Modern.az

Misir Mərdanovun hər üç müavini işdən çıxarıldı

Misir Mərdanovun hər üç müavini işdən çıxarıldı

14 Sentyabr 2011, 18:03

Modern.az saytı xəbər verir ki, Azərbaycan təhsil nazirinin müavinləri vəzifələrindən azad ediliblər.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin APA-ya verdiyi məlumata görə, nazir müavinləri İradə Hüseynova, Elmar Qasımov və İsgəndər İsgəndərov prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunublar.

Nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzov nazir müavini təyin olunub. Digər iki müavin yeri isə hələlik boşdur.

Modern.az saytının məlumatına görə, 13 ildir (1998-ci ildən) Azərbaycan Respublikasının təhsil sahəsinə rəhbərlik edən nazir Misir Mərdanovun müavinləri də uzun müddət idi eyni vəzifəni tuturdular.

Təhsil nazirinin sabiq müavinlərindən biri - İsgəndər İsgəndərov digər keçmiş həmkarlarına nisbətən bir qədər yaşlıdır.
1946-cı ildə anadan olan (65 yaş) İ.İsgəndərov əmək fəaliyyətinə 1968-ci ildə Sumqayıt şəhərində müəllim kimi başlayıb. Sonralar vəzifə kürsüsündə pillə-pillə irəliləyən İ.İsgəndərov 1999-cu ildə təhsil nazirinin müavini təyin olunub. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının idarə heyətinin üzvü olan İsgəndər İsgəndərov Misir Mərdanovdan bir il az - 12 ildir eyni vəzifədə çalışırdı.


Elmar Qasımov təhsil nazirinin digər müavini idi . 1973-cü ildə doğulan Elmar müəllim əvvəlcə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini, 2002-ci ildə isə həmin Universitetin hüquq fakültəsini bitirib.
O da əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1996-cı ildən BDU-nun coğrafiya fakültəsində dərs deyib. O zamanlar BDU-nun rektoru işləyən Misir Mərdanov təhsil naziri vəzifəsinə təyin olunandan sonra Elmar Qasımovu da öz yanına aparıb. E.Qasımov 1999-cu ildən təhsil nazirinin müavini kürsüsündə əyləşirdi. 12 ildir vəzifə kreslosunu dəyişməyən nazir müavini Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Təhsil nazirinin digər sabiq müavini İradə Hüseynova 1963-cü ildə anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2004-cü ildən elmlər doktorudur. Digər iki sabiq həmkarından fərqli olaraq onun nazir müavini kimi iş stajı bir qədər azdır. İradə xanım 2002-ci ildən təhsil nazirinin müaviniydi.
“Əməkdar müəllim” fəxri adına layiq görülən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Bakı Dövlət Universiteti YAP Qadınlar Şurasının sədri olan İradə Hüseynova 9 ildir həm də nazir müavini postunu tuturdu.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər