“Yeni Həyat – İqtisadi İnkişaf” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert
Respublikamızın iqtisadiyyatının çox böyük inkişaf potensialına malik əsas sahələrindən biri də kənd təsərrüfatıdır. Son illər ölkə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, kənd əhalisinin güzəranın yaxşılaşdırılmasına və onların məşğulluq problemlərinin həllinə diqqət və qayğısı artıb. Aqrar sahibkarlığın maddi-texniki, normativ-hüquqi və elmi-metodik bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətlərində həyata keçirilən tədbirlər müsbət nəticələrini göstərməkdədir.
Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışının təşkislində digər məsələlərin həlli ilə yanaşı, kənd təsərrüfatı müəssisələrinin ixtisaslı kadrlarla təminatı da vacib məslələrdəndir. Respublikamızda aqrar sektorun kadrlara olan ehtiyacını əsasən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (AKTA) həyata keçirirdi. Sovetlər dönəmində də bu elm və təhsil ocağının yetişdirdiyi kadrlar kənd təsərrüfatı müəssisələrinin təşkili və idarə olunmasında xüsusi fəallıq göstərmiş, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının həcminə görə Azərbaycan tarixində ilk dəfə olaraq rekord göstəricilər əldə etmişlər. Lakin, aqrar islahatların ilkin mərəhələsində kolxoz və sovxozların yeni iqtisadi sistemə transformasiyası nəticəsində kadrlara da təlabat azalmağa başladı.
Bu onunla əlaqədardır ki, böyük təsərrüfatların əsas istehsal fondlarının bölünməsi nəticəsində kiçik əmlak və pay torpaqları üzərində yaradılmış ailə kəndli təsərrüfatları öz fəaliyyətlərini günün tələbləri əsasında qura bilmədiklərinə görə iqtisadi tənəzzül keçirməyə başlamışdı. İqtisadi cəhətdən qeyri-səmərəli təsərrüfatların sayı çoxalmağa başlamış, təsərrüfat subyektlərinə ixtisaslı kadrların cəlb edilməsi çətinləşmiş, əhali arasında kənd təsərrüfatı mütəxəsisləri hazırlayan ali və orta ixtisas təhsil müəssisələrinə də maraq azalmağa başlamışdı.
Son illərdə Sahibkarlığa Kömək Milli Fondunun və Kənd Tsəsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərindən istifadə nəticəsində gəlirlə işləyən kənd təsərrüfatı müəssisələrinin sayı xeyli artıb. Paralel olaraq həmin müəssisələrin ixtisaslı kadrlara da təlabatı artmağa başlayıb. Eyni zamanda, idarəetmə və digər sahələrdə müasir texnologiyaların tətbiqi və “elektron hökumət”ə keçidlə əlaqədar yaranmış vəziyyət Kənd Təsərrüfatı Nazirliyində də kadr islahatlarının aparılmasını zərurətə çevirib. Belə demək mümkündürsə, idarə olunanlar – aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektləri öz maddi-texniki bazalarını və kadr heyətlərini müasir standartlara uyğun təşkil edirsə, idarə edən də öz potensialını, o cümlədən kadr potensialını həmin dinamikaya uyğun olaraq formalaşdırmalı və inkişaf etdirməlidir.
İdarə edən özünün kadr heyətini “köhnə” katiblərin, “əski” icra başçılarının, qeyri-ixtisas sahiblərinin, “kommunist” təfəkkür tərzinə malik kadrların, yaşlı məmurların yığınına çevirməməlidir.
Təəssüf ki, son vaxtlar bu paradoks özünü daha qabarıq biruzə verməkdədir... Unutmamalıyıq ki, biz geriyə gedərək utopik sosializm, riyakar kommunizm quruluşu formamalaşdırmırıq – Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi bazar iqtisadiyyatı yolu ilə irəli gedərək demokratik prinsiplər əsasında inkişaf etmiş ölkələrin təcrübəsində olduğu kimi liberal iqtisadi məkan, güclü vətəndaş cəmiyyəti formalaşdırmaq istəyirik. Mən, yaşlı nəslin dövlətçiliyimizn formalaşmasında və qorunmasında göstərdikləri müstəsna xidmətlərini yüksək qiymətləndirsəm də köhnə stereotiplərin yeni mülki münasibətlər sisteminə tətbiqinin əlehinəyəm. Ona görə də hesab edirəm ki, aqrar-sənaye kompleksinin yeni mülki münasibətlər sistemində davamlı inkişafını təmin etmək, ixrac potensialını artırmaq, ümumiyyətlə aqrar sektorda əsaslı irəliləyişlərə nail olmaq, ərzaq bolluğu yaratmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin məmur heyəti bilikli və bacarıqlı, dövlətçiliyimizə və milli maraqlarımıza sədaqətilə fərqlənən islahatçı və rasional təfəkkür tərzinə malik yeni nəsil – müasir kadrlar hesabına zənginləşdirilməlidir.
Bu baxımdan ölkə Prezdenti İlham Əliyevin müvafiq qərarları ilə əvəlcə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyinə verilməsi və daha sonra həmin elm və təhsil ocağının statusunun dəyişdirilərək Azərbaycan Aqrar Universitetinə (AAU-ya) çevrilməsi, habelə dövlət qulluğunda 65 yaş senzinin tətbiq edilməsi respublikamızın aqrar-sənaye kompleksinin müasir standartlara cavab verən ixtisaslı kadrlarla təmin edilməsi istiqamətində çox böyük əhəmiyyət kəsb edir. Bu qərarlar ən başlıcası AAU-nun (keçmiş AKTA-nın) maddi-texniki bazasının müasir standartlar səviyyəsində qurulmasına şərait yaratmış və dövlət qayğısını artırıb. Həmin elm və təhsil ocağında hazırlanan kənd təsərrüfatı kadrları təkcə bu sferada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin deyil, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin də kadr potensialının müasir standartlar səviyyəsində formalaşdırılmasına xidmət etməlidir. Bu elm və təhsil ocağına cənab Prezidentin maraq göstərməsi onun kənd təsərrüfatına olan diqqət və qayğısından irəli gəlir. Mən əminəm ki, AAU-nun tələbə, məzun və müəllim heyəti üzərlərinə düşən vəzifələri düzgün qiymətləndirəcək, kənd təsərrüfatının əvvəlki şöhrətinin yeni mülki münasibətlər sistemində özünə qaytarılması üçün bilik və bacarıqlarını əsirgəməyəcəklər.
Kənd təsərrüfatının inkişaf etdirilməsi alternativ iqtisadiyyat yartmaq baxımından da əhəmiyyətlidir. Bildiyiniz kimi neft tükənən sərvətdir və müəyyən dövrdən sonra onun gətirdiyi gəlirlər də azalmağa başlayacaq. Kənd təsərrüfatının inkişaf etdirilməsi iqtisadiyyatımızın neftdən asılılığını azaltmaqla yanaşı dünya bazarına müasir texnologiyalar əsasında istehsal olunan keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmaqla ölkəmizə valyuta gətirilməsinə şərait yarada bilər. Kənd təsərrüfatının inkişaf etdirilməsi sosial-iqtisadi həyatımızın digər sahələrinə də müsbət təsir göstərəcək.
Respublika əhalisinin təxminən 50 faizi aqrar sektorda məskunlaşıb. Qeyd edilən sahənin inkişaf etdirilməsi həmin əhali qrupunun məşğulluq probleminin həllinə, onların şəxsi büdcəsinin artırılmasına və güzəranlarının yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək. Bundan əlavə, yüngül sənayemizin də vəziyyəti ürəkaçan deyil və bu sahənin inkişafı kənd təsərrüfatının inkişafı ilə düz mütənasibdir. Azərbaycan Respublikası özünün inkişaf tarixinə, təbii ehtiyyatlarına və inkişaf potensialına görə aqrar-sənaye dövlətidir. Bu baxımdan hesab edirəm ki, kənd təsərrüfatı dünya təcrübəsinə əsaslanaraq düzgün inkişaf etdirilərsə, aqrar-sənaye kompleksinin hüquqi-normativ, elmi-metodik, maddi-texniki, təşkilati-idaretmə əsasları və ən başlıçası kadr təminatı bazar iqtisadiyyatı qanunlarına uyğun təşkil edilərsə – ölkə əhalisinin keyfiyyətli ərzaqla etibarlı təminatı problemi həll olunar, yüngül sənayenin inkişafı stimullaşdırılar, dövlət və yerli büdcənin formalaşmasında kənd təsərrüfatı və yüngül sənaye sahələrindən daxilolmlar artar.