Modern.az

Müxalifətin “Kölgə parlamenti” təşkil olunur: artıq siyahı tutulur

Müxalifətin “Kölgə parlamenti” təşkil olunur: artıq siyahı tutulur

Ölkə

30 İyun 2011, 14:29

Beynəlxalq təşkilatların dəstək verdiyi “Kölgə kabineti” ideyası üzərində də qızğın iş gedir


Azərbaycan müxalifət partiyalarının bir qismi “Kölgə parlamenti”ni elan etmək niyyətindədir. Bu barədə Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, hazırda bir sıra siyasi quvvələrlə “Kölgə parlamenti”nin tərkibinin dəqiqləşdirilməsi üçün iş aparılır.

“Hazırda biz “Kölgə parlamenti”ni müəyyənləşdirmək üçün 125 nəfərlik siyahını tərtib etməklə məşğuluq. Artıq siyahı tutulur” –deyə ADP sədri vurğulayıb. Partiya sədri bildirib ki, hələlik bu prosesdə İctimai Palatanın təsisçilərindən olan AXCP və Müsavat iştirak etmir.

“Hələik bu siyahıda AXCP və Müsavat partiyalarının nümayəndələrinin adları yoxdur. Amma bu partiyaların bəzi nümayəndələri ilə danışıqlar aparılır və onlara bu barədə müraciət ediləcək”-deyə S.Cəlaloğlu bildirib. 
ADP sədri “Kölgə kabineti” ideyasının bir sıra beynəlxalq təşkilatların marağına səbəb olduğunu açıqlayıb. S.Cəlaloğlu deyib ki, bu beynəlxalq qurumlar ideyanı dəstəkləyiblər.
“Onlar bizimlə söhbətdə “Kölgə kabineti”nin siyasi münasibətlərin formalaşmasına müsbət təsir göstərəcəyini vurğulayıblar”-deyə ADP sədri qeyd edib. 

Təklif etdikləri ideyaya qarşı bir sıra müxalifət partiyalarının kəskin reaksiyasını şərh edən ADP sədri qeyd edib ki, onların “Kölgə kabineti” ideyasına belə qısqanc münasibət ideyanın yeniliyindən doğur.  
“Bəziləri siyasi səhnədə müşahidə olunan qeyri-müəyyənlikdən yararlanmağa çalışırlar. Halbuki,  xalq indidən bilməlidir ki, müxalifətin təklif elədiyi baş nazir və digər postlara kimlər əyləşəcək. AXC hakimiuyyəti dövründə kadrlarla bağlı yaranan problemlər hamıya bəllidir. İndi bəzi şəxslər yenidən siyasi qeyri-müəyyənlikdən istifadə edib öz adamlarını irəli itələmək istəyirlər”deyə ADP sədri bildirib.

Normal ölkələrdə “Kölgə kabineti” siyasi partiyalar tərəfindən öz daxilində yaradılsa da,  Azərbycan tipli ölkələrdə vəziyyətin fərqli olduğunu deyən S.Cəlaloğlu qeyd edib ki, burada hakimiyyət məsələsi koalisiya şəklində həll edilə bilər. 

“Yəni müxalifət yalnız koalisiya şəklində hakimiyyətdə təmsil oluna bilər. Azərbaycan müxalifətinin birlikdə normal komanda yaratmaq imkanı var. İndi heç bir partiya rəhbəri idda edə bilməz ki, təkbaşına “Kölgə hakimiyyəti” qura bilər. Odur ki, “Kölgə kabineti” ideyası müxalifətin bir araya gəlməsi üçün imkan yaradır”-deyə ADP sədri vurğulayıb. 

Onun sözlərinə görə, müxalifət partiyalarının kadr ehtiyatı sarıdan vəziyyət ağırdır:
“Tanınmış ziyalılar partiyalardan gedirlər. Əli Kərimlinin, İsa Qəmbərin ətrafında olan məşhur ziyalılar partiyanı tərk edib xaricə gediblər. “Kölgə kabineti” həmçinin üzərinə məsuliyyət qoyulan şəxslərin işləməsi üçün stimul yarada bilər. Tuatq ki baş nazir olacaq şəxs artıq indidən özünün proqram və imkanlarını nümayiş etdirmək imkanı qazanacaq”.

“Kölgə parlamenti”nin təşkili prosesi başa çatdıqdan sonra ikinici mərhələ üçün “Kölgə kabinet”nin yaradılamsı prosesi başlanacaq.

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər