TQDK sədri abituriyentlər üçün yeni xəbərlər verdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarını yeni metodla aparmağa hazırlaşır. Modern.az saytının məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildidb.
M.Abbaszadənin sözlərinə görə, 2014-cü ildən ali məktəblərə qəbul imtahanlarının yeni metod əsasında aparılması nəzərdə tutulur.
“Lakin bu barədə hələ heç nə deyə bilmərəm. Qarşıdakı 2 ay ərzində bunla bağlı müzakirələr gedəcək və gəldiyimiz nəticəni ondan sonra ictimaiyyətə açıqlayacağı” - deyə Məleykə Abbaszadə vurğulayıb.
M.Abbaszadə onu da deyib ki, TQDK-nın nəşrlərinin saxtasının hazırlanmasının qarşısını almaq üçün mübarizə apara bilmirlər.
Onun sözlərinə görə, TQDK-nın nəşr etdirdiyi kitablardan daha çox onların saxtaları satılır.
“Hazırda biz bunla mübarizə apara bilmirik. Bunun qarşısını almaq nəşrlərimizi üçün artıq tam fərqli üzlükdə, yeni texnologiyalarla çap edəcəyik. Əgər saxta nəşr hazırlayanlar bunların da saxtasını hazırlaya bilsələr, biz o zaman məsələnin həlli üçün məhkəməyə müraciət edəcəyik”.
Bu gün keçirdiyi mətbuat konfransında M.Abbaszadə “Abituriyent” jurnalının yeni redaktor təyin olunduğunu da bildirib.
“Bundan sonra jurnalın yeni redkatoru Arzu Əliyev olacaq və “Abituriyent” jurnalı ilə bağlı tədbirləri o keçirəcək”.
Məleykə Abbaszadə yeni TQDK nəşrlərinin qiymətinin 1 manat artdığını da vurğulayıb. Bu da onun poliqrafiq nöqteyi nəzərdən, eyni zamanda kağızın keyifyyəti ilə əlaqədardır.
Sədaqət SÜLEYMANOVA