Modern.az

“Şəxsi mənzillərdə məskunlaşan köçkünlər üçün Bakı və Sumqayıtda çoxmərtəbəli binalar tikiləcək”

“Şəxsi mənzillərdə məskunlaşan köçkünlər üçün Bakı və Sumqayıtda çoxmərtəbəli binalar tikiləcək”

9 Sentyabr 2011, 13:06


Son vaxtlar mətbuatda qaçqın və məcburi köçkünlərin sıxışdırılması və ya məskunlaşdıqları evlərdən çıxarılması, hüquqlarının pozulması ilə bağlı müxtəlif məlumatlar dərc olunur. Bundan əlavə, şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlərin də evlərdən çıxarılması ilə bağlı vətəndaşların şikayətləri artıb.
Bu və ya digər məsələrlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Modern.az-a müsahibə verib.

- Bilmək istərdik ki, “Dövlətqaçqınkom” qaçqın və məcburi köçkünlərin hüquqlarını tam müdafiə edirmi? Yəni onlar qanunsuzluqla rastlaşanda kömək edilirmi, yoxsa bu sahədə hər hansı maneələrlə rastlaşırsınız?

- Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərə qanunvericliyə uyğun olaraq hər cür kömək göstərilir. Eyni zamanda hər hansı rayonda problemlər yaranarsa, bizə müraciət edən məcburi köçkünlərin müraciətləri əsasında komitə tərəfindən oradakı nümayəndəliklərimizə rəsmi formada məktublar göndəririk və və qanunvericiliyə uyğun olaraq onların hüquqlarının qorunması sahəsində müvafiq addımlar atılır.

- Qaçqın və məcburi köçkünlər ən çox hansı hallarda sizə müraciət edirlər?

- Qaçqın və məcburi köçkünlərinin hüquqlarının pozulması halları daha çox məskunlaşdıqları evlərdən çıxarılaraq məhkəmələrə verilməklə bağlıdır. Məhkəmələrdə bununla bağlı qətnamələr qəbul edilir. Sonda həmin məsələlərin icrası, yəni qaçqın və məcburi köçkünlərin evlərdən çıxarılması ölkə prezidentinin bununla bağlı imzaladığı sərəncama əsasən dayandırılır. Qeyd edim ki, bu məhkəmə proseslərində komitənin nümayəndələri, eyni zamanda hüquqşunaslar da iştirak edir.

- Qaçqın və məcburi köçkünlər tərəfindən komitəyə edilən bütün müraciətlər həllini tapırmı?

- Əlbəttə, bizə edilən müraciətlərin hamısı həllini tapır. Komitədə qəbul günləri təşkil edilir. Həmçinin, komitənin internet saytında “qaynar xətt” bölməsi, eyni zamanda Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənovun elektron poçt ünvanı fəaliyyət göstərir. Bundan əlavə, bizim elektron xidmət bölməmiz də var ki, həmin bölmələrdə vətəndaşların qəbul günləri, komitənin məsul şəxslərinin qəbul saatları qeyd edilib. Buna uyğun olaraq qaçqın və məcburi köçkünlər qəbul günlərinə yazıla bilərlər. Eyni zamanda, həftənin bütün günləri komitənin məsul şəxsləri və şöbənin məsul əməkdaşları vaxtdan asılı olmayaraq qəbul şöbəsinə müraciət edən vətəndaşların problemləri ilə maraqlanırlar. Yəni bu sahədə bizdə problem yoxdur. İstər ərizə, istər “qaynar xətt”, istərsə də elektron xidmətlə bizə müraciət edən qaçqın və məcburi köçkünlərə cavablar göndərilir.

- Hazırda məcburi köçkünlər üçün harda evlər tikilir, qəsəbələr salınır?

- Ümumiyyətlə son vaxtlar tikinti işlərində dəyişiklər var. Ağcabədi rayonunda 552 ailə üçün tikilən qəsəbədə rayon ərazisindəki fin tipli qəsəbələrdə məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşacaqlar. Qəsəbənin bütün infrastruktur obyektləri ilə birlikdə tikintisi demək olar ki, başa çatıb. Yaxın ay ərzində həmin obyektin açılışı  olacaq. Ümumiyyətlə, hər il 3-4 obyektin açılışı olur. Bundan əlavə, Goranboyda da 524 ailə üçün 9 beşmərtəbəli bina bütün infrastrukturu ilə birlikdə inşa olunur. Burada Naftalan ərazisindəki sanatoriyalarda məskunlaşan məcburi köçkünlər yerləşəcək. Onların bir hissəsi, 165 ailə 2011-ci il fevralın 10-da həmin ərazidə tikilən 3 beşmərtəbəli binada yerləşdirilib. Ondan əlavə, Mingəçevrdə sürətlə tikinti işləri davam edir. Orada 10 doqquzmərətəbli bina tikilir. Burda da Mingəçevr ərazisindəki məktəb binalarında və fin qəsəbələrində yaşayan məcburi köçkünlər məskunlaşacaq.

- Bəs Bakıda bununla bağlı hansı işlər həyata keçirlir?

- Bakı şəhərində də Sabunçu rayonun Ramana qəsəbəsi ərazisində 80 mənzillli bir ədəd beşmərətəbəli yaşayış binası bütün infrastrukuru ilə birlikdə tikilir. Orada tikinti işləri sürətlə davam edir və yaxın vaxtlarda bitəcək. Burada Nərimanov rayonu, Həsənoğlu küçəsi 4 ünvanında yerləşən Səttərxan adına maşınqayırma zavodu “TASC”-yə məxsus tikintisi yarımçıq qalmış binada məskunlaşan məcburi köçkünlər yerləşdiriləcək.

- Bakı Dövlət Universitetinin yataqxanasındakı məcburi köçkünlərin köçürülməsi ilə bağlı proses hansı mərhələdədir?

- Bu məsələ Dövlət Proqramına edilmiş əlavələrə salınıb. Həmin əlavələrin 1.1-ci bəndində Bakı Dövlət Universitetinin 7 yataqxanasından Mətbuat prospekti üzrə olan 2 yataqxanasındakı məcburi köçkünlərin ilkin olaraq köçürülməsi nəzərdə tutulur. Burda məskunlaşan 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün Masazır ərazisində ayrılan 12 hektar ərazidə yaşayış kompleksi tikiləcək. Bu dəqiqə orada layihələndirmə işləri aparılır. İlkin mərhələdə Bakı Dövlət Universitetinin bütün yataqxanalarında olan 758 ailənin köçürülməsi üçün orda tikinti işlərinin bütövlükdə layihələndirilməsi aparılır. Yəni tək tikiləcək 4 beşmərətəbli binanın yox, bütöv yaşayış kompleksinin layihələndirilməsi aparılır. Hesab edirəm ki, layihələndirmə işlərini tez başa çatdırsaq, bu ilin axırlarına orda tikinti işlərinə başlanılacaq. Həm də vəsait məsələsilə bağlı da Dövlət Neft Fondunda dəqiqləşdirmə aparılır. Hesab edirəm ki, gələn il orda köçürülmə olacaq. İlkin olaraq orda 55 mənzildən ibarət 4 beşmərətəbli bina bütün sosial-zəruri texniki infrastruktur obyekti ilə birlikdə tikiləcək.

- Şəxsi mənzillərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi ilə bağlı hansı addımlar atılır?

- Onlarla bağlı da tikinti işlərinə başlanacaq. Həmin məsələlər də Dövlət Proqramına edilmiş əlavələrdə öz əksini tapıb. Onlar üçün Bakı, Sumqayıt və Abşeronda çoxmətəbəli binalar tikiləcək. Bu məsələ Dövlət Proqramına əsasən həll edilir və həmin məsələlər 2012-2014-cü illər ərzində öz həllini tapacaq. Sumqayıtda şəxsi mənzillərdə 300 ailə məskunlaşıb. Onların köçürülməsi ilə bağlı müzakirələr aparılır. Ola bilsin ki, onlar çoxmərətəbli binalarda tam hazır vəziyyətdə olan mənzillərə köçürüldü. Yəni çoxmərətəbəli binalardan mənzillər alınır və həmin məcburi köçkünlər orda yerləşdirilir. Bununla bağlı hələ ki Azərbaycan hökümətində danışıqlar, müzakirələr aparılır.


Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər