Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməkdaşı, baş leytenant Eldəniz Məmmədov xidməti silahı ilə iki nəfəri yaralayıb. Gəncə şəhər Baş Polis İdarəsindən Modern.az-ın Qərb bölgəsi üzrə əməkdaşına verilən məlumata görə, hadisə ötən gün törədilib. Belə ki, Kəpəz rayon Polis Şöbəsinin əməkdaşı Eldəniz Məmmədovun xidməti silahdan açdığı atəş nəticəsində bir polis nəfəri və bir mülk şəxs yaralanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Gəncə şəhər Prokurorunun köməkçisi Elnar Hüseynovun Modern.az-a verdiyi məlumata əsasən, Kəpəz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Məmmədov Eldəniz İbrahim oğlu xidməti “Makarov” tapançası ilə 1984-cü il təvəllüdlü Məmmədov Rövşən Cəmil oğluna atəş açıb və onu qolundan yaralayıb. E.Hüseynov qeyd edib ki, güllə E.İbrahimovun xidmət yoldaşı Ələsgərov Maarif Akif oğlunun ayağından dəyib.
Prokuror köməkçisi bildirib ki, polis baş leytenantı E.Məmmədov Gəncənin Heydər Əliyev prospektində xidmət aparırmış. Təxminən gecə saat 2.30 radələrində Rövşən Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə onların yanından keçirmiş. Polis leytenantı sürücüyə səsi azaltmağı məsləhət görüb. Və bu zaman onlar arasında mübahisə düşüb. Mübahisənin sonu isə iki nəfərin yaralanması ilə nəticələnib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə iş açılıb. Araşdırma aparılır.
Modern.az