Modern.az

Bəzi məktəblərdə dərslik problemi yaranıb

Bəzi məktəblərdə dərslik problemi yaranıb

19 Sentyabr 2011, 12:49

Təhsil Nazirliyi: “Üç-beş günə bu problemlər də sahmana düşəcək”

Yeni dərs ilinin əvvəli problemlərlə başlayıb. Valideynlərin şagirdlər üçün vahid məktəbli forması əldə etməsi çətinliyinin ardından məktəblərdə kitab çatışmazlığı ortaya çıxıb.

Modern.az-a daxil olan məlumata görə, Bakıda bir sıra məktəblərdə şagirdlərə, əsasən də bu il məktəbə gedən birincilərə dərsliklər verilməyib və valideynlər öz xərcləri ilə kitab almağa məcbur olublar.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Modern.az-a açıqlamasında bildirib ki, məktəblərdən şagirdlərə kitab verilməyə bilməz. O qeyd edib ki, hər bir məktəbə şagirdlərin sayına görə kitab verilir: “Ümumiyyətlə, dərsliklər 4 il istifadə üçün nəzərdə tutulub. 2008-ci ildə bütün kitablar nəşr olunub. 2010-cu ildə əlavə olaraq 45 faiz dərslik nəşr olunub. Bizim kifayət qədər ehtiyat kitablarımız var. Bu səbəbdən şagirdələrə kitab paylanılmaması məlumatı düzgün deyil”.

F.Şahbazlı xüsusilə ibtidai siniflər üçün lazımi qədər ehtiyat kitabların olduğunu vurğulayıb. Hətta o bildirib ki, nazirlik Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də kifayət qədər əlavə dərslik verib ki, çatışmazlıq olanda valideynlər şagirdlər üçün kitabları ordan götürə bilsinlər.

“Ola bilsin ki, hər hansı məktəblərdə çatışmazlıq yaranır. Bəli, bu, mümkündür. Amma bununla bağlı ilk olaraq məktəbdə direktor müavinlərinə, direktorlara, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edilməlidir. Xüsusilə, birinci siniflərlə bağlı problemlər olmamalıdır. Çünki ehtiyat kitablarımız kifayət qədərdir. Bundan əlavə, biz Bakı Şəhəri üzrə Təhsil İdarəsinə kifayət qədər əlavə dərsliklər vermişik ki, çatışmazlıq olanda valideynlər şagirdlər üçün kitabları ordan götürsünlər”.

Şöbə müdiri ölkə üzrə məktəblərə paylanılan kitabların şagirdləri tam ödədiyini qeyd edib. Faiq Şahbazlı bildirib ki, kitablar məktəblər üçün şagird kontingenti nəzərə alınaraq çap olunur: “Ola bilər ki, bir məktəbdə keçən il 100 şagird olub. Amma bu il 65 şagird artıb və kitab problemi yaranıb. Bu daha çox şagirdlərin bir məktəbdən digərinə getməsi ilə əlaqədar olur. Bu zaman biz bildiririk ki, məktəb həmin şagirdin sənədləri ilə yanaşı, onun kitab ehtiyatını da getdiyi yerə göndərməlidir ki, məktəbdə problem yaşanmasın. Dərs ili yeni başlayıb. Əminəm ki, 3-5 günə bu problemlər də sahmana düşəcək”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər