Yeni tədris ilinin başlanması ilə əlaqədər 6 yaşı tamam olan uşaqaların orta məktəblərdə I sinfə qəbulu başa çatmaz üzrədir. Modern.az saytının məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, 2011-2012-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 124 min 274 nəfər altı yaşlı şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Amma bu il orta məktəblərinin I sinifinə gedəcək şagirdlərin bir qismi 6 yaşı tamam olmayanlardır. Artıq onların sayı da məlum olub.
Qeyd edək ki, təhsil naziri Misir Mərdanovun əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumtəhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.
Noyabr ayı ərzində 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilib.
Təhsil Nazirliyindən bildirilib ki, uşaqların tədrisə hazırlıq səviyyəsi 5 formada həyata keçirilib. Bundan ötrü Təhsil Nazirliyi tərəfindən xüsusi psiometrik testlər hazırlanıb. Nəticədə Təhsil Nazirliyinə müraciət etmiş 569 uşaq bu testlər vasitəsilə yoxlamalardan keçib.
6 yaşı tamam olmayan uşaqların orta məktəbə qəbulu “Təhsil haqqında” Qanunda əksini tapıb. Uşaqların yeni tipli təhsil müəssisələrinin 1-ci sinfinə qəbuluna yalnız onların hazırlıq səviyyəsi Təhsil Nazirliyinin müvafiq komissiyası tərəfindən müsbət qiymətləndirildikdən sonra baxıla bilər. Ərizələr hər ilin iyul ayı ərzində təhsil şöbələrində qeydiyyata alınır. Uşaqların seçimi avqustun 15-dək həyata keçirilir. Avqustun 25-dən sentyabrın ilk 10 günlüyünə kimi ikinci mərhələ aparılır.
Modern.az