Modern.az

“Azərsu”yun sədri Oğuz-Qəbələ-Bakı kəmərilə suyun hansı ərazilərə verildiyini açıqalayıb

“Azərsu”yun sədri Oğuz-Qəbələ-Bakı kəmərilə suyun hansı ərazilərə verildiyini açıqalayıb

Ölkə

13 İyul 2011, 10:16

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib ki, ötən ilin sonunda istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəmərinin işə düşməsi ilə paytaxt əhalisinin su təchizatında əsaslı dəyişikliklər olub. İstismar qaydalarına uyğun olaraq, Oğuz-Qəbələ-Bakı kəməri ilə paytaxta ötürülən su sərfi saniyədə 4,3 kubmetrə çatdırılıb və ilin sonuna qədər kəmərin məhsuldarlığı layihə gücünə, yəni saniyədə 5 kubmetrə çatdırılacaq.
“Hazırda Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə öz axını ilə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir.
Şəhərin şərq hissəsinə digər mənbələrdən verilən suyun artırılması hesabına Nizami, Xətai, Suraxanı rayonlarının 2-3 gündən bir su alan ərazisinə indi hər gün səhər və axşam su verilir. Görülən tədbirlər nəticəsində 20-ci Sahə, Badamdar, Lökbatan, Yeni Yasamal, Hövsan, Əhmədli və 8-ci Kilometr yaşayış sahələrinin içməli su ilə təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Kəmərin istismara verilməsi ilə yay aylarında gərgin rejimdə işləyən Ceyranbatan və Kür su kəmərlərinin hidravlik iş rejimləri normallaşmışdır. Nəticədə magistral kəmərlərdə baş verən qəzaların sayı əhəmiyyətli dərəcədə azalmışdır”.
Q.Hüseynov deyib ki, cari ilin yanvar-iyun aylarında cəmiyyətin müəssisə və təşkilatları tərəfindən istehlakçılara 135 milyon kubmetr həcmində su satılmış və onun 74,8 faizinin haqqı yığılıb. Onun sözlərinə görə, 2011-ci ilin ilk 6 ayında respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədilə büdcə vəsaiti hesabına 61 kilometr, daxili imkanlar hesabına isə 20 kilometrə yaxın su xətti çəkilib, 10 kilometrdən artıq kanalizasiya kollektoru quraşdırılıb, ümumi həcmi 2200 kubmetr olan 4 su anbarı, 2 su nasos stansiyası tikilib, 6 subartezian quyusu qazılıb, 50-dən artıq subartezian quyusu təmir edilərək istismara verilib.
Hazırda Bakıda və regionlarda 30-dan artıq obyektdə tikinti-quraşdırma işləri davam etdirilir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakıətrafı qəsəbələrin etibarlı və dayanıqlı su təchizatı üçün Ceyranbatan su təmizləyici kompleksinin ərazisində məhsuldarlığı saniyədə 6 kubmetr olan yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı, Masazır, Balaxanı, Ramana, Zirə, Pirallahı qəsəbələri istiqamətində 800-1400 millimetr diametrli, uzunluğu 150 kilometrə qədər olan paylayıcı magistral kəmərlər tikiləcəkdir. Bu kəmərlərə veriləcək suyun optimal idarə olunması və elektrik enerjisinə qənaət edilməsi məqsədilə ümumi həcmi 200 min kubmetr olan 10 su anbarının tikintisi planlaşdırılır.
Paylayıcı kəmərlərin və anbarların inşası Abşeron yarımadası üçün əlavə su şəbəkəsi yaradacaqdır ki, bu da Bakı şəhərinin mövcud kəmərlərdən su alan zonalarının daha etibarlı şəkildə su təminatının aparılmasına imkan verəcəkdir”.
Qorxmaz Hüseynov çirkab sularının toplanaraq idarə olunması layihələri, su təchizatı və kanalizasiya tikintisi ilə əlaqədar həyata keçirilən digər tədbirləri də diqqətə çatdırıb və yeni layihələrin elektrik enerjisi sərfiyyatını əsaslı şəkildə azaltmağa imkan verəcəyini vurğuladı. O, tezliklə respublikamızın su təsərrüfatı sistemində ən müasir standartlara cavab verən layihələrin tətbiq ediləcəyini bildirərək deyib:
“Yeni layihələrin icrası zamanı SCADA sisteminin yaradılması da nəzərdə tutulmuşdur ki, bu sistem Bakı şəhərində su və kanalizasiya şəbəkələrinin vahid mərkəzdən idarə olunmasını təmin edəcəkdir”.
Onun sözlərinə görə, Azərbaycan Hökuməti ilə beynəlxalq maliyyə təşkilatları arasında bağlanmış sazişlərə uyğun olaraq 8 şəhərdə - Gəncə, Şəki, Ağdaş, Göyçay, Şamaxı, Qəbələ, Şabran və Siyəzəndə tikinti işlərinə başlanılıb. 2011-ci ilin sonuna qədər isə Saatlı, Sabirabad, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik və Yardımlıda işlərə başlanması planlaşdırılır. Eyni zamanda, büdcə vəsaiti hesabına Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Goranboy və Göygöl şəhərlərinin su və kanalizasiya sistemləri yenidən qurulur.
Hazırda 2011-ci ilin dövlət büdcəsinin dürüstləşdirilməsi zamanı ayrılmış vəsait hesabına bir sıra rayon mərkəzlərində işlərə başlamaq üçün Nazirlər Kabineti ilə müzakirələr aparılır. Qalan rayonlarda isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 2012-ci ildə başlanması nəzərdə tutulur.


Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər