Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışamanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır. Modern.az-ın məlumatına görə, artıq dövlət qurumlarında 65 yaşlı işçilərin təqaüdə yolan salınması prosesinə start verilib. Bu prosesə birinci başlayan dövlət orqanlarından biri Kənd Təsərrüfatı Nazirliyidir. Kənd Təsərüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mürtuzəli Hacıyev Modern.az-a bildirib ki, 65 yaşlı işçilərin siyahısını hazırlayıblar və artıq ixtisarlar var.
M.Hacıyev deyib ki, qanunvericiliyə dəyişiklik ediləndən sonra Kənd Təsərüfatı Nazirliyinin 65 yaşı ötən 8 nəfər əməkdaşı işdən çıxarılıb. Müsahibimiz deyib ki, qanunvericiliyin tələbləri həmin şəxslərə izah olunduqdan sonra onlar özləri ərziə yazaraq işdən gediblər. Murtuzəli Hacıyev Kənd Təsərüfatı Nazirliyi sistemində 65 yaşına çatan işçilərin dövlət qulluğundan kənarlaşdırılması prosesinin bundan sonra da davam edəcəyini vurğulayıb. “Qanun hamı üçün eynidir və proses davam edəcək”-deyə o, bildirib.
Qeyd edək ki, Təhsil və Səhiyyə Nazirliyi də 65 yaşa çatmış işçilərin siyahılarını hazırlayır. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, hazırda səhiyyə sistemində 7100 nəfərə qədər yaşı 65-dən yuxarı səhiyyə işçisi var. Onun sözlərinə görə, yaşı 70-dən yuxarı olan tibb işçilərinin fəaliyyət göstərməsi üçün lazım olan kriteriyalar Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib.
Bu kriteriyalara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən təltif edilənlər, elmi dərəcəsinin olanlar, bəzi ucqar yerlərdəki tibb müəssisələrində həkimlərə, mütəxəssislərə ehtiyac nəzərə alınacaq. 65 yaşlı işçilərin nə vaxtdan işdən çıxarılacağına gəlincə isə nazir müavini vurğulayıb ki, artıq bütün müəssisələrdə bununla bağlı işlərə başlanılıb və işçilərin siyahıları hazırlanıb. O, yaşı 65-dən yuxarı olan işçilərin işdən azad edilməsinin səhiyyə üçün böyük problem yaratmayacağını deyib.
Təhsil Nazirliyi qanunvericiliyə edilmiş dəyişikliklərin icrasına başlayıb. Sentyabrdan nazirlik sistemində çalışan, 65 yaşına çatmış dövlət qulluqçuları və müəllimlərdən kimlərlə əmək müqaviləsinin uzadılacağı, kimlərlə uzadılmayacağı dəqiqləşib. Nazir Misir Mərdanov bir müddət öncə bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyinin Mərkəzi aparatında və yerli təhsili idarəetmə orqanlarında yaş həddi 65-ə çatmış dövlət qulluqçularının siyahısı hazırlanıb rəhbərliyə təqdim ediləcək. Nazirlikdə 65 yaşına çatmış dövlət qulluqçularının dövlət qulluğunda olma müddətinin uzadılması ilə bağlı təkliflər də hazırlanacaq.
Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti uzadılarkən aşağıdakılar nəzərə alınacaq :
- dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
- elmi dərəcənin və ya elmi adın olması;
- dövlət təltifi ilə təltif edilmə;
- attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.
Eyni zamanda təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin siyahısı da hazırlanıb rəhbərliyə təqdim ediləcək.
Sözügedən əmrlə təhsil sahəsinin inkişafında xüsusi xidmətləri olan 65 yaşına çatmış işçilərin çalışma müddətinin qanunda nəzərdə tutulmuş müddətdən artıq uzadılması ilə əlaqədar təkliflər də hazırlanacaq.
Yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı aşağıdakı meyarlar nəzərə alınacaq:
-son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;
-elmi dərəcə və ya elmi adının olması;
-dövlət təltifi ilə təltif edilməsi;
-attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi;
-"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması;
-müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda;
-səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda;
-işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.
Mail Ağaxanov