Modern.az

Məhkəmə-Hüquq Şurasının üzvündən inzibati hakimiyyət orqanlarına çağırış

Məhkəmə-Hüquq Şurasının üzvündən inzibati hakimiyyət orqanlarına çağırış

27 Sentyabr 2011, 14:59

Bu ilin əvvəlindən etibarən Azərbaycanda inzibati məhkəmələrə 3 minə yaxın iddia qəbul edilib. İddiaların sayı aybaay artmaqda davam edir. Bunu Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov inzibati məhkəmələrin fəaliyyətinə həsr olunan "İNZİBATİ ƏDALƏT MÜHAKİMƏSİ: TƏCRÜBƏ VƏ PROBLEMLƏR" adlı XVIII beynəlxalq seminardakı çıxışında bildirib. 

 Modern.az xəbər verir ki, A.Cəfərov “İnzibati məhkəmələrə müraciətlərin sayı stabil olaraq aybaay artır. Məsələn, yanvara nisbətən məhkəmələrə şikayətlərin miqdarı bu ilin aprelində 3 dəfə artıb. Baxılan şikayətlərin 78 faizi təmin olunub və icra orqanlarının qərarları qanunsuz elan edilib”-deyə qeyd edib.

Məhkəmə Hüquq Şurasının üzvü hesab edir ki, bu göstərici  əhalinin inzibati ədliyyəyə artan etimadından xəbər verir: “İnsanlar pozulmuş hüquqlarının bərpasına məhz bu məhkəmələrdə inanırlar. Təsadüfi deyil ki, hər 9 mübahisədən biri üzrə məhkəmə baxışı dayandırılıb. Çünki mübahisələndirilən qanun pozuntusu elə məhkəmə prosesi zamanı aradan qaldırılıb. Deməli, məhkəmələrin qərarı məhz konkret işə deyil, həm də icra hakimiyyətinin gələcək fəaliyyətinə də təsir edir”.

Şura üzvü bildirib ki, inzibati ədliyyənin tətbiqi Azərbaycanda hüquqi stabilliyin təmin olunmasına yardım göstərəcək: “Bu, təkcə vətəndaşlar tərəfindən yox, həm də investorlar tərəfindən qiymətləndirilən faktdır. Amma inzibati məhkəmə yalnız vətəndaşı dövlətdən qoruyan yer deyil, həm də qanun çərçivəsində fəaliyyət göstərən məmurun müdafiə sistemidir”.

Azər Cəfərov inzibati hakimiyyət orqanlarını məhkəmə sorğularına daha diqqətlə yanaşmağa çağırıb: “Təcrübə göstərib ki, ən böyük təhlükə inzibati hakimiyyətdən gəlir. Bu baxımdan, inzibati orqanların qərarlarının mübahisələndirilməsinə imkan verən məhkəmələrin yaradılması çox vacib addım idi”.

A.Cəfərov son illər ümumilikdə məhkəmə-hüquq sistemində də aparılan islahatlardan danışıb.  Dediyinə görə, son 5-6 ildə Azərbaycanın məhkəmə hüquq sistemində köklü islahatlar aparılıb. Regional məhkəmələrin sayı artıb. Həmçinin son 5-6 il ərzində hakimlərin sayı da təxminən 2 dəfə artıb. 80 faiz məhkəmə işçilərinin sayı artıb.  Hakimlərin köməkçilərin ştatı da yaradılıb. 2000-ci ilə nisbətən hakimlərin maaşı 30 dəfə  artıb.

A.Cəfərov deyib ki, hakimlərin Avropa standartları ilə seçimi aparılır ki, indi hakim korpusunun yarısı məhz bu üsulla seçilib. Bu bütün məhkəmə sisteminin infrastrukturunun köklü surətdə dəyişdirilməsi deməkdir. Yeni məhkəmə binaları və kompleksləri  tikilir. Texnologiyaların tətbiqi işi də təkmilləşdirilir. Bunun köməyilə vətəndaşlar hətta interaktiv rejimdə məhkəməyə müraciət edə biləcəklər.

Seminar Azərbaycan Hüquqşünasları Konfederasiyası, Beynəlxalq Hüquqşünaslar İttifaqı, AR Məhkəmə-Hüquq Şurası, Almaniya Federal Ali Məhkəməsinin hakimlər və prokurorlar Assosiasiyası Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.

 

 

Fərəh Sabirqızı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər