Modern.az

Qarabağ: “Bütün ölkənin siyasətçiləri, birləşin!”

Qarabağ: “Bütün ölkənin siyasətçiləri, birləşin!”

23 İyun 2011, 14:52

Və ya iqtidar-müxalifət dialoqunun zərurliyi haqqında bir neçə qeyd

Ermənistan iqtidarı ilə müxalifəti arasında son aylarda başlanmış dialoq özünün yekun mərhələsinə adlaya bildi. Erməni Ümumilli Konqresinin rəhbəri, eks-prezident Levon Ter-Petrosyan prezident Serj Sərkisyanla bu yöndə başladığı müzakirələrlə ölkədaxili siyasi gərginliyi azaltmağa nail oldu. Ter-Petrosyan özü rus mətbuatına müsahibəsində tərəflərin bir-birinə ünvanladığı kəskin ittihamlardan sonra bu dialoqun mümkünlüyünün siyasi perspektivini  yüksək dəyərləndirib. Təsadüfi deyil ki, müxalifətlə siyasi dialoq prezident Sərkisyana AŞPA-nın yay sessiyasındakı dünənki çıxışı zamanı Qarabağla bağlı mövqeyini açıqlayarkən bunun həm də erməni  siyasi qüvvələrin vahid mövqeyi olduğunu nümayiş etdirmək fürsəti verdi. Bu isə daxili siyasi dialoqun mühüm nəticələrindən biri kimi qiymətləndirilməlidir. Son müsahibəsində Ter-Petrosyan Sərkisyanın Türkiyə ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini deyərək “Serjin tutduğu yol tamamilə doğrudur” ifadəsini işlədib. 

Azərbaycan siyasi elitası və ictimai rəyi də iqtidar–müxalifət münasibətlərinin dialoq məcrasına keçməsi üçün zaman-zaman ictimai sifarişin olduğunu vurğulayıblar. Siyasi ekspertlərin fikrincə, korlanmış münasibətlərin bərpasında ən mühüm faktor kimi Qarabağ ciddi rol oynaya bilər.

Odur ki, Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar ölkədaxili siyasi həmrəyliyi vacib edən bir məqama çevrilib. Azərbaycanda iqtidar və müxalifət münasibətlərinin bu günkü səviyyəsi hələki nikbin mövqe nümayiş etdirməyə imkan vermir. Qarşılıqlı ittihamlarla müşayiət olunan mübarizə fonunda ölkənin əsas problemi - Qarabağ barədə danışanların səsi zəif eşidilir. Baxmayaraq ki, həm hakimiyyət, həm də müxalifət Qarabağ məsələsində birgə müzakirələrin aparılmasında heç bir problem görmürlər.

Ölkədə bu məsələdə dialoqa başlamaq şansı həmişə olub. Prezident İlham Əliyevin müxtəlif vaxtlarda siyasi qüvvələrələ əməkdaşlığa hazır olması barədə dediyi mövqe müxtəlif səbəblər üzündən nədənsə arxa planda qalıb. Lakin bir məsələ hamı üçün şəksizdir: siyasi rəqiblər çıxışlarında Qarabağ problemini siyasi mübarizənin bir vasitəsi kimi görmədiklərini bildirirlər. 

Eldar İbrahimov: “Bu məsələdə Azərbaycanda siyasi mövqelərdə  tam həmrəylik var”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin vitse-spikeri Bahar Muradova bu günlərdə rəsmi qəzet olan “Azərbaycan”a müsahibəsində  müxalifətlə dialoq barədə danışarkən əsas birləşdirici faktor kimi Qarabağı göstərib.
“Düşünmək istəməzdim ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin müzakirəsinə ehtiyac olarsa, onda kimsə kənarda qalmaq və yaxud da öz mövqeyini diktə etmək istəsin. Təbii ki, münaqişə ilə bağlı Azərbaycan ona təklif edilən hər hansı variant ətrafında mövqeyini müəyyən etmək üçün siyasi partiyalarla müzakirəyə ehtiyac duyarsa, dialoq masası arxasında əyləşmək mümkündür. Özü də dialoq təkcə qlobal xarakter daşıyan məsələlər ətrafında yox, müəyyən kiçik bir məsələ ətrafında da baş tuta bilər”-deyən spiker müavininin fikirləri bu istiqamətdə daha bir fürsət kimi dəyərləndirilə bilər.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, deputat Eldar Ibrahimov da hesab edir ki,  Qarabağla bağlı Azərbaycan xalqının yekdilliyində heç bir problem yoxdur. Bu imkanlar barədə Modern.az-a fikirlərini bildirən YAP rəsmisinin sözlərinə görə, Qarabağ məsələsində nəinki Azərbaycanın daxilində, bütün dünyada yaşayan azərbaycanlılar yekdil rəyə malikdir.

“Biz ölkə daxilində olan bütün siyasi qüvvələrin mövqeyini bilirik. İqtidara münasibətindən  asılı olamayaraq siyasi qüvvələrin mövqeyi  Azərbaycan torpaqlarının qeyri-şərtsiz işğaldan azad olunmasıdır”-deyə E.İbrahimov qeyd edib.  

Millət vəkil deyib: “Prezidentimizə belə bir mövqedən çıxış etmək səlahiyyəti xalqımız tərəfindən verilib. Xalqın iradəsi Azərbaycan Prezidenti tərəfindən bütün beynəlxalq toplantılarda ortaya qoyulur. Bu iradə ondan ibarətdir ki, Azərbaycan torpaqlarının bir santimetri belə, danışıq mövzusu ola bilməz. Bəyan etmək istəyirəm ki, bu məsələdə Azərbaycanda siyasi mövqelərdə  tam həmrəylik var”.

YAP İdarə Heyətinin üzvünün sözlərinə görə, bütün dünya, Ermənistan, habelə vasitəçilik missiyasını beynəlxalq müstəvidə üzərinə götürmüş ATƏT-in Minsk Qurupu da yaxşı bilir ki, Qarabağla bağlı Azərbaycanda siyasi mövqe birmənalı olaraq Azərbaycan torpaqlarının qeyri-şərtsiz erməni işğalından azad edilməsidir.

“Bir daha bildirmək istəyirəm ki, Qarabağla bağlı Azərbaycanda iqtidarla müxalifətin mövqeyi xalqın mövqeyidir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycan xalqına qarşı soyqırımları törətmiş erməni canilərinin cəzalarına çatmasıdır”-deyə E.İbrahimov sonda vurğulayıb. 

İsa Qəmbər: “Müsavat Partiyası bu məsələdə hakimiyyətlə əməkdaşlığa hazır olduğunu bəyan edib”

Müsavat başqanı İsa Qəmbər Modern.az-a açıqlamasında Qarabağ məsələsində hakimiyyətlə birgə müzakirələrin aparılmasının perspektivi barədə danışarkən vurğulayıb ki, Müsavat bu problemə ümumilli məsələ kimi baxır.

“Müsavat Partiyası və bütövlükdə ölkənin demokratik quvvələri Qarabağ məsələsinə hər zaman ümumilli məsələ kimi baxıb. Ona görə də bu məsələ ilə bağlı bütün siyasi qüvvələrlə,o cümlədən hakimiyyətlə əməkdaşlığa hazır olduqlarını bəyan edib. Müsahibələrdə, bəyanatlarımızda bu dəfələrlə bildirilib. Bu dəyişən mövqe deyil.  Eyni zamanda nəzərə almaq lazımdır ki, hakimiyyət bu əməkdaşlığa maraq göstərmir”. 

İ.Qəmbərin sözlərinə görə, Ermənistanda siyasi qüvvələr arasında dialoqun baş tutmasının ən mühüm amili müxalifətin qoyduğu təkliflərə erməni hakimiyətinin reaksiya verməsi olub.  “Müxalifət quvvələri hakimiyyət qarşısında bir sıra təkliflər irəli sürüb. Siyasi məhbusların azad edilməsi, sərbəst toplaşma azadlığının təmin edilməsi, 2008-ci il seçkilərindən sonra  baş vermiş qanlı hadisələrin yenidən araşdırlıması və s. təkliflərlə çıxış edib. Faktiki olaraq Ermənistan rəhbərliyi bu təklifləri qəbul etdi. İrəvanın mərkəzi meydanlarında mitinq üçün şərait yaradıldı. Hətta müxalifətin növbədənkənar seçkilər tələbini hakimiyyət birbaşa qəbul etməsə də, onu müzakirə etməyə hazır olduğunu bildirdi. Təbii ki, belə şəraitdə Ermənistan hakimiyyəti və müxalifəti bu məsələdə birgə göründülər”- deyə Müsavat başqanı vurğulayıb.

İsa Qəmbər Azərbaycan hakimiyyətinin demokratik quvvələrin çağırışlarına baxmayaraq buna məhəl qoymamasından təssüfləndiyini bildirir.  
“Hadisələrə birgə müzakirə keçirməyə, birgə qərarlar qəbul etməyə yaxın gələn addımlar atmır. Təbii ki, belə şəraitdə Azərbaycan hakimiyyəti ilə müxalifəti arasında bu günə qədər məsləhətləşmə keçirmək mümkün olmayıb. Amma bu deyilənlərə baxmayaraq, Qarabağ məsələsinə milli məsələ kimi yanaşırıq. Prosesi diqqətlə izləyirik. Azərbycanın maraqlarına zidd qərarlar olacaqsa, bunun əleyhinə çıxış edəcəyik. Biz bu məsələyə siyasi maraq kimi baxmırıq. Bu bizim üçün ümummilli bir məsələdir”-deyə Müsavat başqanı vurğulayıb.

Qeyd edək ki, iqtiara dialoq təklifi ilə demək olar ki, ölkədə fəlaiyyət göstərən bütün müxalifət partiyaları çıxış ediblər. Hətta Azərbaycan Demokrat Partiyası iki il öncə rəsmi qaydada belə dialoqun başlanması üçün YAP-a rəsmi müraciət də etmişdi. Lakin bu müraciət sonradan nəticəsiz qaldı. Hər şeydən göründüyü kimi, siyasi qüvvələr arasında Qarabağla bağlı müzakirələr üçün siyasi elitanın milli maraqlar çərçivəsində birgə hərəkət etməsinin ilk pillə rolunu heç kim istisna etmir. Qalır bircə siyasi iradə nümayişi. ATƏT-in qaraqabaq və dinməz ekspertlərinin təşəbbüsü ilə bir masa arxasında oturmaqdansa, bunu özümüz, tərcüməçisiz etsək, daha yaxşı olar.. 

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər