gedib? Əvvəlki proseslə müqaiyəsədə indi nə dəyişib?”.
Lakin eks-nazir təsdiq edib ki, Madrid sənədlərində sülhməramlılarla bağlı bənd var.
Oskanyan deyib ki, danışıqlar mərhələsində nazir kimi iştirak etdiyinə görə o çox məsələləri yaxşı bilir.
“Mən tərəflər arasında olan fikir ayrılıqlarını, o cümlədən güzəşt üçün tərəflərin gedə biləcəyi “hədd xəttini” yaxşı bilirəm. Əgər bu gün deyirlərsə ki, “sənədi imzalamaq olar”, deməli tərəflərdən biri güzəşt həddindən bir xətt aşağı düşüb. Əgər erməni tərəfi güzəştə gedibsə, o zaman biz nə qədər həddə enmişik? Çünki mənə bəlli olan güzəşt həddi son hədd idi. Əgər bundan aşağı düşmüşüksə, o zaman başa düşmürəm bunu erməni xalqı necə qəbul edəcək?”-deyə eks-nazir bildirib.
X.SƏFƏROĞLU