Qafqaz İslam Ordusunun şanlı əsgər və zabitlərinin əziz xatirəsinə
Arkadaş, yurduma alçaqları uğratma sakın,
Sipər et gövdəni, dursun bu həyasızca axın.
Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,
Kim bilir, bəlkə yarın, bəlkə yarından da yakın…
(Mehmet Akif Ersoy)
***
…Biz millət sevdalısıyıq! Əlimizi-qolumuzu bağlamaq, dilimizdən yüz pudluq daş asmaq, cəsarətimizi küncə sıxmaq olar, fəqət Millətə olan sevgimizə və əsrlərin sınağından qılınc kimi sıyrılıb çıxan ruhumuza kimsə sahib çıxa bilməz…
***
Hər il sentyabrın 15-i yaxınlaşdıqca ötən əsrin əvvəllərində baş verən hadisələr üzərində köklənirəm. Bakının erməni-rus hərbi birləşmələrinin işğalından, Azərbaycan türklərinin zülmdən, istibdaddan, rəzalətdən xilas olunduğu gündən bizi 93 il ayırır. Ola bilsin, tarix üçün bir o qədər də böyük zaman kəsiyi deyil, mənim üçün isə…
…Sanki 1918-ci ildən başlayan bir yolun sonuna varıbmış kimi yorğun-arğın yarıaçıq pəncərəmin daş sütunlarına söykənirəm. Buradan nə Azərbaycan və Anadolu türklərinin birgə uyuduğu qardaş məzarlığı – Şəhidlər Xiyabanı, nə də əbədi məşəl görünür. Yöndəmsiz göydələnlər mənəvi ucalıqların qarşısını bozumtul sükutla kəsərək, nəinki ruhumuzun, hətta gözümüzün belə rahatlıq tapmasına imkan vermir. Tarix daş sütunlar arxasında – uyuyur və ona layiq olduğu dəyərin veriləcəyi günü gözləyir…
…Biz dünyaya müstəqil Azərbaycanda göz açan övladlarımız kimi 50, 100 və ya 1000 il öncə yaşanan gerçəklikləri tarix kitablarından oxumamışıq. Biz – təhrif olunmuş zamanın övladlarıyıq. Hər gün itirilən və itirdiyimiz vaxtın ağ-qara xatirələri korşalmış yaddaşımıza divan tutur. Hələ də ötən əsrin o üzündən ruhumuza tuşlanan güllələrin izi ilə yürüyürük: Bir yanda gerçək tariximizə meydan oxuyan, mifik cizgilərlə bəzədilmiş qəzəb və qan qoxuyan tarix, digər tərəfdə isə Nuru paşaların qan yaddaşımıza divan tutan, yağmalanmış yurd yerlərimizdə tənhalıqdan üşüyən şəhid məzarlarına keşik çəkən didərgin ruhları… Bu bizik – gerçək və qondarma yaddaşımızın yol ayrıcında mürgü döyən söz qəhrəmanları…
Tarix və əbədiyyət
Hər dəfə paytaxtın mərkəzi küçələrinə yolum düşəndə gözüm köhnə tikililərin üzərində qalır. Bakının xilas günündən, tariximizin ən şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətindən bir xatirə nişanı axtarıram… Əvəzində isə kommunist rejiminin məzsunsuz şüarlarının “xatirəsi” ilə qarşılaşıram. Kim bilir, bəlkə də güllə izləridir. Hər halda, bu güllələr nə zamansa cismimizə olmasa da, mənəviyyatımıza, şüurumuza sağalmaz yaralar vurub. Rus qoşunlarını sərhədlərimizdən çıxarsaq da, bolşevizmin və totalitarizmin xofunu hələ də içimizdən qova bilməmişik. Bizim azadlığımızın natamamlıq kompleksinə bürünmüş obrazı və gerçək sərhədi arasındakı məsafə dilimizdən dodağımıza qədərdir. Belə olmasaydı, bu gün Bakının mərkəzi meydanlarının birində Nuru paşanın əzəmətli heykəli ucalardı, Azərbaycan-Türkiyə münasibətlərinin şərəfli tarixi simvolizə olunardı. Ola bilsin ki, kimlərsə bu münasibətlərə rəmzlər və atributlar çərçivəsində yanaşılmasına yetərincə önəm vermirlər.
İqtisadi əlaqələr, enerji layihələri… Neft, yaxud təbii qaz nə zamansa tükənə, iqtisadi əlaqələr isə bazarın diqtə etdiyi yazılmamış qanunların təsiri altında öz istiqamətini dəyişə bilər. Mənəvi bağlılıqlar isə əbədidir. Bu baxımdan da Azərbaycan-Türkiyə münasibətlərində əsas götürülməli olan məqamlar heç zaman unudulmamalıdır: Rəmziləşdirməlidir, ucaldılmalıdır, baş üzərinə qaldırılmalıdır! Bizim bütünlüyümüz ortaq tariximizdən, dilimizdən, mədəniyyətimizdən başlayır. Bu zəncirin bir həlqəsini belə milyardlarla dollarlıq iqtisadi maraqlarla əvəz etmək mümkün deyil.
Azərbaycan-Türkiyə münasibətləri ortaq qəhərmanlıq tariximizə, qurtuluşumuza, qan yaddaşımızın ən dərin qatlarına, İsmayıl bəy Qaspıralıya, Əhməd Ağaoğluna, Əli bəy Hüseynzadəyə, Mehmet Akif Ərsoya, Ənvər paşaya, Nuru paşaya… qayıtmalı və bizi birləşdirən əbədi dəyərlər üzərindən yüksəlməlidir. Bunun üçün də ortaq tariximizi əbədiləşdirmək, bir millət olduğumuzu hər an və hər addımda sərgiləmək lazımdır.
1918-ci ildə öz canları bahasına Azərbaycanın müstəqilliyini bəyannamədən gerçəkliyə çevirənlər Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasının istiqlal şəhidləri, əbədi qəhrəmanlarıdır.
Millət olduğunu dərk edən bir millət üçün İstiqlaldan və bu yolda tökülən qanlardan yüksəkdə dayanan ucalıq yoxdur.