Modern.az

İlham Əliyev Sərkisyana cavab verib: "Fil ilə qarışqanı müqayisə etmək olmaz"

İlham Əliyev Sərkisyana cavab verib: "Fil ilə qarışqanı müqayisə etmək olmaz"

28 İyul 2011, 00:11

İyulun 27-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı olub.

Mətbuat konfransənda İlham Əliyev hazırda Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.

”Bir daha bəyan edirik ki, siyasi əlaqələr ən yüksək səviyyədədir, deyə bilərəm ki, zirvədədir. İqtisadi sahədə çox gözəl perspektivlər var. Çox şadam ki, bu il ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmışdır. Yeni planlar, yeni təkliflər var. İnvestisiya yönümlü təkliflər nəzərdən keçirilir. Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri Türkiyəyə sərmayə qoyur. Azərbaycan şirkətləri indiyə qədər Türkiyə iqtisadiyyatına 4 milyard dollardan çox vəsait qoymuşdur. Növbəti illərdə təkcə neft kimyası sənayesinə 6 milyard dollar əlavə sərmayə qoyulması nəzərdə tutulur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrinin icrasında türk şirkətləri fəal iştirak edir və biz onların fəaliyyətindən çox razıyıq”.

İlham Əliyev deyib ki, o, Ərdoğanla regional təhlükəsizlik məsələlərini müzakirə edib.

”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə əlaqədar mən hörmətli Baş nazirə Azərbaycanın mövqeyini bir daha ifadə etdim və danışıqların son durumu haqqında məlumat verdim. Bir daha demək istəyirəm ki, Türkiyənin bu məsələ ilə bağlı tutduğu mövqeyə görə Azərbaycan xalqı və Azərbaycan dövləti çox minnətdardır. Bu həqiqətən də dostluq, qardaşlıq münasibətidir. Biz bunu çox yüksək qiymətləndiririk.
Bildiyiniz kimi, bizim torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpağından didərgin düşüb və qaçqın-köçkün həyatı sürür. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı soyqırımı, genosid törətmişlər. Xocalı genosidi törətmişlər. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınır, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Məsələnin həlli üçün əsas beynəlxalq təşkilatlar öz mövqeyini bildirmişlər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi ədalətli qərar və qətnamələr bu məsələnin həlli üçün əsasdır”.

Prezidentin sözlərinə görə, bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar fikir mübadiləsi aparıblar.

”Türkiyə-Azərbaycan əməkdaşlığının bu sahədəki perspektivləri haqqında danışdıq. Mən fürsətdən istifadə edərək, bu yaxınlarda qanlı terror hadisələrində qardaşlarımızın həlak olması ilə əlaqədar bütün türk xalqına başsağlığı vermək istəyirəm. Biz PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyirik, bu məsələ ilə əlaqədar dəfələrlə öz mövqeyimizi bildirmişik. Bir daha demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və ona qarşı mübarizədə həmişə olduğu kimi, Türkiyə dövlətinin və xalqının yanındadır. Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər. Bizim isə Türkiyə ilə bütün sahələrdə olduğu kimi, terrorizmə qarşı mübarizədə də əməkdaşlığımız çox yüksək səviyyədədir”.

İlham Əliyev Ermənistan Prezidenti Serj Sərkisyanın “Dağlıq Qarabağı biz aldıq, yeni nəsil də Ağrı dağını ələ keçirsin” sözlərinə münasibət bildirib:

“...Əslində, Sarkisyandan başqa bir şey gözləmirdim. Çünki dəfələrlə onunla görüşmüşəm...
...Onun düşüncə tərzinə yaxşı bələdəm. Əslində bu, Ermənistanın işğalçı mahiyyətini göstərir. Bu ölkə problemlər içindədir. Bu ölkədən qaçanların sayı on minlərlə ölçülür. Ölkə iqtisadiyyatı tam böhran içindədir - yoxsulluq, səfalət, ümidsizlik. Bir dənə də olsun əməlli-başlı müəssisə yoxdur, xarici ianələr, xaricdən himayədarlıq edənlər olmasa bu ölkə çökər. Belə olan halda, real əhalisi 1 milyon 800 min nəfər olan halda bu adamlar Türkiyənin əzəli, tarixi torpaqlarına iddia edirlər.
Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsini həll ediblər. Onlar yanılırlar. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır. Vaxt gələcək, Azərbaycan Dağlıq Qarabağ üzərində öz suverenliyini ya barış yolu ilə, ya da hərb yolu ilə bərpa edəcəkdir.
Ancaq Türkiyə kimi böyük bir ölkəyə qarşı torpaq iddiasında olmaq? Bu, sadəcə onu göstərir ki, bu adamların başında nəsə çatmır. Onlar real dünyada yaşamırlar, özlərinin yaratdığı xülya dünyasında yaşayırlar. Onlar o yuxudan oyansınlar, real dünyaya qayıtsınlar və özlərini Türkiyə ilə, heç olmasa, müqayisə etsinlər. Fil ilə qarışqanı müqayisə etmək olmaz”. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər