“Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı” ictimaiyyət üçün qapalı sənəddir və yalnız daxili istifadə üçündür”. Bu sözləri Modern.az-a açıqlamasında XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.
Onun sözlərinə görə, bu siyahıya təkcə işğal olunmuş Dağlıq Qarabağa səfər etmiş şəxslər deyil, Azərbaycanın dövlət maraqlarına zidd olaraq qanunverisilik tələblərini pozmuş digər şəxslər də daxil edilir.
“Bu sənəd ictimaiyyət üçün açıqlanmır. Orada olan məlumatlard daxili istifadə üçün nəzərdə tutulub”-deyən XİN mətbuat katibi qeyd edib. Bununla yanaşı, E. Poluxov vurğulayıb ki, adları “qara siyahı”dan çıxarılanlar da var. Bu müvafiq prosedurdan sonra baş verir.
Qeyd edək ki, Azərbaycanın dövlət maraqlarına zidd olaraq fəaliyyət göstərən əcnəbilər XİN-in “qara siyahısı”na salınırlar. Bu siyahıya əsasən işğal olunmuş Qarabağ torpaqlarına rəsmi Bakının icazəsi olmadan gələn jurnalistlər, sənət adamları və diplomatlar salınıb.
Sonuncu olaraq bu siyahıya “İzvestiya” qəzetinin müxbiri Yuri Sneqirev salınıb. Bundan əvvəl “Exo Moskvı” radiosunun əməkdaşı Sergey Buntman, rus estrada müğənniləri Soso Pavliaşvili, Katya Lel və digərləri siyahıda yer alıb. Katya Lel sonradan üzr istəyərək Dağlıq Qarabağa aldadılaraq aparıldığını bildirib. Bundan sonra onun adı “qara siyahı”dan çıxarılıb.
Modern.az