Modern.az

Rəbiyyət Aslanova: “Maraqlı qüvvələr kürd problemini Azərbaycana keçirməyə çalışırlar”

Rəbiyyət Aslanova: “Maraqlı qüvvələr kürd problemini Azərbaycana keçirməyə çalışırlar”

Ölkə

30 İyun 2011, 20:48

Milli Məclisin İnsan Haqları Üzrə Komitənin sədri kürd gənclərinin müraciətinə “bu yolverilməzdir” cavabını verdi

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova bir qrup kürd xalqına mənsub şəxsin Prezidentə müraciətini şərh edərkən belə avantürist məqsədin gizli niyyətlərdən xəbər verdiyini bildirib. Modern.az saytına açıqlamasında  komitə sədri deyib ki, guya hüquqlarının pozulduğunu idda edən kürd gənclərinin müraciəti ilə bağlı faktın mahiyyətinə varanda, uzağa gedən maraqlar ortaya çıxır. 

“Yaxın Şərqdə, İraqda böyük analitik mərkəzlər tərəfindən qaynaqlanan prosesin Azərbaycana köçürülməsi yolverilməzdir. Və mümkün olan şey deyil. Mən bu məsələnin ortaya atılmasının bir səbəbini görürəm. Bu cəhdlər Azərbaycanın bütövlüyündən, xalqlar arasında hökm sürən yüksək münasibətlərdən qorxuya düşən, ona təsir etməyə çalışan ayrı-ayrı mənbələrin istəklərdi. Həmin istəklərə cavab verən insanlara acıyıram. “Biz kürdük deyə hüquqlarımız pozulur” ifadəsini işlədən hər kəs aparılan siyasəti bir daha izləsin. Həqiqətin gözünə açıq baxsın. Onlar Azərbaycana qarşı aparılan siyasətə yardımçı olmamalıdırlar. Bu gün dünyada “parçala və hökm sür” siyasətinin yeni variantda gerçəkləşməsi göz qarşısındadır. Yaxın Şərqdə proseslərin əksəriyyəti elə kürd məsələsi ilə başladı. Bu gün Türkiyənin parçalanmasına aparan məsələ kürd məsələsidir, İraqda baş verən hadisələrin kökündə kürd dövlətinin yaratmaq məsələsi durur”-deyə deputat bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dilindən, irqindən asılı olmayaraq birgə yaşayışın çox böyük mədəni məkandır. Ölkədə tolerantlıq mühitinin formalaşmasının bu günün deyil, yüz illər qabaq yaranmış münasibətin nəticəsi olduğunu deyən deputat Azərbaycanda heç vaxt etnik və dini zəmində qarşıdurma olmadığını deyib. R.Aslanovanın sözlərinə görə, bu amil xalqlar arasında ünsiyyət mühitinin yüksək dəyərlərə söykənməsidir. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda bu gün çoxlu sayda milli azlıqlar, azsaylı xalqlar, etnik qruplar, o cümlədən kürdlər də yaşayır. Deputat qeyd edib ki, dünya üzrə 35 milyonluq kürdün çox az bir hissəsi keçmiş SSRİ ərazisində yaşayıb.

“Keçmiş SSRİ-də kürdlər cəmi 1 faiz yaşayırdı. Onların da yaşadıqları yerlər əsasən Azərbaycan, Ermənistan, Orta Asiya idi. Azərbaycanda heç vaxt “kürd” ifadəsi ilə insanlara münasibətdə ayrı-seçkilik olmayıb. Bu baxımdan bu gün “biz  kürdük, buna görə bizə ayrı-seçkilik var” demək yanlış və əssasız fikirdir. Azərbaycanda milli azlıqlara münasibətdə əldə olunmuş uğurlar dünyaya nümunə ola biləcək modeldir. Ölkədə olan milli azlıqların heç biri söyləyə bilməz ki, onların milli mənsubiyyət hüququ pozulub. Bunun arxasında dövlət məfkurəsi olan azərbaycançılıq durur”-deyə deputat vurğulayıb. Onun sözlərinə görə, bizim birliyimiz Azərbaycanın dövlət süverenliyinin əsasıdır.

“Bu günə qədər “kürdsən” ifadəsi altında hansısa bir fərqli münasibətin sərgilənməsinin şahidi olmamışıq. Məni də çox təəccübləndirən budur ki, hansısa bir tədbirdə kürd mədəniyyətinə, dilinə və s. qarşı ögey münasibətə dair yanlış fikirlər səslənir. Bu xalq öz dilində danışır, mədəniyyətini, adətini, ənənəsini qoruyur. Bununla əlaqadar kürdlərə qarşı hər hansı məhdudiyyətlərin olması faktı ortada yoxdur”-deyə deputat sonda qeyd edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər