Milli Məclisin payız sessiyasında müzakirə olunacaq sənədlər içərisində «Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi də olacaq. Bu barədə Modern.az saytına parlamentin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova deyib. O, qeyd edib ki, hazırda ölkədə müxtəlif kommersiya xarakterli tibb müəssisələri, özəl klinikalar fəaliyyət göstərir və bəzən bu səhiyyə obyektlərində xəstələrin hüquqları pozulur: “Elə hallar olur ki, pasiyenti nəinki müalicə edirlər, əksinə onu şikəst edirlər. Belə olan halda bu qanun pasiyent üçün pozulmuş hüquqlarının bərpası üçün böyük rol oynayacaq”.
Pasiyentlərin hüquqlarının müdafiəsi ilə bağlı qanunun qəbul olunması bəs həkimlərin məsuliyyətini artıracaqmı? Artıq xəstələr həkimlərin cavabdehsizliyindən əziyyət çəkməyəcəklərmi?
Modern.azın əməkdaşı məsələyə münasibət öyrənmək üçün eyni zamanda tibb elmləri doktoru Adil Qeybulla ilə də əlaqə saxlayıb.
O, bildirib ki, bütün dünyada fəaliyyət göstərəin Həkim Etikası Kodeksi həkimlə xəstə arasındakı münasibətlər sistemini tənzimləyir. Həkim-ekspertin fikrincə belə qanun bizdə də olmalıdır.
“Ancaq bütün dünyada həkim səhvlərini araşdıran çox yüksək ixtisaslı komissiyalar var ki, onlar müvafiq strukturlarda olurlar. Həkimin səhv edib-etməməyi, xəstədə hər hansı ağırlaşmanın həkimin peşəkarlığından və yaxud digər məsələdən baş verməsi yalnız o komissiyanın rəyindən sonra araşdırıla bilər. Mən bu qanun layihəsindən xəbərdaram. Bununla bağlı televiziyada, mətbuatda gedən müzakirələr xeyli narahatçılıq doğurur”.
A.Qeybulla hesab edir ki, hər hansı hadisədə həkimin səhvinin olub-olmamasının hüquq-mühafizə orqanları tərəfindən araşdırılması düzgün deyil. O qeyd edib ki, əgər hər hansı bir xəstə əməliyyatdan sonra ağırlaşıbsa, əmək qabiliyyətini itiribsə və ya ölüm baş veribsə, burada həkimin səhvi olub olmamasını hüquq mühafizə orqanları necə təyin edəcək?
“Hər kəs bilir ki, bununla bağlı xəstə məhkəməyə, polisə, prokurorluğa müraciət edərkən onlar buna çox vaxt təmannalı yanaşırlar. Amma normal ölkələrdə bu cür məsələlərə həkimin peşəkarlıq dərəcəsi ilə qiymət verilir. Əvvəla bu cür hadisələr dünyada geniş yayılmayıb. Ona görə ki, dünyanın əksər ölkələrində peşəkar tibb kadrları fəaliyyət göstərir. Onların aldığı tibbi təhsilin sturukturu elədir ki, orda həkim yüksək ixtisaslı olur, peşəkarlığına güvən var. Eyni zamanda, ölkədə milli səhiyyəyə də inam mövcuddur. Belə halda baş verən hər hansı hadisəyə də adekvat yanaşma olur”.
Həkim-ekspert düşünür ki, bu qanun layihəsi birtərəfli hazırlanıb və burada həkimlərin hüquqlarından ümumiyyətlə söhbət getmir.
“Pasiyentlərin hüquqları necə tənzim olunacaq, həkim səhvlərini kimin dəyərləndirəcəyi ilə bağlı məsələlər qaranlıq qalıb. Hamımız bilirik ki, bizdə bu cür məsələr hüquq-mühafizə orqanlarında necə həll olunur. Mən istəməzdim ki, bu cür məsələr qeyri-obyektiv həll olunsun. Hesab edirəm ki, həkimlə xəstə arasında münasibətləri tənzimləyən, dünyanın əksər ölkələrində fəaliyyət göstərən Həkim Etikası Kodeksi qəbul olunmalıdır. Biz bu kodeksi hazırlayıb 10 il əvvəl Milli Məclisə təqdim etmişik. Yəni onun üzərində işləmək və ya ondan da istifadə etmək olar.
İkinci tərəfdən bu münasibətlər sistemində əmliyyatdan və ya müalicə prosesindən öncə hər bir həkimlə xəstə arasında bir müqavilə imzalanır. Həmin müqavilə hüquqi sənəd xarakteri daşımalıdır. O hüquqi sənəd əsasında sonrakı bütün münasibətlər sistemi müzakirə oluna bilər. Eyni zamanda həkimlərin də fəaliyyətinə qiymət verən yüksək ixtisaslı komissiyalar fəaliyyət göstərməlidir. Həkim səhvi və ya bu təbabətin bu gün öhdəsindən gələ bilmədiyi məsələ olub-olmadığını həmin qurum müəyyənləşdirir və həkimə lazımi ölçü götürür. Onu müəyyən müddət həkimlik fəaliyyətindən uzaqlaşdırır və yaxud cərimə edir, tənbeh edir və s.”.
A.Qeybulla Azərbaycan səhiyyəsini yüksək səviyyədə qurmaq üçün birinci növbədə həkimlərin vəziyyətini yaxşılaşdırmağın vacib olduğunu qeyd edib. O vurğulayıb ki, əgər bizim məmurlar gedib xaricdə müalicə olunursa, yerli səhiyyəni saymırlarsa və Azərbaycanda tibb aid qanun qəbul edirlərsə, bu milli səhiyyəyə hörmətsizlikdir.
“Əgər siz burda müalicə olunmaq istəmirsinizsə, xalq necə müalicə olunmalıdır. Ona görə də bu qanunda sual doğurası xeyli məsələ var. Hesab edirəm ki, bu qanuna jurnalistlər birtərəfli-xəstənin hüquqları prizmasından deyil, ümumi cəmiyyətin indiki durumu ilə bağlı prizmadan yanaşmalıdırlar. Onda yanaşma daha obyektiv olar. Bəli, mən razıyam ki, harda həkim səhvi varsa, onunla bağlı ölçü götürülməlidir”.
A.Qeybulla deyir ki, həkim normal maaş almayınca, cəmiyyətdə sığorta təbabəti olmayınca, həkimlərdən hər hansı formada yüksək müalicə tələb etmək də düzgün deyil. O hesab edir ki, bu günkü konfliktlərin böyük əksəriyyəti həkimlə xəstə arasında olan maliyyə məsələlərin üzərində dayanır və ondan qaynaqlanır.
“Digər məsələr də olur ki, həkimlər düzgün malicə etmirlər, xəstə şikəst olur, gedib başqa yerdə müalicəni korrepsiya etmək üçün xərclər çəkməli olur. Bu cür hallarda var. Amma bu məsələrdə belədir ki, bəzən xəstələrin içərisində elələri olur ki, bu situasiyadan sui-istifadə edirlər. Bilirsiniz ki, bizdə həkimlə xəstə arasında qeyri-leqal ödəmələr var. Amma sığorta təbabəti təsdiq olunsaydı, bu qeyri-leqal ödəmələr olmazdı, münasibətlər daha şəffaf olardı və bu çıxarılan nəticəni effektiv edərdi”.
Adil Qeybulla indiki münasibətlər sistemində bu qanunun təsdiqinin birmənalı olaraq xeyli problemlərə gətirib çıxaracağını bildirib.
“Birinci problem odur ki, heç bir həkim ağır xəsətəyə yaxın durmayacaq. Bəs onda ağır xəstəni hansı həkim müalicə edəcək? Yəni daha çox adminstrativ qaydalar təqdiq oldunduqca burda özünümüdafiə indeksi ortaya çıxır. Bunu da nəzərə almaq lazımdır. Mən hesab edirəm ki, pasiyentlərin hüquqlarının müdafiəsi ilə bağlı qanunun qəbulu hələ məsələnin həlli demək deyil”.
Aytən ƏLİYEVA