Modern.az

Sabunçuda “Dövlət Bələdiyyələri Həmkarlar İttifaqı” adlı təşkilat əhalidən pul yığır

Sabunçuda “Dövlət Bələdiyyələri Həmkarlar İttifaqı” adlı təşkilat əhalidən pul yığır

10 Avqust 2011, 12:55

Sənədsiz evlərin sakinlərinə 30 manat pul müqabilində qeydiyyatın aparılacağı ilə bağlı vəd verilir

Sabunçu rayonunda özlərini Dövlət Bələdiyyələri Həmkarlar İttifaqı adlı təşkilatın  qiymətləndirmə üzrə mütəxəssisləri kimi təqdim edən şəxslər fərdi yaşayış evlərinin inventarılaşdırılmsı və qeydiyyata alınması vədi ilə sakinlərdən  pul yığırlar. Bu barədə Modern.az-a Sabunçu rayonunun sakinləri bildiriblər.

Özünü adıçəkilən təşkilatın qiymətləndirmə üzrə mütəxəssisi kimi təqdim etmiş Rahib Əliyev isə Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin sakinlərinə bildirib ki, onlar tərəfindən yaşayış evləri qeydiyyata alınır və bunun üçün 30 manat pul ödənilməlidir. Onun sözlərinə görə, pul ödənildikdən sonra ay yarım ərzində evə aid sənədlər sakinlərə təqdim ediləcək. Lakin R.Əliyev evlə bağlı hansı qeydiyyat sənədindən söhbət getidiynə aydınlıq gətirməyib. Sakinlər arasında pul verənlər olsa da, bir qismi buna etirazını bildirib.

Modern az məsələni aydınlaşdırmaq üçün həmin şəxsin sakinlərə verdiyi mobil telefon nömrəsinə zəng etməklə Rahib Əliyevlə əlaqə saxlayıb. Özünü Dövlət Bələdiyyələri Həmkarlar İttifaqının qiymətləndirmə üzrə mütəxəssisi kimi təqdim edən Rahib Əliyev saytımıza bildirib ki, yaşayış evləri təmsil etdiyi qurum tərəfindən qeydiyyata alınır.
“Bizim idarə tərəfindən sakinlərə universallaşdırma və hesabat cədvəli şəklində sənəd veriləcək.  Sənədlər ən tezi bir aya sakinlərə təqdim ediləcək”-deyə qısa danışan R.Əliyev bildirib ki, hazırda fərdi evlərin qiymətləndirilməsi təkcə Sabunçu rayonu üzrə getmir. R.Əliyev deyib ki, ona görə də sənədlərin qaydaya salınması vaxt aparır.

Özünü mütəxəssis kimi təqdim edən şəxs həmçinin bildirib ki, bu qeydiyyatın Prezident İlham Əliyevin sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı verdiyi sərəncama aidiyyatı yoxdur.

Hər halda bu yeni qurumun təyinatı ilə bağlı ciddi şübhələrin yaranaması əsaslı sayıla bilər. İlk olaraq qeyd edə bilərik ki, təşkilatın adı kifayət qədər şübhəli görünür. Bələdiyyələrin seçki yolu ilə formalaşan bir qurum olduğunu nəzərə alsaq, bu təşkilatın adının qarşısında “dövlət” sözünün yazılması qətiyyən uyğun gəlmir. Digər tərəfdən ölkədə indiyə qədər “Dövlət Bələdiyyələri Həmkarlar İttifaqı” adında qurum barədə heç bir məlumat açıqlanmayıb.

Modern.az məlumatı araşdırır...

 Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər