Eks-prezident Ayaz Mütəllibovun vəfat etmiş oğlunun yas mərasimini keçirmək üçün çadır qurulmayıb.
Bu barədə Modern.az saytına açıqlamasında ASDP-nin həmsədri Araz Əlizadə bildirib. Onun sözlərinə görə, hüzr mərasimi Ramazan ayına düşdüyü üçün mağar qurmağa ehtiyac olmayıb.
“Palatka qurulsa, gərək çay, ehsan da verilsin. Orucluq ayında isə bunu etmək olmaz”-deyən A.Əlizadənin sözlərinə görə mərhumun üçü ilə bağlı veriləcək ehsan internat məktəblərinə göndəriləcək.
ASDP həmsədri həmçinin qeyd edib ki, eks-prezident başsağlığına gələnələr üçün xüsusi mərasim də təşkil etməyib.
“Bütün başsağlığı vermək istəyənlər Təzəpir məscidinə gəlmişdilər. Ayaz müəllim növbəti dəfə sentyabrda mərhumun 40 mərasimində başsağlığı qəbul edəcək”-deyə A.Əlizadə vurğulayıb.
Dünən 49 yaşlı oğlunu dəfn edən Ayaz Mütəllibova 19 illik fasilədən sonra Moskvadan Bakıya gəlməsi üçün ölkəmizin Rusiyadakı konsulluğu müvəqqəti arayış verib.
Eks-prezidentin toxunulmazlığı dövlət səviyyəsində təmin olunub. A.Mütəllibovun Azərbaycanda hələ neçə gün qalacağı barədə açıqlama verilmir.
Modern.az