Bir neçə gündür mətbuat Salyanda aparılan söküntü işlərindən, rayonun deputatı Əlağa Hüseynovla icra başçısı Tahir Kərimovun qarşıdurmasından yazır. Modern.az-a daxil olan məlumata görə də rayondakı Mədəniyyət evinin sökülməsi çox ciddi qalmaqala səbəb olub. Elə icra başçısı ilə deputatın münasibətlərinin pisləşməsinin bir səbəbi də bu məsələylə əlaqələndirilir.
Modern.az saytının əməkdaşı Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Emil Məmmədovla əlqə saxlayaraq ordakaı vəziyyəti onun dilindən xəbər alıb.
E.Məmmədov deyib ki, rayonda Fövqələda Hallar Nazirliyinin xətti ilə daşqından zərər çəkən əhali üçün şəhərcik salınıb, insanlara kompensasiya verilib. Bu işlərin sabiq icra başçısı, indiki deputat Əlağa Hüseynovun vaxtında görüldüyünü söyləyən hüquq müdafiəçisi bildirib:
“Sabiq icra başçısı Əlağa Hüseynov ötən ilin mayında baş verən Kür daşqınları zamanı Salyan şəhəri üçün bütün gücünü qoydu, selin qarşısını aldı. Onun rayonun indiki rəhbərliyilə qarşıdurmada olduğu barədə məlumatlar inandırıcı deyil. Mən təxminən bilirəm bu məsələdə kimlər maraqlıdır”.
Bununla belə, rayon Mədəniyyət evinin sökülməsini pisləyən hüquq müdafiəçisi deyib ki, həmin bina Salyanın tarixinin bir parçası idi.
“Sökülən Mədəniyyət evi salyanlı akademik Əlövsət Quliyevin adını daşıyırdı. 6-7 ay bundan əvvəl həmin Mədəniyyət evinin tavanın yenilənməsinə, istilik sisteminin quraşdırılmasına yüz minlərlə manat pul xərclənib. Bina sökülür, yəqin ki, akademik Əlövsət Quliyevin Mədəniyyət evinin qarşısındakı abidəsi də, divardakı barelyefi də götürüləcək. Şəxsən mənim qəlbim ağrıyır. Mədəniyyət evinin sökülməsi burada insanların əhval-ruhiyyəsində narazılıq doğursa da, cəsarət edib narazlığını bildirən yoxdur”.
Emil Məmmədov deyir ki, deputat Əlağa Hüseynovun belə məsələlərə qarışmasına inanmır, amma onun mövqeyini də tam bilmir.
“Əlağa müəllimlə icra başçısı arasında problemin olmasına inanmıram. Belə bir söhbət eşitməmişəm, amma düzü çox dərinə də getməmişəm, insanların şəxsi həyatlarına qarışmıram”.
Müsahibimizn sözlərinə görə, bu günlər Salyanda ciddi insidentin müşahidə etməyib.
“Amma onu deyim ki, Əlağa Hüseynov Salyanda çox böyük nüfuza malik adamdır. O, icra başçısı işlədiyi vaxtı salyanlıların rəğbətini qazanıb”.
Modern.az