Modern.az

Ali məktəblərdə boş qalan yerlərə keçid balları elan olundu

Ali məktəblərdə boş qalan yerlərə keçid balları elan olundu

Ölkə

5 Avqust 2011, 11:47

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında orta ixtisas təhsil müəssislərinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin avqustun 5-dən başlandığını bildirib. Onun sözlərinə görə, avqustun 9-dək davam edəcək ixtisas seçimində abituriyent elektron ərizəsində orta ixtisas məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə olan ixtisasların da kodlarını da göstərə bilər.

M.Abbaszadə ali məktəblərdə boş qalan yerlərə hər qrup üzrə keçid ballarını açıqlayıb.
“I qrup üzrə ümumi balı 200-dən, II və III qrup üzrə ümumi balı 250-dən, IV qrup üzrə isə ümumi balı 350 və daha çox olan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişi əsasında ayrılan yerlərin ixtisas seçimində isə I ixtisas qrupu üzrə ümumi balı 300-dən, II qrup üzrə ümumi balı 400-dən, III ixtisas qrupu üzrə 350-dən az olmayan və hər bir imtahan fənni üzrə ayrılıqda toplanan nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilirlər”.

Ali məktəblərdə 2087 boş yer qalıb. Boş qalan plan yerlərinə qəbul bu gün başlayıb avqustun 9-na kimi davam edəcək. 

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:
Orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:

I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qrupları üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I  və ya IV qrupları üzrə ümumi balı 100-dən az olma­yan abituriyentlər iştirak edə bilərlər.

III qrup ixtisasların  müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

III qrupun xarici dil ixtisaslarının müsa­biqəsində ali təhsil müəssisələrinin III  qrupu üzrə ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

III ixtisas qrupu üzrə test imtahanı verən abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları altqrupun balı ilə iştirak edirlər.

Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

İxtisas seçimi avqustun 5-dən 9-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisə­lərinin boş qalan yerləri olan ixtisaslarının da kod­larını  (bunlar “Abituruyent” jurnalının 7-ci sayında təqdim olunmuşdur) göstərə bilərlər.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələ­rinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 15-dək ixtisas kodu­nu seçir və onları www.tqdk.gov.az/ali2010/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir.

Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının 5-ci sayında tanış olmaq olar.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!