Modern.az

“Rusiya fəallaşıb, ABŞ və Fransanın səsi çıxmır...”

“Rusiya fəallaşıb, ABŞ və Fransanın səsi çıxmır...”

21 Sentyabr 2011, 12:23

Fransa prezidenti Nikola Sarkozinin gələn ay Cənubi Qafqaza nəzərdə tutulan səfəri politoloqlar tərəfindən müxtəlif şəkildə dəyərləndirilir.

Bu məsələ ilə bağlı ziddiyətli fikirlər səsləndirilir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a  bildirib ki, Fransa prezidenti Sarkozinin Cənubi Qafqaza səfəri öz maraqları baxımında üç aspektdən ona önəmlidir: “Birinci səbəb ondan ibarətdir ki, vaxtilə Gürcüstanda savaş zamanı, 2008-ci ildə, Fransa vasitəçi olmuşdu. İndiyə kimi guya, bu vasitəçilik funksiyasını üzərində daşıyır. Amma bu vasitəçilikdən Gürcüstan narazıdır. Çünki razılaşdırılan bəndlər yerinə yetirilmədi. Məsələn, təmas xəttindən Rusiya qoşunları çıxarılmalı idi, digər məsələlər də var. Ona görə ola bilsin ki, Gürcüstanla bu məsələlər ətrafında yenə də fikir mübadiləsi olsun”.

Politoloq deyib ki, digər iki məqam ondan ibarətdir ki, Fransa ATƏT-in  Minsk qrupunun həmsədridir: “Hardasa aktivliyini nümayiş etdirməlidir. Çünki Avropa Birliyinin iki ən aparıcı dövlətindən biridir.  Biz görürük ki, Minsk qrupunda son illər Rusiya daha çox fəallıq nümayiş etdirir. ABŞ və Fransadan heç bir səs çıxmır, halbuki, hər ikisi həmsədrdir. Düşünürəm ki, ola bilsin Rusiyanın vasitəçilik fəaliyyətinin nəticəsiz qalması fonunda Fransa bir qədər fəallaşmaq istəyir. Bu o demək deyil ki, Rusiyanı sıxışdıracaq və ya Qağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təklif irəli sürəcək. Amma hər halda səfərdə “biz də varıq, biz də bu məsələ ilə ciddi maraqlanırıq” məqsədi var.

Nəhayət, üçüncü səbəb: Fransada prezident seçkiləri yaxınlaşır. Görünür, Sarkoziyə də gələcəkdə yenidən erməni lobbisinin səsləri lazım ola bilər. Bu baxımdan Ermənistana səfər etməklə sanki bu lobbinin dəstəyinə ümidli olmuş olur”.

Elxan Şahinoğlu səfərdən elə də ciddi nəticə gözləmir. Onun sözlərinə görə, bu səfərdən Sarkozi yalnız öz maraqları üçün istifadə etməyə çalışacaq.  

Bütün Qərb ölkələri Cənubi Qafqaz deyəndə yalnız Gürcüstanı düşünürlər. Bunun səbələrini politoloq belə əsaslandırıb:

“Konkret misallarla bunu sübüt edə bilərik. Dünyanın aparıcı xəbər agentliklərinin baş ofisləri Tiflisdə yerləşir. Amma bunun obyektiv səbəbi də var. Azərbaycanla Ermənistan savaş vəziyyətindədir və münaqişənin həlli hələ də uzanır. Gürcüstanın həm Azərbaycanla münasibətləri yaxşıdır, həm də Ermənistanla münasibətləri pis deyil. Əslində, bu savaş Gürcüstanın işinə yarayır ki, Gürcüstanı Qərb dövlətləri, o cümlədən Fransa bu rolda qəbul etsin. Əgər Azərbaycan və Ermənistan arasında normal münasibətlər olsaydı, düşünürəm ki, əsas mərkəz Azərbaycan olardı. Çünki həm əhalisinin sayına görə, həm siyasi və iqtisadi potensialına görə həqiqətən də bölgənin lider dövlətidir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər