Modern.az

Müəllimlərin işə qəbuluna start verildi

Müəllimlərin işə qəbuluna start verildi

Ölkə

1 İyul 2011, 10:50


Modern.az xəbər verir ki, iyulun 1-dən Təhsil Nazirliyi müəllimlərin işə qəbuluna start verib. Belə ki, bu gündən nazirliyin rəsmi internet saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsi açılıb. Həmin səhifədə işə düzəlmək istəyə müəllimlər elektron ərizə formasını doldurmalıdırlar. Elə bu gündən müəllimlərdən elektron ərizələrinin qəbuluna başlanılıb.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, bu il orta məktəblərdə 2000-ə qədər vakant yer müəyyənləşib. Həmin yerlərdən 800-ü həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ucqar bölgələrdədir. Vakant yerlərlə bağlı orta məktəblərdən göndərilən məlumatlar Təhsil Nazirliyinə daxil olandan sonra məlum olub ki, təhsil ocaqlarında əsasən informatika, gənclərin çağırışa qədərki hazırlığı, fiziki tərbiyə, kimya, biologiya, Azərbaycan dili, ədəbiyyat, xarici dil fənləri üzrə müəllimlərə ehtiyac var.
İyulun 1-dək 15-dək Təhsil Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan müəllimi” qəzetində  vakant yerlər haqqında elanlar veriləcək.

İşə qəbul təhsil naziri Misir Mərdanov müəllimlərin orta məktəblərdə işə qəbulunun tənzimlənməsi barədə bir müddət öncə imzaladığı əmrə müvafiq həyata keçirilir.

Bu əmrə müvafiq olaraq müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş vahid sistemə keçidlə əlaqədar dövlət ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən məzunların iş yerinə göndərilməsi üçün təyinatların verilməsi dayandırılıb.

İşə qəbulla bağlı müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılıb və "Test bankı" hazırlanıb.

Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, işə düzəlmək istəyənlərdən elektron əzrizələrin qəbulu iyulun 15-dən dayandırılacaq. Avqustun 1-dən isə müsabiqələrin keçirilməsinə start veriləcək.

Nazirin sözügedən əmrinə əsasən, Təhsil Nazirliyi sistemindəki bütün tipdən və növdən olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək. Birinci mərhələdə onların elektron ərizələrində göstərdikləri bilikləri qiymətləndiriləcək. İkinci mərhələdə test imtahanları keçiriləcək. Üçüncü mərhələdə isə müəllimlərlə müsahibələr aparılacaq.
Yekunda bu mərhələləri keçənlər məktəblərə işə qəbul ediləcəklər.

Əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər şamil olunmaqla kənd yerlərindəki ümumi təhsil müəssisələrinə işə qəbul zamanı ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş yaşı 35-dək olan gənclərə şamil olunacaq.

Müəllimlərin işə qəbulunun tənzimlənməsi ilə əlaqədar əmək qanunvericiliyindən və yeni əmrdən irəli gələn tələblərə ciddi riayət olunması, eləcə də yol verilən nöqsanlara görə bilavasitə məsuliyyət daşımaları yerli təhsili idarəetmə orqanlarının və ümumi təhsil müəssisələri rəhbərlərinin nəzərinə çatdırılıb.

Müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tətbiq ediləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər