Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılmış beynəlxalq komissiyanın Azərbaycan tərəfindən rəhbəri, AZAL-ın vise-prezidenti İlham Əmirov şənbə günü keçirdiyi mətbuat konfransında bir səra məsələlərə toxunub.
İ.Əmirov təyyarənin bütün ekipaj üzvlərinin həlak olduğunu ehtimal etdiklərini vurğulayıb.
İyulun 6-da qəzaya uğramış İL-76 4K-AZ55 yük təyyarəsinin məxsus olduğu Azərbaycanın "Silk Way" şirkətinin prezidenti Zaur Axundov isə bəyan edib ki, həlak olmuş ekipaj üzvlərinin ailələrinə kompensasiya ödəyəcək. Bu, 9 ailənin hər birinə 100 min manat məbləğində olacaq.
Komissiya rəhbəri İ.Əmirov qeyd edib ki, qəzanın baş verdiyi ərazidə hələki heç kim tərəfindən foto və videoçəkiliş aparılmadığından, bəzi KİV-lərdə nümayiş etdirilən foto və videomaterialların hadisə ilə bağlılığı yoxdur. (Dünən ANS telekanalı belə bir videomaterial yayımlamışdı-M.A.).
Onun sözlərinə görə, indiyədək yayılan foto və videomateriallar köhnə qəzalara aiddir və insanları çaşdırmaq olmaz.
İlham Əmirov deyib ki, hadisə yerində döyüşlər getdiyindən cəsədləri və təyyarə qalıqlarını götürmək üçün yerli rəsmi orqanlarla yanaşı, ərazidə olan “Taliban” hərakatı ilə əlaqə yaradılmasına cəhd göstərilir.
Mail Ağaxanov