Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hər il Bakı şəhərində keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası yeni arıçılar nəslinin yetişməsində və bu sahənin daha da intensiv inkişaf etməsinə ciddi təsir göstərir. Yarmarkanı keçirməkdə məqsəd təkcə arıçılıq məhsulları satmaqdan ibarət deyil, təcrübə mübadiləsi aparmaq, arı xəstəliklərinə qarşı mübarızə tədbirlərini öyrənmək, seleksiya-damazlıq işlərinin təşkilinə diqqət yetirmək, gənc arıçılara minimum biliklər vermək, elmi-praktiki konfrans keçirmək və digər məsələləri arıçıların nəzərinə çatdırmaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası sentyabrın 20-dən oktyabrın 5-dək Bakı şəhərində, Xətai rayonunun ərazisində , “Əhmədli” metrosunun yaxınlığında yerləşən “Bakı” kino-teatrının qarşısında keçiriləcək. Yarmarka hər gün sahər saat 9-dan axşam saat 19-dək davam edəcək.
Yarmarkada 42 rayondan 250 nəfər arı təsərrüfatı və yüksık keyfiyyətli bal məhsulu olan arıçılar iştirak edəcək.
“Əvvəlki illərdə müəyyən olunub ki, bəzi arıçılar yarmarkaya saxtalaşdırılmış bal gətirir və onu satmağa çalışırlar. Ona görə də, yarmarkaya satış üçün gətirilən arıçılıq məhsullarının hamısının keyfiyyəti dəyəri ödənilmədən respublika baytarlıq laboratoriyasında yoxlanılacaq və keyfiyyət sertifikatı veriləcək. Keyfiyyətsiz ballar satışa çıxarılmayacaq”.
Mətbuat xidmətinin məlumatında, arıçılıq məhsullarının respublika sərgi satış yarmarkasında 400 ton bal satılması gözlənildiyi də qeyd olunub.
“Arıçıların, ziyalıların və xüsusilə də müharibə vateranlarının təklifləri nəzərə alınaraq, yarmarkada sağlam balın qiyməti tənzimlənəcək. 1 kq balın 15 manata satılması nəzərdə tutulur. Bu qiymətlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq və onlar öz arıçılıq məhsullarını Bakı şəhərinin bazarlarında istədikləri qiymətə satmaq imkanı qazanacaqlar.
Yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinin qarşısını almaq üçün yarmarkada iştirak edəcək arıçıları rayon İcra hakimiyyətləri göndərəcəklər. Rayon İcra Hakimiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdiyi siyahıda adları olmayan arıçılar yarmarkaya buraxılmayacaqlar”-deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq. Digər ölkələrdə istehsal olunan bal məhsullarının yarmarkada satışına imkan verilməyəcək.
Modern.az