Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. Artıq Kənd Təsəsrrüfatı, Maliyyə, Mədəniyyət və Turizm Nazirliyində təqaüd yaşı çatmış dövlət işçilərinin ixtisarları barədə məlumat vermişik.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman, Səhiyyə, Təhsil nazirliklərində isə təqaüd yaşı çatmış işçilərin siyahısı hazırlanır.
Modern.az-ın əməkdaşı daha iki dövlət qurumundan bu istiqamətdə işlərin aparıldığını öyrənməyə çalışıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, “Əmək Məcəlləsi” və “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik qüvvəyə minəndən sonra onlarda da 65 yaşdan yuxarı olan səhiyyə işçiləri ilə bağlı məlumatlar toplanır.
“Nazirlik yaş həddi ilə bağlı məlumatları bütün bölgələr üzrə aparır. Hələlik siyahıya alınma aparıldığı üçün təqaüdə göndərilənlər yoxdur. Yəqin yaxın vaxtlarda təqaüd yaşı çatmış nə qədər işçinin təqaüdə göndəriləcəyi məlum olacaq”.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ümumi şöbənin müdiri Zeynəb Vəliyeva bildirib ki, qanuna tələblərinə uyğun olaraq komitədə 65 yaşdan yuxarı işçilərin ixtisarı aparılıb.
“Lakin mərkəzi aparatdan təqaüdə göndərilənlər yoxdur. Çünki bizdə olan işçilər 62-63 yaş aralığındadır, yəni təqaüd yaşında işçimiz yoxdur. Ancaq rayon şöbələrimizdə 65-70 yaşdan yuxarı işçilərimiz var idi və onlarda öz ərizələri ilə təqaüdə çıxıblar. Yəni biz heç kimi məcbur etməmişik” deyə şöbə müdiri əlavə edib.
Aytən ƏLİYEVA