Modern.az

Əcnəbilərlə nikah bağlayan azərbaycanlı qızlar...

Əcnəbilərlə nikah bağlayan azərbaycanlı qızlar...

27 İyul 2011, 15:35


Vaxt var idi Azərbaycanda ailə həyatı quran gənclər əcnəbilərlə nikaha soyuq yanaşırdılar. Çox az hallarda azərbaycanlı oğlanlarla başqa millətlərdən olan qızların nikahı qeydə alınırdı, qızlarımız isə ümumiyyətlə beynəlmiləl ailə qurmurdurlar. Amma indi beynəlmiləl ailə qurmağa 20-30 il öncəki kimi yanaşılmır.

Modern.az saytı xarici vətəndaşlarla ailə quran azərbaycanlı xanım jurnalistlər barədə tez-tez yazılar dərc edir. Amma xarici vətəndaşlarla ailə quranlar azərbaycanlılar təkcə jurnalistlər deyil. Bu sırada digər təbəqələrdən olan oğlanlar və qızlar daha çoxdur.

Modern.az saytının araşdırmasına görə, əcnəbi və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlılar arasında qızlar oğlanlardan bir neçə dəfə çoxluq təşkil edir.
 
Rəsmi statistika göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı həm də xeyli artıb. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, birinci yarısında Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 792 nikah bağlanıb. Bu göstərici ötən ilin müvafiq dövründə 733 olub.

Məlum olub ki, bu ilin 6 ayında əcnəbi və vətəndaşlığı olmayanlarla nikah bağlayan 792 Azərbaycan vətəndaşından 640 nəfəri xanımlardır.

Araşdırmalarımıza görə, Azərbaycan vətəndaşları indiyədək 60-dan çox ölkədən olan əcnəbi ilə ailə həyatı qurublar.  Faktlara nəzər salanda görmək olar ki, beynəlmiləl nikaha isti münasibət bəsləyən müasir azərbaycanlılar sevib-sevdiyi əcnəbi oğlanların dili, dini, irqinə fərq qoymayıblar. Yəni, atalar demişkən «könül sevən göyçək olar».

Əcnəbilərə ərə gedən azərbaycanlı xanımlar daha çox türklərlə beynəlmiləl izdivac bağlayıblar. Azərbaycanlı qızların xoşbəxt etdiyi əcnəbilərin sırasında sonrakı yerdə İran vətəndaşları olan kişilər gəlir. Xanımlarımızla ailə quran əcnəbi kişilər arasında Almaniya, İsrail, ABŞ, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var.
 
Faktlar belə deməyə əsas verir ki, milli mentaliletin min illər boyu hifz edə bildiyi özünəməxsus adət-ənənələrimiz bu gün yavaş-yavaş dəyişikliyə uğrayır. Görünür yeni sivilizasiyalar, mövcud siyasi, iqtisadi, mədəni və sosial durum digər xalqlar kimi azərbaycanlılara da təsirsiz ötüşməyib.

Bəzi ekspertlər fikrincə, əcnəbilərlə nigah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardır. Son 10 ildə mülki vətəndaşlar arasında əlaqələrin genişlənməsi və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası bu cür nikahların sayının artmasına səbəb olub.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova azərbaycanlıların əcnəbilərlə ailə qurmasını müxtəlif səbəblərlə bağlayır: “Adətən hər bir insan fikirləşir ki, əgər ondun yaşadığı ölkədə problemi varsa, Avropaya getsə, heç bir problem olmayacaq. Başqa bir streotiplər isə düşünür ki, əgər o, avropalı kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq. Xüsusən gənc xanımlar fikirləşirlər ki, xarici vətəndaşla ailə həyatı qursa, problemlərlə üzləşməyəcək”.
M.Əzizova Avropada da hər şeyin ideal olmadığını deyir: “Çünki ilk növbədə müxtəlif mədəniyyətlə rastlaşa bilərsən. Avropanın özündə də bu gün problemlər çoxdur. Qanuni tərəfdən götürdükdə də Azərbaycan xanımları üçün problemlər yarana bilər. Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Ancaq Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Amma Avropanın elə ölkələri var, uşağı ata ilə saxlayırlar. Yəni bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər”. 

Mətanət Əzizova avropalıların daha çox Qafqaz ölkələri və türk qadınları ilə evlənməyə meyilli olduqlarını deyir: “Çünki Avropa qadınları özləri üçün karyera qurmağa çalışırlar. Mən bir dəfə Avropada olarkən orada söhbətləşdiyim kişilər mənə dedi ki, onlarda intim həyat üçün xüsusi günlər təyin olunub. Buna görə də Avropalı kişilər robot Avropa qadını ilə yox, daha yaxşı isti münasibət quran və yola gedən müsəlman qadını ilə ailə qurmaq istəyirlər. Nəinki öz ölkəsinin qadınıları ilə”.

Əcnəbilərin azərbaycanlı xanlmlarla ailə qurmağa can atmasının digər səbəbi kimi azərbaycanlı qızların daha ailəcanlı, ərinə sədqətli, ismətli olması göstərilir.

“Təzə Pir” məscidinin axundu Hacı Faiz isə deyir ki, İslam dininə görə, qeyri-müsəlmanla evlənmək qadağandır: “Əgər azərbaycanlının ailə quaracağı şəxs başqa dindən olarsa, İslam dini buna icazə vermir. Yəni milliyətindən asılı olmayaraq başqa dindən söhbət gedir. İngilis, fransız və başqa millətdəndirsə, müsəlmalığı qəbul edirsə, onda bu günah deyil. Əgər əcnəbi müsəlmanlığı qəbul etmirsə, ona qız vermək olmaz. Bu qadağandır”.

Hacı Faiz deyir ki, hər hansı müsəlman başqa millətin vətəndaşı ilə ailə qurursa, xüsusən əcnəbi oğlan tərəf gələcəkdə ondan dünyaya gələn övladı öz tərəfinə çəkəcək.  Müsahibimizin fikrincə, əcnəbilərlə qurulan nikahlar çox hallarda uğursuz olur: “Bizim xalq elə bilir ki, xaricdə yel əsib, qoz tökülüb. O qədər qızlarımız var ki, Türkiyə, İran, ərəb ölkələrinə və başqa yerlərə ərə gedirlər, ancaq sonra boşanıblar. Yəni onların fikirləşdikləri kimi olmur. Elə şəraitə düşürlər ki, ora uyğunlaşa bilmirlər. Əksər hallarda belə olur. Ona görə də gənclər bilməlidirlər ki, qeyri-dindən olan əcnəbi ilə evlənmək şəriətdə qadağandır. Əgər o İslamı qəbul edərsə, bu evlilik mümkündür. Ancaq əcnəbi də müsəlmanlığı evlənmək xətrinə qəbul etməməlidir”.

Boşanmaqdan söz düşmüşkən, Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatına görə, bu ilin 6 ayında Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayanlarla qeydə alınan nikahların 19-u pozulub.

Adəm Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ