Modern.az

"Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı" (Araşdırma)

"Urmiya gölünün məhvinə qarşı fars istehzası, türk etirazı" (Araşdırma)

Ölkə

8 Sentyabr 2011, 10:14

İranın tərkibində olan Güney Azərbaycanda baş verən hər bir olay bizim üçün böyük önəm daşıyır. Çünki bilindiyi kimi İranda on illərdir fars zülmü altında dilindən və demokratik hüquqlarından məhrum olaraq yaşayan 35 milyon soydaşımız var. Bu bölgədə baş verən hadisələr çoxluqla ört-basdır edilsə də, gerçəkləri daimi olaraq gizlətmək təbii ki, mümkün deyil. Onu da qeyd edək ki, soydaşlarımız bir çox hallarda şovinist rejimə qarşı öz etiraz səslərini ucaltmış, lakin bütün cəhdlərə baxmayaraq hələ də hüquqlarına qovuşa bilməmişlər.

Məhvə məhkum edilmiş Urmiya gölü

Xüsusən 2010-cu ilin aprel ayından etibarən Güneydə keçirilən etiraz aksiyaları davamlı xarakter daşımaqdadır. Bunun əsas səbəbi isə İran hökümətinin Urmiya gölünün qurumasının qarşısının alınmamasına olan biganə münasibətidir. Bu göl haqqında istərdik ki, qısaca izah verək:

Urmiya İranın və Güney Azərbaycanın həcminə görə ən böyük gölüdür. Qədim türk dilində bu gölün mənası «suda yaşayış yeri» anlamını verir. Başqa sözlə, bu göl ətrafında daim yaşayış məskənləri olduğu üçün onu bu şəkildə adlandırıblar. Gölün suyu şor olduğundan müalicəvi əhəmiyyətə malikdir. Azərbaycanın bu bənzərsiz su hövzəsi həmçinin tarixi cəhətdən də çox böyük əhəmiyyətə malikdir. Gölə məxsus ən böyük adalardan birində Çingiz xanın nəvəsi Hülakü xanın qəbri var. Əlavə olaraq tarixi yaşayış məskəni olduğu üçün xüsusən qorunmağa ehtiyacı olan bölgədir. Qeyd edək ki, 1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESKO buranı qorunan təbii ərazilər sırasına daxil edib.

“Göl qurusaydı, dəvə saxlayardıq”

Mütəxəssislərin fikrincə, bu gölün quruma prosesi 1999-cu ildən başlayıb. Bu isə əsasən gölə tökülən çaylar üzərində süni su anbarlarının tikilişi ilə əlaqədərdir. Artıq 10 ildən uzun bir müddətdir ki, soydaşlarımız bu məsələ ilə bağlı haqlı etiraz səslərini duyurmağa çalışsalar da, gölün və minlərlə insanın taleyinə İran höküməti və rəsmi dairələr biganə yanaşmağa davam edir,  hətta ucalan səsləri yerindəcə batırmağa üstünlük verirlər.

2009-cu ildə Əhmədinejad prezident seçkilərindən öncə bu məsələ ilə bağlı komissiyanın yaradıldığını elan etsə də, bugünə kimi gölün qurumasının qarsışını almaq üçün heç bir əməlli tədbir görülməmişdir. Bir müddət öncə isə kənd təsərrüfatı idarəsinin təmsilçisi Mənuçehr Bağbani gölün qurumasına istehza ilə yanaşaraq «Urmiya gölü qurusa idi, burada dəvə saxlayardıq. Buranın havası və iqlimi dəvə saxlamaq üçün əlverişlidir» demişdi. Hakimiyyət sözcüsünün bu ifadəsi artıq hökümətin bu məsələyə münasibətini açıq-aşkar ortaya qoyur.

Parlament üzvlərinin sözləri isə bir daha İran hökümətinin soydaşlarımıza qarşı birmənalı yanaşdığını göstərdi. Belə ki,  Bucnurddan olan palament üzvü Musəlrza Sərvəti müzakirələr zamanı Urmiya gölü ətrafındakı əhalinin başqa yerə köçməsinin daha doğru olduğunu söyləmiş, hətta   “Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə, daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar.” demişdi.

Hakimiyyətin Urmiya gölünə biganə münasibəti özünü göl üçün ayrılmış vəsaitin açıqlamasında da göstərdi. Belə ki, öncə 20 milyon dollar ayrıldığı söylənilmiş, daha sonra isə 35 milyon olduğu iddia edilmişdi.

İran hökümətinin assimilyasiya siyasəti

Bu ilin avqust ayında “Urmiya gölünün dirçəldiməsi”nə dair layihə İran parlamenti tərəfindən rədd edildi. Səbəb üçün çox axtarışa ehtiyac yoxdur, məqsəd bəlli: bu bölgəni Azərbaycan türklərindən təmizləmək. Belə ki, Tehranın gizli planına əsasən duzlu səhraya dönən göl ətrafda yaşayan insanların fəlakətinə səbəb olacaq. Çünki burada yalnız Azərbaycan türklərindən ibarət əhali heyvandarlıq və əkinçiliklə məşğul olur. Gölün quruması nəticəsində ekoloji tarazlıq pozulacaq, nəticədə yaşayış mühiti xarabaya çevrilən soydaşlarımız buradan İranın müxtəlif bölgələrinə köçmək məcburiyyətində qalacaqlar. Bu isə türklərin kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək. Artıq on illərdir türkləri yaşadığı ata-baba torpaqlarından çıxarmaq üçün bundan yaxşı fürsət Tehran üçün təbii ki, ola bilməz.

Urmiya bilindiyi kimi Güney Azərbaycanın qərbində yerləşən ən böyük şəhərdir, başqa sözlə Qərbi Azərbaycan əyalətinin baş şəhəridir. Qeyd edək ki, bu bölgədə həyata keçirilən assimilyasisa məsələsi heç də Tehranın ilk proyekti deyil. Daha öncə bilindiyi kimi Qərbi Azərbaycanın bir çox kəndlərinə kürdlər kompakt şəkildə köçürülmüş, onlara hər bir şərait yaradılmışdır. Hətta köçürməklə qalmamış, burada yerləşən bir çox tarixi abidələrin ismini dəyişdirərək onların kürdlərə məxsus olduğunu iddia etmişlər. Məlum plana görə bu bölgələri kürdləşdirməklə Tehran hakimiyyəti Güney Azərbaycanla Türkiyə arasında kürdlərin yerləşməsinə yardım edir. Başlıca məqsəd isə Qərbi Azərbaycan əyalətində demoqrafiq vəziyyəti kürdlərin xeyrinə dəyişmək və bu bölgədə çoxluğun onlardan ibarət olduğunu dünyanın diqqətinə çatdırmaqdır.

Güney Azərbaycan ayağa qalxdı

İran hökümətinin Urmiya gölünün qurumasına laqeyd münasibəti soydaşlarımızın son günlərdə haqlı etirazına səbəb oldu. Öncə avqust ayının 27-də, daha sonra isə sentyabrın 3-də geniş aksiyalar vüsət aldı. Yürüşlər zamanı yüzlərlə insan həbs edildi, yaralandı. Öldürülənlər də istisna deyildi. Xüsusən Təbriz, Urmiya, Ərdəbil, Əhər və s. kimi böyük şəhərlərdə keçirilən və minlərlə insanın qatıldığı mitinqlər, hətta İranın paytaxtı Tehranda da davam etdirildi. Hərzamankı kimi İran təhlükəsizlik qüvvələri öz içüzlərini göstərdilər, uşaq-qadın ayırımı etmədən həbs edərək, yürüşçülərə qarşı müxtəlif zorakılıq vasitələrindən istifadə etdilər. İran mediası tərəfindən ört-basdır edilən bu olaylar kənar bögələr tərəfindən duyulmasın deyə Güney Azərbaycan ərazisində rabitə sistemində ciddi problemlər yaranmış, etiraz edənlərə və tanınmış ailələrə qarşı qeyri-leqal münasibət göstərərək, iznsiz ev axtarışları, həbslər tətbiq etmişlər.

900 milyon dollarlıq “yalan”

Hal-hazırda İran höküməti Urmiya gölünün qurumasının qarşısını almaq üçün tədbirlərin görülməsi məqsədi ilə 900 milyon dollar ayırdığını söyləməkdədir. Əlavə olaraq Araz və Silva çaylarından Urmiya gölünə su axıdılmasını planlaşdırır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, rəsmi Tehran bu barədə Azərbaycana heç bir məlumat verməyib. Hər iki ölkə arasında Araz çayından istifadəyə dair müqaviləyə əsasən çayın su və enerji resurslarından bərabər səviyyədə istifadə edilməlidir.

Yerli müşahidəçilərin fikrincə, İran hakimiyyətinin bu vədi də əhalini sakitləşdirmək məqsədi daşıyır və eyni zamanda hökumətin geri addım atması kimi dəyərləndirilə bilər. Və bundan sonra hakimiyyətin baş verən olaylara siyasi don geydirərək, soydaşlarımızı separatçılıqla suçlayacağı heç də istisna deyil.

“Uman yerdən küsərlər”

Güney Azərbaycanda bu olaylar baş verərkən, çox təəssüf ki, Azərbaycan və Türkiyə media qurumlarının çoxu susqunluğa önəm verərək, bu hadisələrə dair heç bir məlumat yayımlamadılar. Sosial şəbəkələr istisna olmaqla, hətta elektron və yazılı media da bu məsələyə biganə qaldı. Düzdür, bir çox KİV nümayəndələri müxtəlif səbəblər gətirərək özlərinə haqq qazandırsalar da, onlar millətçi cəbhənin tənqid atəşinə tutuldu. Bu tənqiddən Türkiyə mediası da öz nəsibini aldı. Belə ki, daim Orta Şərqdə apardığı siyasətə uyğun olaraq, Türkiyə höküməti və mediası Fələstin, Somali, Suriya, Liviya dövlətlərinə dair  məsələlərdə göstərdiyi fəallığı Güney Azərbaycan türklərinə qarşı sərgiləmədilər.

Yaxşı bir söz var: “ Uman yerdən küsərlər”. Doğurdan da elədir. Başqalarını tənqid etsək belə, öz içimizdə də bu məsələyə biganə yanaşanlar az deyil. Bu “İranın daxili problemidir” deyənlərin nəzərinə çatdıraq ki, insan haqqları, ekoloji faciə bir dövlətin daxili işi deyil. İqtidar-müxalifət savaşlarından, müğənnilərin şəxsi həyatından həvəslə yazan KİV nümayəndələrini soydaşlarının səsinə səs verməyi, heç olmaya onlara informasiya dəstəyini göstərməyə çağırırıq.




Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər