Prezident İlham Əliyev Abşeron rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimində iştirak edərkən çıxışı zamanı bir sıra məsələlərə toxunub.
İlha Əliyev yeni, ən müasir standartlara cavab verən qurğunun tikintisini əhəmiyyətli hadisə adlandırıraraq bu işə təqribən 100 milyon manata qədər vəsait xərclənəcəyini qeyd edib:
”Azərbaycan dövləti bu xərcləri edir və edəcəkdir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır. Ən vacib investisiyalar Azərbaycanda insan kapitalına qoyulan investisiyalardır. Apardığımız uğurlu iqtisadi siyasət imkan verir ki, biz bu gün sosial məsələlərin həllinə böyük həcmdə investisiyalar qoyaq. Həm sosial infrastrukturun yaradılması işlərinə investisiya qoyulur, həm də əməkhaqları, pensiyalar qaldırılır. Bir sözlə, Azərbaycanda sosial siyasət çox düzgün istiqamətdə aparılır. Bu siyasətin tərkib hissəsi olan infrastruktur layihələri, insanların rahatlığı üçün yaradılmış şərait, əlbəttə ki, hamımızı çox sevindirir.
Azərbaycanda insan sağlamlığı üçün müxtəlif tədbirlər görülür. Əlbəttə ki, birinci şərt təmiz içməli suyun mövcudluğudur. Biz bu məsələlərlə məşğuluq. Bu gün təməl daşını qoyduğumuz müasir qurğu da bu məqsədi nəzərdə tutur. Eyni zamanda, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox vacib addımlar atılır. Keçən il Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. Mən tam əminəm ki, ekoloji tədbirlərin gücləndirilməsinin insanların sağlamlığına çox müsbət təsiri olacaqdır. Təmiz su, təmiz hava, keyfiyyətli qida məhsulları, ekoloji vəziyyət, tibb xidməti, idman, bax bu amillər insanların sağlamlığını şərtləndirən əsas amillərdir”.
Prezident Azərbaycanda çox düşünülmüş proqram və konsepsiyanın olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanda su təchizatı ilə bağlı vacib layihələr icra edilib və icra edilməkdədir.
İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə toxunaraq layihənin icrası zamanı qüsurların olduğunu diqətə çatdırıb:
”Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi hesab edirəm ki, tarixi hadisədir. Çünki bilirsiniz ki, uzun illər ərzində bu layihə ilə bağlı müxtəlif fikirlər səslənirdi, təkliflər irəli sürülürdü. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu layihə reallaşa bilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi və tədricən işə başlaması nəticəsində Bakı şəhərinin bir neçə rayonunda su təminatı daha da yaxşılaşdırılmışdır. Qarşıya qoyulmuş əsas vəzifə ondan ibarətdir ki, hər bir məntəqədə, hər bir qəsəbədə, Bakı şəhərinin hər bir rayonunda 24 saat fasiləsiz suyun təminatı təşkil edilsin. Bu gün “Azərsu” şirkəti nəinki Bakıda, eyni zamanda, respublikamızın bütün bölgələrində su layihələrini icra edir. Konkret proqram tərtib edilmişdir. Bu il büdcəyə əlavələr edilmişdir və əlavə vəsait nəzərdə tutulmuşdur ki, biz vaxtı itirməyək. Biz elə etməliyik ki, qısa müddət ərzində ölkəmiz üçün ənənəvi olan və həmişə bizi incidən su qıtlığı problemi öz həllini tapsın.
Mən əminəm ki, “Azərsu” şirkəti, onun yeni tərkibi və işə yeni yanaşma nəticəsində bütün bu məsələlər öz həllini tapacaqdır. Mən indi görürəm ki, şirkət inkişaf edir, şirkətdə müasir metodologiya, müasir yanaşma tətbiq edilir və belə də olmalıdır. Azərbaycanın bütün şirkətləri, xüsusilə dövlət şirkətləri ən yüksək menecment keyfiyyətlərinə malik olmalıdır. Müasir yanaşma, işin düzgün qurulması, düzgün təhlil, proqramların düzgün tərtib edilməsi və icra mexanizmləri dünya səviyyəsində olmalıdır. Bizə indi yaraşmaz ki, bu qədər inkişaf edən ölkəmizdə hansısa dövlət qurumu primitiv üsul-idarə ilə idarə olunsun. Müasirlik, qabaqcıl texnologiyaların tətbiqi, məsuliyyət və vicdan - bax hər bir dövlət qurumuna tövsiyəm bundan ibarətdir. “Azərsu” şirkətinin rəhbərliyinin gücləndirilməsi nəticəsində əminəm ki, bu şirkətdə də işlər dünya səviyyəsində aparılacaqdır. Hər halda şirkət rəhbərini təyin etdiyim zaman tövsiyələrim və göstərişlərim bundan ibarət olmuşdur. Mən görürəm ki, qısa müddət ərzində görülən işlər düzgün istiqamətdə aparılır.
Oğuz-Qəbələ-Bakı su kəməri böyük və çox mürəkkəb bir layihə idi. Təbii ki, layihənin icrası zamanı müəyyən qüsurlar, çatışmazlıqlar olmuşdur. Bunun səbəbidir ki, kəmərin açılışından sonra biz bir qədər gözləməli olduq ki, vəziyyəti daha da normallaşdıraq və tikinti zamanı edilən səhvləri düzəldək. Bunu edirik və edəcəyik. Biz hər şeyi açıq deməliyik. Ancaq bununla bərabər, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi tarixi hadisədir. Əminəm ki, bu kəmərin tikintisi və fəaliyyətə başlaması, Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərilməsi həqiqətən də tarixi məsələdir. Çünki bu mənbə daxili mənbədir. Oradan gələn su Azərbaycan ərazisində formalaşır. Siz - bu işlərlə məşğul olanlar yaxşı bilirsiniz ki, bizim əsas su mənbələrimiz, Bakını qidalandıran su xətləri Azərbaycanın hüdudlarından kənarda formalaşan mənbələr hesabına mümkün olur. Oğuz-Qəbələ-Bakı o layihədir ki, Azərbaycan ərazisində formalaşan təmiz içməli suyu Bakıya gətirir. Eyni zamanda, qeyd etdiyim kimi, bütün bölgələrdə, bütün rayon mərkəzlərində su-kanalizasiya layihələrinin icrasına başlanmışdır, ya da ki, başlanmaqdadır. Bu, çox böyük layihədir. Çünki bu işlər bir şəhərdə deyil, iki şəhərdə deyil, bütün rayon mərkəzlərində görülür və görülməlidir. Ona görə “Azərsu” şirkətinin işçilərindən çox şey asılıdır. Çünki qarşıya vəzifə qoyulubdur ki, bu məsələlər qısa müddət ərzində həllini tapsın. Əsas məsələlər 2013-cü ilin sonuna qədər həllini tapsın. Biz əlbəttə ki, qarşıya bu hədəfləri qoyanda həm realist olmalıyıq, eyni zamanda, çalışmalıyıq ki, bu məsələlər maksimum qısa müddət ərzində həllini tapsın. Çox böyük və genişmiqyaslı bir işdir. Amma eyni zamanda, çox gözəl və nəcib bir işdir. Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun. Bu gün güclənən Azərbaycanda görülən bütün işlər bir daha demək istəyirəm ki, dünyanın ən yüksək standartlarına cavab verməlidir”.