Ölkəmizdə müxtəlif sahələr üzrə bir sıra iri şirkətlər fəaliyyət göstərir. Bu sırada yerli şirkətlərlə yanaşı xarici şirkətlər də var. Onların xidmətlərindən, isteühsal etdikləri məhsullardan Azərbaycan əhalisi bu və ya digər dərəcədə yararlanır. Ümumiyyətlə, onların istehsal etdiyi məhsullar, xidmətlər necədir?
Modern.az olaraq öncə “Azersun” şirkətinin istehsal etdiyi məhsullarının keyfiyyəti barədə ekspertlərin rəyini öyrənm'k ist'dik. Qeyd edək ki, hazırda Azərbaycanln qida bazarının böyük hissəsinə nəzarət edən “Azərsun” şirkəti yağ, çay, qənd, şəkər tozu, ət konservləri, turşular, duz və digər ərzaq malları istehsal edir. Onların keyfiyyəti barədə isə birmənalı fikir yoxdur. Elə bunu danışdırdığımız ekspertlərin rəylərindən də görmək olar.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ərzaq bazarında çox böyük çəkiyə malik olan “Azərsun” şirkətinin istehsalını müəyyən yollarla nəzarətdə saxladıqlarını bildirib. “Məsələn, Azad İstehlakçılar Birliyinin bir adamı “Azərsun”un istehsal şirkətlərindən birində işləyir və biz ordan daim informasiya alırıq: orda əkin prosesi necə gedir? Torpağa gübrələr vurulurmu və ya vurulurmu və s.”.
E.Hüseynov qeyd edib ki, “Azərsun”la bağlı onlara çox nadir hallarda şikayət daxil olub. Onun sözlərinə görə şirkətin bazarda çox böyük yer tutmasına baxmayaraq, şikayətlər minumumdur.
“Mən 13 il ərzində yaxşı bir şey deməmişəm. Amma “Azərsun” yeganə şirkətlərdəndir ki, şikayət gələn kimi onun distribütorları gəlib malı ekspertizaya götürürlər, şikayətçi ilə əlaqə yaradırlar, malı araşdırırlar və s.”.
Əhalinin şirkətin məhsullarının keyfiyyəti haqda narazılıqlarına gəlincə, AİB-in sədri bu haqda məlumatının olmadığını deyib. “Siz bilirsiniz ki, onlar Azərbaycanda böyük şirkət olduqları üçün böyük bazarda onlarla rəqabətə girişən şirkətlər də var. Mən düşünürəm ki, bu onların rəqibləri tərəfindən yayılan bir məsələdir. Çünki bizim onlardan gizli monitorinq apardığımız yerlərdə mənfi bir şey çıxmayıb”.
Tibb elmləri doktoru, tanınmış həkim Adil Qeybulla hesab edir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsi ürəkaçan vəziyyətdə deyil. Onun fikrincə, istər Azərbaycanda istehsal olunan, istərsə də Azərbaycana idxal edilən qida məhsulları aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunur.
““Azərsun”a gəlincə isə mən o şirkətin istehsal etdiyi məhsullardan istifadə etmirəm. Və bu məhsulların qiymətlərinin aşağı olması bir daha göstərir ki, bunlar elə də yüksək keyfiyyətli məhsullar deyil. Ümumiyyətlə, bu gün Azərbaycana kərə yağı adında daxil olan yağların heç biri kərə yağının keyfiyyətində deyil. Çox təəssüflər olsun ki, bu yağların tərkibinə müxtəlif inqrideintlər qatmaqla onların dad xüsusiyyətlərini kərə yağı səviyyəsinə çatdırırlar”.
Həkim qeyd edir ki, məhz buna görə də yağlar sovet dövründə olduğu kimi keyfiyyətli deyil.
Adil Qeybullaya görə, milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olan dərman və ərzaq təhlükəziliyi məsələsi diqqətdə saxlanılmalıdır. Yəni bu, genefondun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.
“Bu gün Azərbaycanın daxili bazarında kifayət qədər resurslar var ki, biz əhalini daha çox ekoloji təmiz qidalarla təmin edə bilək. 9 milyon əhalisi olan bir ölkənin nəzərə alsaq ki, 3 milyonu Rusiya və digər yerlərdə miqrantdır və onda bu qədər az olan əhalini daha ekoloji təmiz qidalarla təmin etmək çox asandır. Amma çox təəssüflər olsun ki, kommersiya maraqları dövlət təhlükəsizliyi məsələrini üstəliyir”.
Həmsöhbətimiz bu mənada “Azərsun” məhsulları barədə çox yüksək fikir söyləyə bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, bu şirkətin istehsal etdiyi yağlar nə təmiz bitki yağlarıdır, nə də təmiz heyvani mənşəli kərə yağlarıdır.
“Bu yağlar haqqında rəy yürütmək çətindir. Hər halda müəmmalı kimyası olan preparatlardandır. O baxımdan da mən həmin məhsulların orqanizmə müsbət təsir etmə imkanlarından daha çox, neqativ təsirlərin olması düşüncəsindəyəm. Və Azərbaycanda onkoloji xəstəliklər prosesinin durmadan artması mən hesab edirəm ki, ərzaq və dərmanla birbaşa bağlıdır”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə konkret misallarla şirkət barədə rəyini bildirib.
“Azərsun”un istehsal etdiyi şəkər tozu əsasən şəkər qamışından alınan xammaldan əldə olunur və şəkər qamışından alınan xammalı Rusiya istifadə eləmir. Ona görə ki, şəkər qamışının tərkibində fruktoza olmadığı üçün onlar məqbul hesab etmirlər ki, istehlakçıları həmin məhsuldan istifadə etsinlər”.
Ekspertin sözlərinə görə, əslində şəkər tozunun şəkər çuğurundan alınması məqbul hesab olunur. Bizim 25-30 faiz daxili şəkər çuğunduru istehsalımız imkan verir ki, ondan xammal kimi istifadə edib şəkər tozu ala bilsinlər.
“Amma məhsulun digər hissəsi xaricdən idxal olunan şəkər qamışından əldə olunan xammaldan hazırlanır. Deyirlər ki, əslində şəkər qamışından alınan şəkər tozunu birbaşa istehlakçılar istifadə eləmir, ondan qənnadı istehsalında və digər istiqamətlərdə istifadə olunur. Görünür bizdə istehlak tələblərimizi ödəmək üçün şəkər qamışından hazırlanan şəkər tozundan istifadə olunur”.
V.Məhərrəmov qeyd edib ki, “Azərsun” xammalı, o cümlədən yağ, şəkər istehsalına lazım olan xammalı xaricdən idxal edir. Şirkətin məhsullarından istifadə etməyə gəlincə, ekspert ancaq şəkər tozundan istifadə etdiyini deyib və bunu seçim imkanlarının məhdud olması ilə əlaqələndirib.
“Bu gün xaricdən idxal olunan şəkər tozunu asanlıqla tapmaq mümkün deyil. Görünür burda da problemlər var. İmkan yaratmaq lazımdır ki, keyfiyyət, qiymət baxımından bazarda fərqlilik olsun və bu sahə inhisarda olmasın. “Azərsun”un yağlarından isə istifadə etmirəm. Ona görə də onların yağları haqqında bir istehlakçı kimi heç nə deyə bilmərəm”.
“Azərsun”un məhsullarının keyfiyyətinin necə olmasına ilə bağlı həmsöhbətimiz bunun ciddi yanaşma tələb etdiyini bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı mütəxəssislərinin emal sahəsinə girişi yoxdur və məhsulların keyfiyyətini ancaq qida mütəxəssisləri, aidiyyatı qurumlar müəyyən edə bilərlər. Bundan əlavə, Vahid Məhərrəmovun fikrincə, həmin şirkətin məhsulları marketlərdə satılır və o marketlərdə də mütəmadi olaraq yoxlama aparılmalıdır.
Aytən ƏLİYEVA