Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Kanadada abidə qoyulub. Modern.az AzərTAc-a istinadən bildirir ki, Azərbaycanın birinci xanımının abidəsi elit mənzərəli Niagara on the Lake şəhərinin (Kanadanın birinci paytaxtı) təmtəraqlı malikanələrindən birini bəzəyir. Bu şəhərdə Azərbaycan Mədəniyyəti və İncəsənəti günləri çox böyük uğurla keçib, Beynəlxalq Azərbaycan Muğamı Studiyasının təntənəli təqdimatı olub, akademik, Niaqaranın xoşməramlı səfiri, Azərbaycanın görkəmli heykəltəraşı Ömər Eldarovun heykəltəraşlıq portretlərindən ibarət fərdi bədii sərgisi təşkil edilib.
Tədbirin əlaqələndiricisi, Bakı Musiqi Akademiyasının professoru Mikayıl Hacıyev bildirib ki, Kanada parlamentinin deputatı Monte Kvinter Mehriban xanım Əliyevanın Ömər Eldarov tərəfindən hazırlanmış “İlahi Muza - Azərbaycan muğamının hamisi” adlı heykəltəraşlıq portretini “zəmanəmizin təsviri sənət şedevri” adlandırıb.
Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri Beynəlxalq Niaqara Festivalı çərçivəsində keçirilib. Festivalın bədii rəhbəri Atis Bankas deyib ki, Azərbaycan muğamının dirçəldilməsi və onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. “Biz, Kanada musiqi mədəniyyətinin nümayəndələri və Niaqaranın dövlət rəsmiləri Azərbaycan muğamının böyük pərəstişkarları və sərrafları kimi belə hesab edirik ki, Kanadada, onun Niaqara kimi nadir təbii və coğrafi regionunda Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin sonunda gözəl bir təsviri sənət nümunəsinin, Azərbaycan muğamının hamisi olan İlahi Muzanın heykəlini özümüz üçün kəşf etdik. Biz bunu mühüm tarixi hadisə hesab edirik” - deyən Atis Bankas onu da bildirib ki, Ömər Eldarovun bu görkəmli heykəltəraşlıq əsəri “böyük ustalığa və bədii kamilliyə görə” XII Beynəlxalq Niaqara festivalının Qran-prisinə layiq görülüb.
Kanadalı təsviri sənət biliciləri bu sərgidə Azərbaycan musiqi sənətinin böyük dühaları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, Əminə Dilbazi, Müslüm Maqomayev və başqalarının heykəltəraşlıq obrazları ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Görkəmli heykəltəraş Ömər Eldarov bu əsərləri qranit, mərmər və tuncdan böyük ustalıqla və bədii təsir qüvvəsi ilə yaradıb. Kanadanın tələbkar ekspertləri Ömər Eldarovu “Şərqin Mikelancelosu” adlandırıblar. Heykəltəraşlıq portretləri sərgisində bütün türk dünyasının iki lideri - Heydər Əliyev və Atatürkün möhtəşəm portretləri xüsusi yer tutub.