Modern.az

Keçmiş deputatdan Fatma Abdullazadəyə irad gəldi - qarşı tərəf ona cavab verdi

Keçmiş deputatdan Fatma Abdullazadəyə irad gəldi - qarşı tərəf ona cavab verdi

24 Avqust 2011, 14:12

Keçmiş deputat Cahangir Hüseynov “Azərbaycan qadını” jurnalının ünvanına bəzi iradlar səsləndirib. Modern.az saytına telefon açan C.Hüseynov deyib ki, bu günlərdə əlinə keçən “Azərbaycan qadını” jurnalında Azərbaycan dilində Azərbaycan qadınına aid heç nə tapa bilməyib:

“Jurnal “Azərbaycan qadını” adlanır. Amma mən xanımımla həmin jurnalı vərəqləyəndə orda Azərbaycan dilində bir kəlmə tapmadım. Belə də şey olar? Baxıram jurnalın baş redaktoru Fatma Abdullazadədir. Prezident Adminstrasiyasının şöbə müdirir,  hamıya örnək olmalıdır axı. Necə olur jurnal “Azərbaycan qadını” adlanır, üstəlik Azərbaycan dilində bu yazılır, amma ada uyğun içərisində heç nə tapmaq olmur..?”.

Modern.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün jurnalın redaksiyası ilə əlaqə saxlayıb. “Azərbaycan qadını” jurnalının redaktor assisenti Laura Quliyeva saytımıza açıqlamasında keçmiş deputatın ittihamlarını əsassız saydı. O bildirdi ki, “Azərbaycan qadını” jurnalı iki dildə-Azərbaycan və rus dillərində nəşr olunur: “Jurnalın içindəki yazılar eynidir, sadəcə olaraq eyni materail həm Azərbaycan, həm də rus dilində təqdim olunur. Sadəcə olaraq Azərbaycan qadınının əldə etdiyi uğurları ölkə hüsudlarından kənardakı insanlara çatdırmaq üçün jurnal rus dilində də nəşr olunur və Rusiyada, MDB məkanında, o cümlədən digər xarici ölkələrdə yayımlanır. Eyni zamanda rus dili dünyada geniş yayılmış dil olduğu üçün, həm də ölkəmizə gələn qonaqlara təqdim olunduğu üçün “Azərbaycan qadını” rus dilində də çap olunur”.

Laura Quliyeva jurnalın Azərbaycan ərazisində yayımlanan reklamlarında, o cümlədən təqdimat mərasimlərində yalnız Azərbaycan  dilində olan başlıqlardan və məqalələrdən istifadə olunduğunu da vurğuladı:
“Biz ötən sayımızda Qəbələ musiqi festivalı barədə geniş məlumat dərc etmişdik. Həmin nömrəni festival iştirakçılarına paylamaq üçün Qəbələyə apardıq. Təbii ki, jurnal qonaqlara, festival iştirakçılarına rus dilində paylandı. Ancaq Mədəniyyət və Turizm Nazirliyinin işçilərinə, millət vəkillərinə, o cümlədən yerli qonaqlara Azərbaycan dilində jurnal təqdim olunub. Orada Cahangir müəllim daha çox rus dilində jurnal gördüyü üçün yəqin elə fikirlərşib” deyə redaktor assisenti əlavə etdi.

Jurnalda Azərbaycan qadınına aid heç nə verilməməsi barədə deyilənləri əsassız adlandıran Laura Quliyeva qeyd etdi ki, nəşrdə Azərbaycan qadını ilə yanaşı, Azərbaycanın mədəni həyatı da əks etdirilir: “Məsələn, Beynəlxalq Muğam Festivalı, musiqi festivalları, respublikamızda keçirilən mədəniyyətlərarası dialoqlar Azərbaycanın mədəni həyatını əks etdirmə mahiyyəti daşıdığı üçün “Azərbaycan qadını”nda bu cür mövzulara da geniş yer verilir”.

Redaktor assisenti “Azərbaycan qadını” jurnalının saytının yalnız rus dilində olmasının səbəbini də açıqladı: “Jurnalımızın saytını yaratmaq istəyərkən, sayt ilkin olaraq rus dilind istifadəyə verildi. Çünki xaricdəki oxuçularımıza rus dilində olan versiyalar çatmır və onlar yazılarla maraqlanırlar. Ancaq yaxın günlərdə saytın Azərbaycan versiyası da istifadəyə veriləcək. Yəni jurnalda olduğu kimi saytda da eyni materillar həm Azərbnaycan, həm də rus dilində oxucularımıza təqdim olunacaq”.


Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər