Baş Prokurorluq bəayn edib ki, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə edilmiş uğurlarla yanaşı, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, xidməti, icra və əmək intizamının pozulması hallarına, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən əməkdaşlara münasibətdə ən qəti tədbirlərin görülməsi təmin olunur.
Modern.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, cari ilin aprel-iyun ayları ərzində xidməti intizamın kobud pozuntusu hallarına yol verdiklərinə görə Goranboy rayon prokurorluğunun böyük müstəntiqi Əhməd Fərhadov prokurorluq orqanlarından xaric edilib, Göygöl rayon prokuroru Füzuli Əliyev, Masallı rayon prokurorunun müavini Vaqif Bayramov və Göygöl rayon prokurorluğunun müstəntiqi Babək Paşayev tutduqları vəzifələrdən azad ediliblər.
Bundan başqa, xidməti, icra və əmək intizamının pozuntusu hallarına yol verdiklərinə, eyni zamanda qanun pozuntularının aradan qaldırılması üçün səlahiyyətləri çərçivəsində vaxtında zəruri tədbirlərin görülməsini təmin etmədiklərinə görə 14 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub, onlardan 11 nəfərə şiddətli töhmət və töhmət elan edilib. Eləcə də, tabeliklərində olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, aşkar edilən qanunsuzluq faktlarına münasibətdə prinsipiallıq göstərməyən, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olmaqla qanunsuzluqlara yol verən 5 rayon və şəhər prokuroru, Baş Prokurorluq və Bakı şəhər prokurorluğunun məsul şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər.
“Azərbaycan Respublikası Prokurorluğu orqanları bundan sonra da bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirməklə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığını daha da artıracaqdır”-deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Modern.az