Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 10-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a məlumatında bildirib ki, hazırda komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin statistik məlumatlara əsasən 2011-ci ildə I qrup üzrə ərizə vermiş 33587 abituriyentdən 937 nəfəri imtaha gəlməyib.
Abituriyentlərdən 60 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar. Onlardan 1 nəfəri başqasını əvəzinə imtahan verməyə cəhd etdiyinə görə, 2 nəfər imtahana mobil telefonla keçməyə cəhd etdiyi üçün, digərləri isə sual və ya cavab kartlarını bir-birinə ötürdüklərinə, köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunublar. İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılıb.
İyulun 3-də saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunan sualların düzgün cavabları elan edilmiş və test tapşırıqları ilə bağlı geniş izahat verilib.
İmtahanda istifadə olunan sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib.
Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər.
Qeyd edək ki, I ixtisas qurupuna qəbul imtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada aparılıb.
Modern.az