Modern.az

IV qrupun abituriyentləri imtahan verdilər

IV qrupun abituriyentləri imtahan verdilər

16 İyul 2011, 10:40

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə  IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. Həmin gün eyni zamanda Hərbi Liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) qəbul imtahanı aparılıb. İmtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçirilir. Orta ümumtəhsil müəssisələrindən 1290 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 132 imtahan rəhbəri cəlb olunub.

İmtahanın gedişini işıqlandırmaq üçün 50 KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.  

2011-ci ildə IV qrup üzrə 14619 abituriyent ərizə təqdim edib.

IV ixtisas qrupu üzrə sənəd verənlərin 13525 nəfəri Azərbaycan bölməsinin, 1094 nəfəri isə rus bölməsinin məzunudur.  Abituriyentlərin  7307 nəfərini oğlanlar, 7312 nəfərini isə qızlar təşkil edir.

8281 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.

5882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 70 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 51 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali  təhsil almaq arzusundadır.

405 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1958 -ci ildən, ən gənc isə 1996-cı ildəndir.

Bakı şəhərində 10804 abituriyent, Naxçıvanda 1048 abituriyent, Gəncədə 1848,  Lənkəranda  isə 919 abituriyent imtahan verir. 

Bu ixtisas qrupuna tibb, kimya, biologiya, aqrar, psixologiya və idman ixtisasları daxildir. Abituriyentlər ana dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan verirlər.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:30-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

IV ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 20-dən 28-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə IV ixtisas qrupuna  daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən  təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər