Modern.az

Azərbaycanda 10 min 764 nəfər dövlət qulluqçusu kimi pensiya alır

Azərbaycanda 10 min 764 nəfər dövlət qulluqçusu kimi pensiya alır

22 İyun 2011, 11:22

23 iyun dövlət qulluqçularının peşə bayramıdır.  Bu gün dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. 
01.04.2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 min 764 nəfər təşkil edir. Onlardan 68,8 faizi yaşa görə, 22,6 faizi əlilliyə görə, 8,6 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 326,2 manatdır. 

Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan  məlumat verilib.
Bildirlib ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 
2011-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 286 030 nəfərdir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda dövlət qulluqçularının sayı ötən illə müqaisədə xeyli artıb. Bu ilin əvvəlində dövlət qulluğuna aid vəzifələrdə çalışan işçilərin sayı 286 min nəfər olub. Onların 28,3 faizini qadınlar təşkil edir. Dövlət qulluğunda işləyənlərin 3 faizi inzibati vəzifələrin 1-4-cü təsnifat üzrə, 78,4 faizi 5-9-cu təsnifat üzrə və 18,6 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyir.
Dövlət qulluğu vəzifələrində işləyənlərin 6,9 faizi 1 ilə qədər, 25,1 faizi 1 ildən 5 ilə qədər, 24,2 faizi 5 ildən 10 ilə qədər, 17,8 faizi 10 ildən 15 ilə qədər, 26 faizi isə 15 və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçuları vəzifələrində işləyənlərin yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olan qulluqçular 16,3 faiz, 30-34 yaşda olan qulluqçular 13,1 faiz, 35-44 yaşda olan qulluqçular 22,2 faiz, 45-54 yaşda olan qulluqçular 30,6 faiz, 55-61 yaşda olan qulluqçular 13,4 faiz və 62 və yuxarı yaşda olan qulluqçular 4,4 faiz təşkil edir. İşləyənlərin əsas hissəsi (52,8 faizi) 35-54 yaşda olanlardır.
5-9-cu təsnifat üzrə inzibatı vəzifələrdə çalışanların 15,5 faizini şöbə müdirləri, 10,4 faizini şöbə müdirinin müavinləri, 8,3 faizini sektor müdirləri, 24,8 faizini baş məsləhətçilər, 5,2 faizini böyük məsləhətçilər, 14 faizini aparıcı məsləhətçilər və 21,8 faizini məsləhətçilər təşkil edir. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 92 faiz komplektləşdirilib.

2010-cu ildə dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin orta aylıq əmək haqqı 425,7 manat təşkil edib.

Bu yaxınlarda Milli Məclisdə Əmək Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub. Prezidentin imzası ilə göndərilən layihədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlar üçün 65 yaş məhdudiyyəti müəyyənləşdirilib.
 
Eyni zamanda Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu da təsdiqləyib.

 

“Dövlət qulluğu haqqında” Qanununda edilən dəyişikliklərə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər