Modern.az

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qocalar pensiyaya yola salındı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qocalar pensiyaya yola salındı

5 Sentyabr 2011, 16:36

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” qanuna edilən dəyişiklikdən sonra dövlət qulluğunda çalışmanın yuxarı yaş həddinə uyğun olaraq dövlət orqanlarında 65 yaşa çatmış işçilərin siyahısı hazırlanır, ixtisarlar aparılır. 

Artıq Kənd Təsəsrrüfatı, Maliyyə, Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərində, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Statistika komitələrində, “Dövlətqaçqınkom”da təqaüd yaşı çatmış dövlət işçilərinin ixtisarı barədə məlumat vermişik. 

Modern.az-ın əməkdaşı daha iki dövlət qurumundan bu istiqamətdə hansı işlərin aparıldığını öyrənməyə çalışıb. 

65 yaşdan yuxarı dövlət qulluqçularının ixtisarı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də aparılıb. Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a açıqlamasında artıq 3 işçinin əmək pensiyasına göndərildiyini qeyd edib.
 
““Dövlət qulluğu haqqında” qanuna edilən dəyişikliklər bütün dövlət qurumları kimi təbii ki, bizə də şamil edilir. Bizim komitədə 65 yaşı tamam olmuş əməkdaşların faiz nisbəti elə də çox deyil. Buna uyğun 3 nəfər işçimiz artıq pensiyaya göndərilib”.

Fazil Talıblı Mərkəzi Aparatda 65 yaşdan yuxarı 3 əməkdaşla qanuna uyğun çalışma müddətinin uzadılması ilə bağlı bir illik müqavilələrin imzalandığını vurğulayıb.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətinin rəhbəri Asəf Əliyev isə komissiyada 65 yaş həddində əməkdaşların olmadığını bildirib.
“Bizim komissiyada işləyənlərin əksəriyyəti gənc kadrlardır, ona görə də bu qanun hələlik bizə şamil edilmir”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər